Gürcüstanda yas dünən və bu gün
Gürcüstanda dünyanın bir çox ölkələrində olduğu kimi, insanın ölümü və dəfnini müşayiət edən müxtəlif mərasimlər var. Onlar müxtəlif zaman və dövrlərdə yaranıb və formalaşıb.
JAMnews-un müəllifi Levan Sebiskveradze müxtəlif ənənələr və onların xüsusiyyətləri barədə danışır.
Məşhur italyan missioneri Arkanjelo Lamberti XVII əsrdə gürcü (daha doğrusu, meqrel) ehsan süfrəsini aşağıdakı kimi təsvir edib:
“Dəfndən sonra hamı mərhumun evinə qayıdır, orada onları şam yeməyi gözləyir. Süfrə arxasında ən yaxşı yer mərhuma dua oxuyan keşişə verilir. Yemək bol, amma ətsiz olur, bir hissəsini qonaqlar özləri ilə gətirir.
Çaxır bol olur. Amma ehsanda iştirak edən keşiş əlinə çaxır badəsini almayana, aşağı səslə mərhumun xatirəsinə dua oxumayana və badədən bir az çaxırı yerə tökməyənə qədər heç kim çaxıra əl uzatmır.
Bu, süfrə arxasında beş-altı dəfə təkrar olunur, bu zaman mərhumu heç kim yada salmır və süfrə arxasında oturanlar vaxtlarını kifayət qədər şən keçirir. Şam yeməyinin bitməsi dəfn mərasiminin bitməsi deməkdir”
Təsvir olunanların böyük hissəsi bu gün də dəyişməz qalır. Amma bu günə gəlib çıxmayan adətlər də var.
Ağı deyən qadınlar və “tavi kasi”
Təxminən 20 il əvvəl Qərbi Gürcüstanda, əsasən də Same00qrelo regionunda ağı deyən qadınlar dəvət etmək adəti varıydı. Adətən bu, ustalıqla çox dərdli olduğunu göstərə bilən orta yaşlı və hətta qoca qadınlar idi. Onlar haqqında əfsanələr indi də yaşayır.
Onlar arasında ən “populyar” olanlar qəsdən dırnaqlarını uzadır və dərdlərini göstərmək üçün üz-gözlərini cırmaqlayıb, dayanmadan hönkürtü ilə ağlayırdılar. Bu ağ deyən qadınların xidmətləri çox baha olub.
•Azərbaycanda ölüm: qiymətlər, mərasimlər, qaydalar
•Ye, dua et, iç – Gürcüstanda pasxa ənənələri
•Gürcüstanda şüşə çaxırı mədəniyyəti nə vaxt və niyə yoxa çıxmağa başladı
Ağı deyən qadınlardan fərqli olaraq, qeyri-rəsmi “tavi kasi” vəzifəsi hələ də durur, bu, cənazə duası, dəfn və ehsanı özündə birləşdirən bütün yas dövründə işləyən menecer tipidir. Adətən “tavi kasi” müəyyən texniki və təşkilati məsələləri asanca yoluna qoya bilən hörmətli qohum və ya qonşu olur.
Adətən ehsan ya mərhumun evində, ya da kəndlərin və ya kiçik şəhərlərin mərkəzi yerlərində verilib. Son on illərdə ehsan süfrələri mərasim evlərində və ya restoranlarda açılır.
Amma “tavi kasi” rolu və funksiyaları hələ yaşayır. Bu gün məhz bu adam (bəzən hətta mərhumun ailəsi ilə razılaşdırmadan) qəbrin harada olacağı, hansı tabutun sifariş olunacağı, itki üz verən ailəyə kömək üçün pul yığmaqla kimin məşğul olacağı, ehsan süfrəsinin harada açılacağı və s. ilə bağlı qərar qəbul edir.
Gürcüstanda adətən bir il yas tutulur. Həm də “qırx mərasimi” olur, yəni dəfndən 40 gün sonra ailə daha bir ehsan süfrəsi açır, bu ehsan dəfndən dərhal sonra açılandan daha zəif olur, bütün bu məsələləri də “tavi kasi” tənzimləyir.
“Ehsan çaxırı” sindromu
Gürcülərin çaxır istehsalının qədimliyi və çaxır içmə mədəniyyətləri ilə qürrələnməsinə baxmayaraq, ölkədə texnologiyaların pozulması və daha böyük həcm əldə etmək üçün su və şəkərin istifadəsi ilə hazırlanan keyfiyyətsiz çaxır da az deyil. O, sovet “planlı təsərrüfat” dövründə yaranıb.
