Gürcüstanda casus ovu: kimləri hədəf alıb və bunun arxasında nə dayanır?
Gürcüstanda casus ovu

Son bir ay ərzində Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti casusluq ittihamı ilə dörd nəfəri həbs edib. Onların arasında Rusiyameyilli fəallar, jurnalist və keçmiş dövlət qulluqçusu var. İşlərə məxfilik qrifi verilib, məhkəmə prosesləri isə qapalı keçirilir.
Həbs olunanların konkret olaraq hansı ölkələrin xeyrinə casusluq etdiklərinə dair rəsmi məlumat yoxdur. Lakin məlumatlar qeyri-rəsmi kanallarla, hakimiyyətə yaxın televiziya kanalları vasitəsilə yayılır. Bu məlumatlara inanılarsa, söhbət həm Rusiyadan, həm də Avropa dövlətlərindən gedir.
Analitiklərin qiymətləndirməsinə görə, bütün bu prosesin hüquqi əsası yoxdur və tamamilə xarici siyasət mesajlarının ötürülməsi, eləcə də siyasi rəqiblərə qarşı daxili mübarizənin tərkib hissəsidir.
Dörd həftədə dörd “casus”
İlk saxlanılan şəxs 27 yaşlı Tamaz Qaqloyev olub. DTX onun saxlanıldığını aprelin 22-də açıqlayıb.

DTX Qaqloyevin hansı ölkənin xeyrinə casusluq etdiyini açıqlamayıb. Lakin hakimiyyətə yaxın “Rustavi 2” və “İmedi” telekanalları söhbətin Rusiyadan getdiyini bildiriblər. DTX-nin məlumatına görə, Qaqloyevə pul müqabilində Gürcüstanın hərbi və hüquq-mühafizə strukturları, strateji obyektləri, körpüləri və avtomobil magistralları barədə məlumat toplamaq tapşırılıb. Eyni iş üzrə daha iki şübhəli Gürcüstan hüdudlarından kənardadır və İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Mayın 5-də casusluq ittihamı ilə daha bir şəxs, maliyyə polisinin keçmiş yüksəkvəzifəli əməkdaşı və hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə məxsus holdinqin sabiq ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Giorgi Udzilauri saxlanılıb. Mayın 8-də hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə dövlət naziri Mamuka Mdinaradze Udzilaurinin “böyük Avropa ölkələrindən birinin” xeyrinə casusluqda ittiham olunduğunu təsdiqləyib.
Mayın 30-da DTX daha iki nəfəri saxlayıb.
Onlardan biri Rusiyameyilli “Avrasiya İnstitutu”nun direktoru Qulbaat Rtsxiladzedir. DTX yenə də onun hansı ölkənin xeyrinə casusluq etdiyini açıqlamayıb. Lakin hakimiyyətə yaxın telekanallarda söhbətin Rusiya və İrandan getdiyi bildirilib.

Rtsxiladzenin Rusiyaya simpatiyası heç kimə sirr deyil. O, 2008-ci ildə əsas narrativi Gürcüstanı müharibəni başlatmaqda ittiham etmək olan internet nəşri yaradıb. Bu yaxınlarda isə Gürcüstandakı anti-Rusiya bəyanatlarını qeydə alan və bu məlumatları “Rusiya qurumları” ilə paylaşan bir institut kimi fəaliyyət göstərəcək “Rusofobiyanın Monitorinqi Şurası” yaratmağı planlaşdırdığını açıqlayıb.
Həmin gün, mayın 30-da casusluq ittihamı ilə İrakli Çixladze də saxlanılıb. Onun siyasi baxışları Rtsxiladzenin mövqeyindən kəskin şəkildə fərqlənir.

İrakli Çixladze Qərb təşkilatları və mediası ilə frilanser kimi fəal əməkdaşlıq edən jurnalistdir. O, Avropa ölkəsinin, ehtimal ki, Fransanın xeyrinə casusluqda ittiham olunur.
