Gürcüstanda müxalif deputat girov qarşılığında azad edilib, amma iğtişaş təşkili ilə bağı ittiham qüvvəsində qalır
Tbilisi şəhər məhkəməsi “Milli hərəkat”ın liderlərindən biri Nika Meliyanı pul müqabilində azadlığa buraxıb. Prokurorluq onu 20-21 iyunda iğtişaşların təşkilində ittiham edib.
Deputanın günahı sübuta yetirilsə, o, altı ildən doqquz ilə qədər həbs cəzasına məhkum oluna bilər.
Prokurorluq qəti imkan tədbiri kimi həbs cəzası tələb edirdi, amma məhkəmə onun bu tələbini təmin etmədi. Məhkəmə qərarına əsasən, Meliya 20 gün ərzində 30 min lari [təxminən $10 min] ödəməlidir.
Nika Meliya artıq ikinci gündür ki, ictimaiyyətin diqqət mərkəzindədir. Ona qarşı açılan cinayət işindən sonra parlament onun deputatlıq toxunulmazlığının ləğv edilməsi vəsatəti ilə müraciət etdi. Ancaq bu vəsatət təmin ediləndən sonra prokurorluq məhkəməyə həbs etmək tələbi ilə müraciət edə bildi.
Parlamentdə Nika Meliyanın deputat toxunulmazlığı məsələsi ilə bağlı səsvermə iyunun 26-da baş tutub. Parlament çoxluğu 91 “lehinə” səslə (“əleyhinə” səs verən olmadı) prokurorluğun vəsatətini təmin edib.
Nika Meliyanın həbs edilməsi tələbi ilə prokurorluq məhkəməyə bu gün müraciət edib, amma hakim Temur Qoqoxiya həbs əvəzinə pulun ödənilməsi qərarını verib. Müxalifət hesab edir ki, məhkəmənin yumşaq qərarı qızğın ictimai reaksiya və narazılığın artması ilə bağlı olub.