Gürcüstan parlamentinin deputatının başını yarıblar
Paylaşmaq
Paylaşmaq
Gürcüstan Parlamentinin binası bu gün “qaynar nöqtə” olub. Əvvəlcə “Vətənpərvərlər Alyansı”nın (Rusiyaya qarşı loyal olan partiya) üzvü Emraz Kvisiani “Avropa Gürcüstanı” (Saakaşvilinin ayrıca partiya yaratmış keçmiş tərəfdaşları) partiyasının lideri Qiqo Bokeriya ilə əlbəyaxa olub. Kvisiani Bokeriyanı “xarici rezident” adlandırıb, su dolu stəkanı və qələmi ona tolazlayıb. Kvisiani bununla kifayətlənmək niyyətində olmayıb, amma “mandatlılar” – parlamentdə asayiş mühafizəsi xidməti onu dayandırıb.
Parlament sədri emosiyaları cilovlamaq üçün fasilə elan etmək məcburiyyətində qalıb.
Parlamentin iclas otağında daha qanlı olaylar baş verib, orada hakim “Gürcü arzusu” partiyasından olan deputatlarla həmin “Avropa Gürcüstanı” partiyasından olan deputatlar münasibətlərini ayırd ediblər. Bir müddət sonra “Avropa Gürcüstanı” partiyasının üzvü, deputat Otar Kaxidzeni otaqdan çıxarıblar. Onun başının yaralandığı məlum olub.
Şahidlərin sözlərinə görə, partiyadaşı Giorgi Kandelakinin atdığı külqabı Kaxidzenin başına dəyib. Külqabı “Gürcü arzusu”ndan Vano Zardiaşvili üçün nəzərdə tutulubmuş, amma Kandelaki hədəfdən saparaq öz partiyadaşını vurub.
Gürcüstan parlamentində davalar elə də nadir hadisə deyil, amma bugünkü insident tarixi ola bilər – hazırkı çağırış deputatları (parlament seçkiləri 2016-cı il oktyabrın 8-də baş tutub) hələ öz aralarında dalaşmamışdılar.