İrakli Çixladzenin işi üzrə ittiham versiyası daha konkret formalaşdırılıb. İstintaqın iddiasına görə, o, xarici dövlətin xüsusi xidmət orqanının tapşırığı ilə bir neçə nəfərdən ibarət kəşfiyyat şəbəkəsinə rəhbərlik edib, onların fəaliyyətini koordinasiya edib, həmçinin məlumatların toplanmasını və ötürülməsini təmin edib.
“İmedi” telekanalının jurnalistinin Rtsxiladze və Çixladze ilə bağlı işlərin Rusiya, Polşa, İran və Fransaya aid olub-olmadığı barədə sualına Mamuka Mdinaradze siyahıdan yalnız Polşanı çıxarıb.
İstintaq və hakimiyyət nə deyir
Hazırkı bütün işlərdə əsas maddə eynidir: Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin birinci hissəsi, yəni vətənə xəyanət kimi tövsif edilən casusluq. Günah sübuta yetirilərsə, bu maddə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Prokurorluq Rtsxiladze və Çixladzenin işlərində “birbaşa sübutların” olduğunu bildirir.
Prokuror Elizbar Qozalişvilinin sözlərinə görə, hər iki halda pul alınması, məlumatların toplanaraq ötürülməsi və xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələr təsdiqlənib. O iddia edir ki, toplanmış məlumatlar həm güc strukturlarının fəaliyyəti, həm də Gürcüstanın siyasi və ictimai həyatı ilə bağlı olub.
Hakim komandanın nümayəndələri bildirirlər ki, saxlanılmalar xüsusi xidmət orqanlarının uzunmüddətli əməliyyat fəaliyyətinin nəticəsidir. Hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə dövlət naziri Mamuka Mdinaradze isə izah edib ki, son saxlanılmalar əvvəlki xəbərdarlıqların nəzərə alınmamasından sonra baş verib:
“Dövlət Təhlükəsizliyi Xidməti yalnız xəbərdarlıqlara baxmayaraq, hətta əvvəlki saxlanılmalardan sonra da qeyd olunan istiqamətdə müəyyən fəaliyyətlərini dayandırmayan şəxsləri saxlayıb”.
Vəkillər nə deyir
Bütün işlərə məxfilik qrifi qoyulduğundan vəkillərdən də məlumatların açıqlanmaması barədə iltizam alınıb.
Qulbaat Rtsxiladzenin vəkili Laşa Qolubiani məhkəmə iclasından sonra bildirib:
“Onun xarici dövlətlərin xüsusi xidmət orqanları ilə heç bir əlaqəsi olmayıb və o, heç kimin tapşırığı ilə hərəkət etməyib. Bu şəxs casus deyil. Bir şəxsi casusluqda ittiham etmək və ya bunu sübut etmək üçün iki amil olmalıdır: o, xarici dövlətin tapşırığı ilə hərəkət etməli, o cümlədən məxfi məlumat toplamalı və ölkəyə zərər vurulmalıdır”.
Qolubiani qeyd edir ki, prokuror məhkəmə iclasında özü də “cənab Qulbaatın məxfi məlumatlara çıxışının olmadığını” bildirib. Vəkilin sözlərinə görə, sübut kimi “cənab Qulbaatın ictimai fəaliyyəti” təqdim olunub. O hesab edir ki, saxlanılmanın əsas səbəbi məhz “Rusofobiyanın Monitorinqi Şurası”nın yaradılması ideyasıdır.
İrakli Çixladzenin vəkili Giorgi Gelxauri də bildirir ki, işdə Çixladzeni casusluqla əlaqələndirən sübut yoxdur:
“Bu, çox kədərli faktdır. Çünki belə standartda sübutlarla onlar istənilən şəxsə ittiham irəli sürə, belə çıxıb onun casus olduğunu deyə bilərlər. Bundan sonra isə bizdən məlumatları açıqlamamaq barədə iltizam alırlar, ona görə də heç nə danışa bilmirik və faktiki olaraq müdafiə oluna bilmirik”, – Gelxauri bildirib.
