Gürcüstanda nə zaman və hansı peyvənd vurulacaq? Bu ana qədər məlum olanlar
Görünən odur ki, Gürcüstanda əhali koronavirusa qarşı iki vaksini əldə edə biləcək – Britaniyanın AstraZeneca və Amerikanın Pfizer.
Vaksinasiyanın yazın əvvəlində başlanacağı, kütləvi hal alması isə yayda və ya payızda olacağı ehtimal edilir.
Gürcüstanda vaksinasiyanın başlaması haqda ilk məlumatlar 2020-ci ilin sonunda yayılmağa başlayıb, amma hələ də hansı peyvənddən və nə zaman istifadə olunacağı sualına dəqiq cavab yoxdur.
Üstəlik hökumət və infeksion xəstəliklər üzrə aparıcı mütəxəssislər ziddiyyətli informasiyalar yayırlar, bu da nəinki çaşqınlıq yaradır, həm də əhalinin vaksinasiyaya olan böyük etimadsızlığını daha da gücləndirir.
Pandemiya başlayandan yanvarın 14-ə qədər Gürcüstanda 244 612 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 2 867 nəfəri vəfat edib, 228 359 nəfəri sağalıb. Hazırda 13 360 nəfər yoluxub.
Gürcüstana hansı peyvənd gətiriləcək?
Hökumətin şərhlərindən çıxış eləsək, böyük ehtimalla Gürcüstan əhalisinə AstraZeneca Oksford peyvəndi vurulacaq. Amma bununla əlaqədar konkret qərar hələ qəbul edilməyib.
Səhiyyə Nazirliyi bildirir ki, ölkəyə müəyyən həcmdə Pfizer peyvəndi də gətiriləcək. Səhiyyə naziri Yekaterina Tikaradze bildirib ki, tibb personalının immunizasiyası üçün Gürcüstana bu vaksinin gətirilməsi artıq təsdiqlənib.
● Koronavirus vaksinləri haqda – pandemiyanı yenmək mümkün olacaqmı və nə zaman?
● Azərbaycan koronavirusa qarşı vaksinlə bağlı seçimini edib
İlkin informasiyaya görə, ilk mərhələdə Gürcüstan 100 min dozaya yaxın Pfizer vaksini alacaq.
“Bu mərhələdə biz Pfizer peyvəndi haqda danışırıq, bu da yaxın zamanda digər peyvəndlərin də əlavə olunacağını istisna etmir. Əsasən də biz vətəndaşlarımızın AstraZenecaya çıxışının olacağını gözləyirik”, – nazir deyib.
Səhiyyə naziri Gürcüstanın Çin peyvəndini almaq imkanını nəzərdən keçirdiyi haqda məlumatları təkzib edib:
“Çin vaksini haqda kifayət qədər informasiya yoxdur və zəmanətlər haqda danışmaq çətindir. Buna görə də Səhiyyə Nazirliyi bu vaksini dəqiq nəzərdən keçirmir”.
İnfeksion Xəstəliklər, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin direktoru Tengiz Tsertsvadze “Formula” telekanalına Gürcüstanın iki vaksinin – Britaniyanın AstraZeneca və Çin vaksinlərindən birinin alınmasını nəzərdə tutduğu haqda açıqlamasından sonra çin peyvəndləri haqda danışılmağa başlayıb.
“Çində beş vaksin var və biz onlardan biri haqda danışırıq. Demək istəyirəm ki, Çin vaksininin reytinqi kifayət qədər yüksəkdir”, – Tsertsvadze deyib.
AstraZeneca vaksininə üstünlük verilməsi haqda vaksinasiya üzrə işçi qrupa daxil olan səhiyyə sahəsində ekspert Akakiy Zoidze də bildirib. Onun sözlərinə görə, Gürcüstan yazın əvvəlində 500 min doza Astra Zeneca idxal etməyə hazırlaşır.
Vaksinlər necə gətiriləcək?
Pfizer və ya Moderna peyvəndi çox sayda logistik çətinliklər yaradır. Onların daşınması və saxlanılması üçün -80 dərəcəyə qədər temperaturu təmin edən xüsusi bahalı soyuduculara ehtiyac var.
Gürcüstanda bu cür soyuducular çox deyil. Amma yenə də Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Paata İmnadzenin dediyinə görə, 200 min doza Pfizer almaq imkanı mövcuddur.
Bundan başqa, “Tegeta Motors” şirkəti elan edib ki, Pfizer peyvəndinin gətirilməsi üçün Gürcüstana kömək etməyə hazırdır və keyfiyyətli refrijeratorlu nəqliyyat təqdim edəcək.
İlk növbədə kimlər vaksinasiyadan keçəcək?
Səhiyyə naziri deyir ki, Gürcüstan dünyanın əksər ölkələri kimi davranır – Ümümdünya Səhiyyə Təşkilatının təqdim etdiyi prioritetlərə əməl edir.
İlk növbədə həkimlərə və digər tibb personalına, daha sonra isə həssas qruplara, ilk növbədə xroniki xəstəlikləri olan insanlara və pensiyaçılara peyvənd vurulacaq.
Vaksinasiya nə zaman keçiriləcək?
Səhiyyə Nazirliyi Gürcüstanda ilk peyvəndlərin vurulacağı konkret tarixi açıqlamır.
Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze bildirib ki, kütləvi vaksinasiya yayda və ya payızın əvvəlində keçiriləcək.