Əvəzində isə şərabı ayaqqabıdan, tüfəng lüləyindən və novalçadan içməyə başlayıblar" />

Gürcüstanda butulka şərabı mədəniyyəti nə zaman və niyə yoxa çıxıb?

Əvəzində isə şərabı ayaqqabıdan, tüfəng lüləyindən və novalçadan içməyə başlayıblar

REUTERS/David Mdzinarişvili

Gürcülər öz ölkələrini fəxrlə “şərabın vətəni” adlandırırlar. Amma bu gün şərabla bağlı olan bir çox ənənələr buna şübhə yaradır.

JAMnews-un müəllifi Levan Sebiskveridze gürcü şərabının sovet dövründən bu günə qədər keçdiyi yol, Gürcüstanda şərab içmək mədəniyyətinin niyə yoxa çıxdığı haqda danışır.

______________

Sovet dövründə gürcü şərabı

SSRİ dövrünü görməmiş gənclər yəqin ki, köhnə gürcü filmlərində də olsa yeyib-içmək səhnələrində süfrənin əsas bəzəyinin müxtəlif ölçü və formalı butulkalara süzülmüş şərab olduğunu görüblər.  

Şərabı gil dolça və ya şüşə qrafinlərə də süzürdülər, amma ənənəvi olaraq ən əsası şüşə butulkalar idi.

Hərçənd, bu, gürcü şərabının çox uzaq keçmişidir.

SSRİ zamanında Gürcüstanda şərab mədəniyyəti böyük dəyişikliklərə məruz qaldı. Sovet dövründə cəld və keyyfiyyətsiz istehsala uyğunlaşdırılmış yeni qaydalar yarandı.

Gürcü şərabı necə məhv olmadı?

Gürcüstanda ən qədim şərab tapılıb  

Əcnəbiləri Gürcüstanda təəccübləndirən doqquz nəsnə

İnsanlar tezliklə köhnə şərabın dadını, istehsal texnologiyasını və içmək mədəniyyətini unutdu.

Sövet dövründə yaranmış ənənələr o qədər kök salıb ki, insanlar onları “qədim gürcü adətləri adlandırır”. Təəssüf ki, çoxları buna bu gün də inanır.

Ən çox gözə dəyən dəyişiklik butulkadan imtina ilə bağlıdır, çünki şüşə butulka şərab istehsalıni bahalaşdırırdı.

Butulka şərabının içilməsi mədəniyyəti tədricən unudulub. Şərabın keyfiyyətinin azalması və bir növ “əldəqayırma” şəraba keçid ardınca onun böyük həcmdə istehlak edilməsinə gətirib çıxarıb.

Həmin zamanlarda şərabı ən müxtəlif, çox zaman isə ağıla belə gəlməyən qablardan içmək ənənəsi yarandı ki, bu da heç vaxt gürcü adətlərinin bir hissəsi olmayıb.

Qədəh əvəzinə qaynananın ayaqqabısı

Ötən əsrin Gürcüstanında nələrdən şərab içilməyib?

Postsovet dövrünün soyuq, qaranlıq və pulsuz illəri – 90-lar xüsusi kreativliklə seçilir.

Bu illərdə şərabı ələ keçən hər bir şeydən – uşaq güvəcindən tutmuş (uşaqların gələcəyinin şərəfinə sağlıq) qaynananın çəkməsinə (anaların şərəfinə sağlıq) qədər.

Ümumiyyətlə ayaqqabı şərab içmək üçün çox populyar “qədəh” idi (bəziləri üçün elə indi də belədir).

Daha ağlasığmaz hallar da olurdu.

Məsələn, Qərbi Gürcüstanın Vani şəhərciyində oturuşmuş ənənəyə görə, ev sahibi əlində şərab dolçası ilə evin damına çıxır və şərabı novalçaya boşaldır, aşağıda dayanan qonaq da ordan içirdi.

Tarixdən şərabın qanköçürmə üçün istifadə olunan tibbi qurğulardan (can sağlığı şərəfinə sağlıq), böyük mal iynəsindən (bolluq şərəfinə sağlıq), hətta tətiyi çəkilmiş tüfəngin lüləyindən (əcdadların şərəfinə sağlıq) içildiyi də məlumdur.

Şalvardan (kişi ləyaqəti şərəfinə), içi oyulmuş qarpızdan, yemişdən və ya boranıdan:

Hətta işləyən blenderdən (dostluq şərəfinə sağlıq).

Gürcü şairi Qoqla Leonidze hekayələrinin birində yazır ki, gəlinin hörüklərini şərab badəsinin içinə salıb, sonra onu içirlər. Bu səhnəni epatajlı içki ənənəsinin başlanğıcı saymaq olar.

Və bu “ənənə” yox olmayıb, bəziləri bu gün də ona müraciət edir.

90-cı illər və “qarajda” süzülmüş şərab

SSRİ dağılandan sonra daha betər oldu.

90-cı illərdə butulkadan şərab istifadəsi mədəniyyəti demək olar ki, tamam yox oldu və bütün ölkə “qarajda süzülən çaxırlara” keçdi. Onu plastmas qablara doldururdular.

Elektrik, pul olmayan ölkədə şərab çox tükədilirdi. Keyfiyyətsiz içki içir və huşunu itirənə qədər sərxoş olurdular. Bu da “gürcü ənənəsinə” çevrilmişdi.

