Gürcüstanda koronavirus xəstələrinin rekord artımı
Sentyabrın 8-də Gürcüstanda Covid-19 virusuna 45 yeni yoluxma halı qeydə alınıb. Bu, Gürcüstanda pandemiya başlayandan ən yüksək göstəricidir. Buna qədər rekord sentyabrın 2-də qeyd olunmuşdu – 38 yoluxma halı.
45 haldan 23-ü Acarıstanla bağlıdır. Bu region Gürcüstan miqyasında artıq “qırmızı zona” elan edilib – Tbilisi İnfeksion Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya deyib və əlavə edib ki, “xəstəliyin yayılması intensiv xarakter alıb və nəzarət imkanı artıq şübhə doğurur”.
Bununla belə, Ezuqbayanın sözlərinə görə, bu mərhələdə Acarıstan karantinə bağlanmayacaq.
“Xəstəliyin nəzarət altına alınması üçün əlavə tədbirlər görüləcək, geniş testdən keçirmə həyata keçiriləcək”, – o bildirib.
Sentyabrın 8-ə olan məlumata əsasən, Gürcüstanda ümumilikdə 1729 koronavirusa yoluxma halı qeydə alınıb. 1321 nəfər sağalıb, 19 nəfər ölüb.