“Balans siyasəti” və “zəmin hazırlığı”
Müstəqil Gürcüstanın tarixində casusluq işləri yeni deyil və bir qayda olaraq, bu işlər Rusiya təhlükəsi ətrafında qurulurdu. Bu da tamamilə məntiqlidir, çünki Rusiyanın Gürcüstanda hər zaman hərbi, kəşfiyyat və siyasi maraqları olub. 2008-ci il müharibəsindən sonra isə bu təhlükə daha da aydın görünməyə başlayıb.
Lakin bu dəfə yeni və fərqli olan odur ki, “Gürcü Arzusu” hökuməti Avropa ölkələrinin xeyrinə casusluqda şübhəli bilinən şəxsləri saxlayır.
Bu, son illərdə Gürcüstan hakimiyyətinin Qərbə münasibətdə ritorikasının kəskin şəkildə sərtləşməsi fonunda baş verir. “Qlobal müharibə partiyası”, “dərin dövlət”, “xarici agentlər”, “Gürcüstanın müharibəyə sürüklənməsi” kimi ifadələr artıq hakimiyyətin gündəlik leksikonunun bir hissəsinə çevrilib. İndi isə bu leksikona ən ağır cinayət-hüquqi damğa olan casusluq da əlavə olunur.
Bu kontekstdə saxlanılmalardan yeni narrativin formalaşdırılması üçün istifadə oluna bilər: Qərb tərəfdaşlığı təhlükəsizlik təminatı kimi deyil, gizli müdaxilə təhlükəsi kimi təqdim edilir.
Müstəqil analitiklər və müxalifət nümayəndələri burada daxili siyasi və xarici strategiya görürlər. Ekspertlərin bir qismi hesab edir ki, Rusiyameyilli fəalların saxlanılması bir növ xarici balans görüntüsü yaratmaq üçün fasad addımdır. Məqsəd hakimiyyətin yalnız “Qərb casuslarını” təqib etməkdə və birtərəflilikdə ittiham olunmasının qarşısını almaqdır.
Psixoloq və istefada olan polkovnik Zurab Mxeidze qeyd edir ki, xarici düşmən obrazının daimi axtarışı siyasi texnologiyaların bir hissəsidir:
“Dövləti daim itaətdə saxlamaq üçün mütləq xarici düşmən tapmaq lazımdır… Düşmən çox güclü və qüdrətli olanda ölkədə baş verən bütün pislikləri onun üzərinə yıxmaq mümkündür. Bu, təsir, texnologiyalar və böyük oyunların ümumi sxemidir”.
Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Şalva Lomidze hazırkı prosesləri sırf siyasi qərar kimi qiymətləndirir. Onun sözlərinə görə, işlərə məxfilik qrifi qoyulması və informasiya vakuumunun yaradılması məqsədli taktikadır:
“Bu, digər şəxslər üçün eyham və göstərişdir… Bu, müəyyən mənada xəbərdarlıqdır ki, belə bir zərurət yaranarsa, onlar sizə qarşı da oxşar addımlar ata bilərlər”.
Lomidzenin fikrincə, hakimiyyət bununla ölkə daxilində rəqiblərini qorxudur və istənilən an onları saxlayıb işə məxfilik qrifi qoya biləcəyini göstərir. Ölkə xaricində isə həm düşmənə, həm də strateji tərəfdaşa vəziyyətə tam nəzarət etdiyini nümayiş etdirir.
Lomidze həmçinin hesab edir ki, burada “balans mövzusu” var. Yəni həm rəqib dövlətlərlə, həm də tərəfdaş ölkələrlə əlaqəli şəxslərin paralel saxlanılması.