90-cı illərin ortalarında gürcü şərabına heç olmasa zahiri görünüşünü qaytarmaq istəyən bir neçə müəssisə ortaya çıxdı və şərabı yenidən butulkalara doldurmağa başladılar.

Amma SSRİ dağılandan sonra Gürcüstanda şərab butulkaları istehsal edən zavodlar işini dayandırdı. Buna görə də butulkanı Avropadan, Rusiyadan, ya da Ermənistandan gətirirdilər.

Butulkanın geri dönməsi

Bu gün sovet ənənəsi yavaş-yavaş, amma ardıcıl olaraq dəyişir.

Hazırda böyük və kiçik müəssisələr, ailə şərab zirzəmiləri əsasən şərabı butulkada istehsal edirlər.

Şərabçılıq əhəmiyyətli dərəcədə irəliləyib, amma qənaət etmək ehtiyacı hələlik bundan artıq inkişafa imkan vermir. Məsələn, öz istifadəsi üçün şərab hazırlayanlar da demək olar ki, heç vaxt onu butulkalara doldrmur. Bunu onunla izah edirlər ki, butulkaya görə şərabın maya dəyəri bahalaşır. Bu, ləzzətli və keyfiyyətli meyvələri bazarda satmaq üçün hazırlayan, amma özü yeməyə qıymayan kəndliləri xatırladır.

Bu gün Gürcüstanda yalnız bir butulka istehsal edən zavodun fəaliyyət göstərməsi də butulkanın əhəmiyyətinin lazımınca dərk edilmədiyinindən xəbər  verir. Şərabçılıq şirkətlərinin bir qismi bu gün də butulkanı xaricdən almalı olur.

Butulka şərabların istifadəsi ənənəsi əlbəttə ki, məhz Gürcüstana aid deyil, Avropada və Asiyada da atıq əsrlərdir ki, butulkalardan istifadə edirlər.

Əsirlər əvvəl batmış gəmilərdən tapılan şərab ehtiyatları da şüşə qablaşdırmanın bu içkini saxlamaq üçün ən ideal olduğunu təsdiqləyir. Həmin tapıntılar bu gün də istifadəyə yararlıdır, hətta bu cür şərab çox baha dəyərləndirilir.

Restoranlarda şərabın keyfiyyəti əvvəlki kimi pisdir

Şərabçılıq irəliləyir, amma gürcü restoranlarındakı vəziyyət hələ də ürəkaçan deyil.

Son zamanlar Gürcüstanın müxtəlif şəhərlərində açılan şərab barları və ya restoranları gürcü şərabını bəyənənlərin çoxaldığından xəbər verir.

Çox vaxt qonaq-qara üçün yox, özü üçün az-az və tələsmədən içməyə şərab alan adamlara rast gəlmək olur.

Amma sən demə, bu yaxşı tendensiya hələ restoranlarımızın təklif etdiyi  şərabın keyfiyyətinə təsir etməyib.

Quriya, İmereti, Kartli, Sameqrelo, Açara və hətta şərab ənənəsi güclü olan Kaxeti regionlarındakı restoranlarda qonaqlara keyfiyyətsiz şərab verirlər.

Restoran sahibləri “əldəqayırma” ucuz şəraba üstünlük verir, çox vaxt isə özləri qənaət məqsədilə şübhəli keyfiyyətli şərab hazırlayır və müştərilərə təqdim edirlər.

Yenə də məsələ qənaətdədir – bu şərabın öz alıcısı var.

Bizlərdən biri dostu ilə haradasa nahar  etmək istəyəndə, həmişə daha ucuz yer axtarır.

Amma yenə də bir çox restoranlarda (xüsusən də regionlarda) şərabın demək olar ki, içməyə yararlı olmamasını yalnız qənaətin boynuna yıxmaq olmaz.

Son bir neçə ildə iri şərabçılıq şirkətləri restoranlarla eksklüziv məhsul təminatı ilə bağlı müqavilə bağlayıblar.

Müqavilələrin şərtlərinə görə, bu restoranların menülərində yalnız müqavilə bağlanan şirkətin istehsal etdiyi şərab təklif edilə bilər.

Bu cür müqavilələrin ilk növbədə heç bir seçim imkanı qalmayan istehlakçılara ziyan vurmasına baxmayaraq, bir çox restoran sahibləri bu cür şərtlərlə razılaşır, çünki şirkətlər şərabı bazar qiymətindən xeyli ucuz təqdim edir və restoranlar bundan yaxşı gəlir əldə edir.

Ekspertlərdən bir qismi onu da bildirir ki, Gürcüstanda şərab biznesinə oturuşmuş qastronomik adətlər mane olur. Məsələn, qonaqlıqlar zamanı süfrələr çox sayda yeməklə doldurulur.

Gürcülər öz ölkələrini “şərabın vətəni” adlandırsalar da, heç kim yeməyə pul əsirgəmədiyi halda, yaxşı şəraba böyük pullar vermək istəmir.

Halbuki cibinə uyğun olaraq, məsələn, iki-üç növ yemək sifariş verib, yanında keyfiyyətli gürcü çaxırı içmək ən yaxşı variant olardı.

Facebook Comments

More on JAMnews