Gürcüstanda cinayət səviyyəsi artıbmı?
Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədəki cinayətlərin statistikasını açıqlayıb. 2018-ci ildə ötən illə müqayisədə cinayətlərin ümumi sayı 54% artıb. İl ərzində cəmi 58 412 qanun pozuntusu olub ki, bu da son illərin təəssüf doğuran rekordudur. Bundan əvvəl ən yüksək göstərici 2013-cü ildə olub – 43 208 qanun pozuntusu. Amma qeyd etmək lazımdır ki, 2013-cü ildə bu qədər yüksək göstərici hesablama metodologiyasının dəyişməsi ilə izah edilirdi.
•Almaniya polisi erməni mafiyasının fəaliyyətini öyrənir
Qeydə alınmış qanun pozuntularının sayının bu qədər çox artması nə dərəcədə qorxuludur? Statistik məlumatlar Gürcüstanda kriminal vəziyyətin çox ağır olduğunu deməyə əsas verirmi? Hakimiyyət və müxalifət bu haqda nə deyir?
Ötən illərin statistikası niyə etibarlı görünmür?
“Gürcü arzusu” 2012-ci ildə hakimiyyətə gələndən sonra statistik məlumatların emalı və onların dərci çox problemli oldu. Daha konkret desək, 2016-cı ilin yanvar ayından sonra DİN-ə Giorgi Mqebrişvilinin rəhbərlik etdiyi dövrdə qurum istənilən statistik məlumatları açıqlamağı dayandırdı. Açıqlama praktikası iki il sonra, yeni nazir Giorgi Qaxariyanın təşəbbüsü ilə bərpa olundu.
Qeyd etmək lazımdır ki, qeydə alınan qanun pozuntularının sayı yaranmış vəziyyəti dəqiqliyi ilə əks etdirmir, çünki bu rəqəmlərdə üstü açılan və ya “əhalinin müraciəti” əsasında qeydə alınan qanun pozuntuları əks olunur. Bu o deməkdir ki, qeydə alınan cinayətlərin aşağı göstəricisi zərərçəkən insanların hüquq-mühafizə orqanlarına etimadsızlığı ilə bağlı olub, yəni zərərçəkənlər polisə müraciət etməyib.
2018-ci ilin əvvəllərindən qanun pozuntularının sayında kəskin artım var. DİN rəhbəri Giorgi Qaxariya bunu onunla izah edir ki, 2018-ci ildən nazirlik statistikanı daha yaxşı göstərmək praktikasından imtina edərək, maksimum gerçək mənzərənin açıqlanmasına keçib, bunun üçün də lazımi islahatlar keçirib. Bunlardan bəziləri birbaşa əhalinin hüquq-mühafizə orqanlarına etimad dərəcəsinin artırılmasına istiqamətlənib. Bütün bunlar qeydə alınmış qanun pozuntularının kəskin artmasına gətirib çıxarıb.
Nəticədə də aydın deyil ki, açıqlanmış rəqəmlər həmin bu etimadın polisə artmasının nəticəsidir yoxsa kriminal vəziyyət pisləşib.
Müxalifətin rəyi
Birləşmiş müxalifət Gürcüstandakı kriminogen vəziyyətlə bağlı öz məlumatlarını dərc edir. Bu məlumatlara əsasən, bu il cinayətkarlığın səviyyəsi 2017-ci illə müqayisədə 60% artıb.
Cinayətlərin üstünün açılmasının faizi azalıb. Müxalifət buna görə məsuliyyəti daxili işlər naziri Giorgi Qaxariyanın üstünə atır. Bundan başqa, müxalifət özünəqəsd həddinə çatdırma maddəsi ilə acılan cinayət işlərinin sayının artmasından narahatlığını ifadə edir. Bu göstərici 170% faiz artıb.
“Cinayətlərin sayı 2017-ci illə müqayisədə 60 faiz artıb. Cinayətlərin üstünün açılması isə 18 faiz azalıb. Özünəqəsd həddinə çatdırma hallarının sayı 170 faiz, özünəqəsd cəhdləri 34 faiz, oğurluqların sayı 89 faiz, qarətlər 30 faiz artıb”, – “Güc birlikdədir” müxalif birliyinin liderlərindən biri Paata Davitaya deyir.
“Siz deyirsiz ki, cinayətlərin sayının artımı kriminal mentallıqla bağlıdır, bəs bu mentallığı kim yaradıb? Bəlkə sizin qeyri-rəsmi hökumətiniz, bəlkə oğru qaydalarındakı kimi, iş adamlarını söhbətə çağıran Bidzina İvanişvili?” – deyə Salome Samadaşvili hakimiyyətə sual verir.
Hakimiyyətin arqumentləri
Hakimiyyət müxalifətin kriminallığın səviyyəsinin artması ilə bağlı fikirləri ilə razı deyil. Müxalifətin suallarına martın 22-də parlamentdə baş nazir Mamuka Baxtadze cavab verib.
Baxtadze “Milli hərəkat”ın liderlərindən biri olan Roman Qotsiridzenin kriminogen vəziyyətin pisləşməsinin “Gürcü arzusu” hakimiyyətə gələndən sonra elan etdiyi amnistiya ilə əlaqədar olması ilə bağlı fikirlərini yanlış adlandırdı. Baş nazirin sözlərinə görə, hökumət üçün əvvəlki hakimiyyətin cinayətkarlara qarşı elan etdiyi “sıfır tolerantlıq” siyasəti yolverilməzdir, çünki “Gürcü arzusu” üçün əsas prioritet insan və insan haqlarıdır.
Daxili işlər naziri Giorgi Qaxariya deyir ki, müxalifətin bəyanatları sırf siyasi kontekst daşıyır və reallıqdan uzaqdır. Onun müavini Natiya Mezvrişvili cinayətlərin üstünün açılması rəqəmlərinə diqqəti çəkib və qeyd edib ki, 2017-ci illə müqayisədə bu göstərici dəyişməyib.
“Gürcü arzusu”nun parlament fraksiyasının sədri Mamuka Mdinaradzenin sözlərinə görə, ağır cinayətlərin sayı azalıb. Bu zaman o razılaşıb ki, məişət zorakılığı ilə bağlı cinayətlərin sayı artıb.
Hakimiyyət nümayəndələri həm də ona diqqət çəkiblər ki, əvvəlki illərdə statistikaya o cümlədən əmlakın korlanması və s. ilə bağlı olan qanun pozuntuları daxil edilməyib. Onların uçotu bu il aparılmağa başlayıb ki, bu da qanun pozuntularının sayının statistik artımına təsir edib.