Rtsxiladzenin silahdaşı Zaza Davitaya da onun saxlanılmasını “Rusofobiyanın Monitorinqi Şurası”nın yaradılması ilə əlaqələndirir və hesab edir ki, bu proses siyasi balansın süni şəkildə yaradılmasına xidmət edir.
Müxalifətçi siyasətçi Roman Qotsiridze sosial şəbəkədə yayımladığı bəyanatda bu prosesi ümumiyyətlə Moskvanın Kreml tərəfindən hərəkətlərindən narazı qalınan şəxslərin, çox vaxt ikili, Rusiya-Osetiya vətəndaşlığı olan insanların cəzalandırılması üçün yandırdığı “yaşıl işıq” adlandırır:
“Onlara imkan verməyəcəklər ki, guya Rusiyanın casuslarını saxladıqlarını yüksək səslə bəyan etsinlər, ona görə də məlumatı öz telekanalları vasitəsilə sızdırıblar… Buna görə burada təəccüblü heç nə yoxdur”.
Tarixçi və analitik Beka Kobaxidze hazırkı hadisələri hakimiyyət daxilində monopoliyanın qurulması və Rusiya ilə münasibətlər fonunda daha geniş kontekstdə nəzərdən keçirir. Onun qiymətləndirməsinə görə, hakim komandanın siyasəti Gürcüstanı Rusiya məkanı ilə uyğunlaşdıracaq bütün islahatları öz əli ilə həyata keçirməyə yönəlib. Lakin Moskva tərəfindən ərazilərin rəsmi şəkildə yenidən rəsmiləşdirilməsi, yəni Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması tələbi var. Hakim komanda isə informasiya məkanındakı müqavimətə görə bunu yerinə yetirə bilmir.
Kobaxidzenin təhlilinə görə, Kreml uzun illərdir alternativ, daha radikal Rusiyameyilli qütbü gücləndirməyə çalışır ki, bu qruplardan hakim partiyaya qarşı şantaj vasitəsi kimi istifadə etsin. Müvafiq olaraq, Rtsxiladzenin və digər Rusiyameyilli fəalların saxlanılması hakim komandanın bu cinahda tam monopoliyanı qorumaq istəyi ilə bağlıdır. Kobaxidze həmçinin hesab edir ki, Rtsxiladzenin saxlanılmasının real səbəbi onun “rusofobiyanı monitorinq etmək” niyyəti olub. Hakimiyyət buna Daxili İşlər Nazirliyində “nifrət dili”nin monitorinqi üzrə idarə yaratmaqla cavab verib, çünki bu sahədə də nəzarəti itirmək istəməyib.
Siyasi şərhçilər bildirirlər ki, Qərb ölkələrinin ehtimal edilən agentlərinin saxlanılması ilə hakimiyyət “qlobal müharibə partiyası” və xarici qüvvələrin daxili işlərə müdaxiləsi barədə öz narrativini gücləndirməyə çalışır. Bu isə Konstitusiyanın Qərbə inteqrasiya ilə bağlı 78-ci maddəsinə birbaşa ziddir. İşlərin tam məxfiləşdirilməsi isə bu proseslərin dövlət təhlükəsizliyinin möhkəmləndirilməsindən çox, rejimin sabitliyinin qorunmasına xidmət etdiyinə dair şübhələri artırır. Məhkəmə iclasları iyulun sonunadək təxirə salınıb.
Müstəqil Gürcüstanda casuslar
Gürcüstanda xarici dövlətlərin agenturasının ifşası kampaniyalarının uzun və ziddiyyətli tarixi var. Mixail Saakaşvilinin hakimiyyəti dövründə casusluq ittihamı ilə saxlanılmalar yalnız Rusiya Federasiyasının xeyrinə fəaliyyət göstərən şəxslərə aid idi. Rəsmi məlumatlara görə, təkcə Saakaşvilinin hakimiyyətdə olduğu dörd il ərzində (2006-2010-cu illərdə) bu ittihamla 58 nəfər saxlanılıb.