Bu, pis və zərərli “ənənə” qonaqların çox olduğu toy və ehsan süfrələrində istifadə olunur. Saxta çaxır hətta başqa ad da alıb – “ehsan çaxırı”, bu da saxta, ucuz, ancaq şərti olaraq çaxır adlandırıla bilən içki mənasını verir.
Çox vaxt böyük qonaqlıqların təşkilatçıları məhz çaxırda qənaət etmək qərarını veriblər, nəticədə də bütün qonaqlıq mənasını itirirdi. Çaxırdan başı çıxan adamlar üçün adamları kefləndirmək vəzifəsi çətin bir işə çevrilirdi.
Ehsan süfrəsinin tamadası adətən Gürcüstanda qəbul olunan çaxır içmək qaydalarına riayət edir və məhdud sayda tost söyləyir. Əvvəllər tostlar tək sayda olmalı idi – üç (bəzən yeddi). Adətən tostlar mərhumla bağlı xatirələrə həsr olunub və eyni zamanda həyatın davamı ilə simvolik əlaqəni nəzərdə tutub.
Gürcüstanda ehsan – teatrallıq və rəqabət
Gürcü yas mərasimləri demək olar ki, həmişə yüksək səviyyədə keçirilib və demək olar ki, həmişə “teatrallaşdırılıb”. Gəlinlər dünyasını dəyişən (və bəlkə də həyatda ikən sevmədikləri) qaynananı daha ucadan və daha qəşəng ağlamaqla bağlı yarışa çıxır, imkanlı qohumlar itki üz verən ailəyə verdiyi pulun məbləği ilə yaxınlığını vurğulayır – pul nə qədər çox olsa, qohumluq əlaqələri də guya o qədər möhkəmdir.
İtki üz verən ailə ilə hər hansı əlaqəsi olan adam hətta mərhumu şəxsən tanımasa da başsağlığı verməyə çalışır. Əvvəllər əsas nəqliyyat vasitəsi atlar olanda bu, çətin idi – hansısa yüksək dağlıq kəndinə və ya bir regiondan başqa regiona gedib çatmaq heç də həmişə alınmayanda, hətta iki qonşu kənd arasında əlaqə müxtəlif səbəblər üzündən pozulanda bunu etmək çətin idi. Bu gün bu, xeyli daha çətindir.
Bu səbəbdən də dağlarda (misal üçün, Svaneti regionunda) yas mərasimləri bir neçə günə uzanırdı ki, qohumlar dəfnə gəlib çata bilsin. Təəssüf ki, bu gün də bəzi kəndlərə və yaşayış məntəqələrinə gedib çatmaq asan deyil.
Məhz buna görə də Gürcüstanın bəzi guşələrində uzaqdan gələn qonaqları qəbul etmək adəti var, onları xüsusi olaraq onlar üçün açılan süfrə arxasında qəbul edir və bununla xüsusi olaraq “tavi kasi” adamlar məşğul olurdu.
Təbii ki, gürcü ənənələrinə görə, bu qonaqları təkcə yeməyə deyil, həm də çaxıra qonaq edirdilər, qəbul edənlərin özləri də qonaqpərvərlik qaydaları üzrə, “uzaqdan gələn” qonaqlarla birlikdə süfrə arxasına əyləşirdilər. Nəticədə İmereti, Sameqrelo, Açara, Quriya regionlarında dəfələrlə belə hallar olub ki, artıq dəfn vaxtı ayıq adam qalmırdı.
Bəzən də belə olurdu ki, qəbiristanlığa gedib çıxmaq çətin olan yüksək dağlıq kəndlərində kefli adamlar yolunu azır, hətta cənazəni elə bir dərin quyuya salırdılar ki, oradan heç diri adamı çıxarmaq mümkün deyildi, nəinki cənazəni.
Bu gün Gürcüstanda dəfn ənənələri sanki “standartlaşdırılıb” və Kartli və Kaxeti regionlarındakı kimi yas qurulur – ehsan süfrəsi ancaq ölü dəfn olunandan və yas mərasiminin bütün iştirakçıları qəbiristanlığı tərk edəndən sonra açılır. Orada ancaq qəbirqazanlar qalır, onları da mərhumun qohumları yemək və çaxıra qonaq edir.
Hər bir qəbirqazan xüsusən də iri şəhərlərdə həftədə bir neçə adam dəfn etməli və bir o qədər də gətirilən yemək və çaxıra qonaq olmalı olur. Bu da uzun illər boyu davam edir. Buna görə də Gürcüstanda ayıq başlı qəbirqazan tapmaq demək olar ki, mümkün deyil.