İlk böyük qalmaqal 2006-cı il sentyabrın 27-də Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli zabitlərin saxlanılması ilə baş verib. Bu, Rusiya ilə kəskin diplomatik böhrana səbəb olub. Moskva Gürcüstandakı səfirini geri çağırıb, hava və poçt əlaqəsini dayandırıb, iqtisadi məhdudiyyətlər tətbiq edib. Rusiyanın özündə isə etnik gürcülərə qarşı kütləvi təqiblər və deportasiyalar başlayıb.
Bu dövrün ən səs-küylü əməliyyatı “Enver” əməliyyatı olub. 2010-cu ildə Daxili İşlər Nazirliyi Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli şəbəkənin ifşa edildiyini açıqlayıb. Saxlanılanlar arasında gürcü hərbi pilotlar, iş adamları və Rusiya vətəndaşları olub. İş məxfilik qrifi altında araşdırılıb. 2011-ci ilin iyulunda məhkəmə “Enver” işi üzrə bir neçə təqsirləndirilən şəxsə ağır hökmlər çıxarıb.
Elə həmin 2011-ci ildə casusluq ittihamı ilə tanınmış fotoreportyorlar, o cümlədən hökumət fotoqrafı saxlanılıb. Bu iş qısa müddətdə beynəlxalq və daxili tənqid predmetinə çevrilib və böyük rezonans doğurub. Az sonra fotoqraflar azadlığa buraxılıb.
Saakaşvili dövrünün daha bir rezonanslı işi “Cavaxk” təşkilatının sədri Vaaqn Çaxalyanla bağlı olub. O, 2008-ci ildə saxlanılıb, 2009-cu ildə isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili onu Rusiya xüsusi xidmət orqanlarının “birbaşa rezidenti” adlandırır və Axalkalaki regionundan Rusiya bazalarının çıxarılmasına mane olduğunu bildirirdi.
2012-ci ildə hakimiyyət dəyişdikdən sonra yeni parlament çoxluğu yanaşmanı köklü şəkildə dəyişib. 2012-ci ilin dekabrında parlament 215 nəfərin “siyasi məhbus və siyasi motivlərlə təqib edilən şəxs” kimi tanınması barədə qərar qəbul edib. Bu siyahı əsasında, “Gürcü Arzusu” hakimiyyətə gəldikdən dərhal sonra Saakaşvili dövründə “casusluq” maddəsi ilə məhkum edilmiş şəxslərin əksəriyyətini həbsdən azad edib. Amnistiya aktı ilə “Enver” işi üzrə məhkum edilmiş 11 nəfər, həmçinin Vaaqn Çaxalyan azadlığa buraxılıb. Əvvəlki rejimin apardığı işləri yeni hakimiyyət saxtalaşdırma və siyasi təqib kimi qiymətləndirib.
Daha sonra Gürcüstanda Rusiya kəşfiyyatının fəaliyyəti mövzusu yenidən beynəlxalq medianın diqqət mərkəzinə düşüb. 2022-ci ildə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin keçmiş agentləri Mixail Sokolov və Vsevolod Osipov CNN telekanalına müsahibəsində xüsusi missiya ilə Gürcüstana göndərildiklərini etiraf ediblər. Onların vəzifəsi Rusiyadakı repressiyalardan qaçaraq Gürcüstana köçən rus diasporu daxilində etimad qazanmaq, həmçinin Ukraynadakı müharibə ilə bağlı ictimai əhvali-ruhiyyəni öyrənmək olub.
Bundan başqa, 2022-ci ildə Albaniyada hərbi zavoda daxil olduğu üçün casusluq ittihamı ilə saxlanılan rusiyalı bloqer Svetlana Timofeyeva (Lana Satori) bundan əvvəl uzun illər Tbilisidə yaşayıb. Müxalifətin qiymətləndirməsinə görə, bu, Rusiya vətəndaşlarının ölkədə nəzarətsiz hərəkət etdiyini göstərirdi.
Gürcüstanda casus ovu