Gürcüstan növbəti dörd il ölkəni idarə edəcək parlamenti seçir
2020-ci il oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkiləri ümumilikdə sakit davam edir. Bir neçə pozuntu qeydə alınıb, əsasən müxalifətdən olan müşahidəçilərin bəzi məntəqələrə buraxılması və büllütenlərin verilməsi proseduruna dəqiq əməl olunmaması ilə bağlı problemlər olub.

Gürcüstan parlament respublikasıdır, buna görə də, bu seçkilər ölkə üçün çox önəmlidir: qələbə qazanan növbəti dörd il ərzində ölkəni real idarə edəcək.
“Gürcü arzusu” iqtidar partiyasının lideri, Gürcüstanın kölgə hakimi hesab olunan oliqarx Bidzina İvanişvili həyat yoldaşı ilə birlikdə səs verdiyi məntəqədən çıxarkən jurnalistlərə deyib:
“Parlamentdəki 150 yerdən ən azı 100 deputat yerini “Gürcü arzusu” qazanacaq. Əhalinin əksəriyyəti ümimbəşəri dəyərlərə sahibdir və buna görə də biz yenə qalib gələcəyik”.

Onuncu çağırış parlament seçilir. Seçki ilk dəfə yeni sistem üzrə keçirilir. Deputatların əsas tərkibi – 150-dən 120-i – siyasi partiya nümayəndələrindən ibarət olacaq (proporsional sistem). Qalan 30 yer 30 birmandatlı dairələrdə qalib gələcək majoritarlar arasında bölünəcək.
Parlamentə daxil olmaq üçün partiya ən azı bir faiz səs toplamalıdır. Partiya bloku ən azı bu bloka daxil olansubyektlərin sayı qədər səs faizi toplamalıdır.
Yeni seçki sistemi 2020-ci ilin yazında, 2019-cu ildə yarım il davam edən kütləvi küçə etirazlarından və hakimiyyətlə müxalifət arasında qərbli diplomatların vasitəçiliyi ilə uzun müddət davam edən danışıqlardan sonra qəbul edilib.
Əsas müxalif qüvvələr seçkiqabağı razılaşma əldə edib və Tbilisidə vahid majoritar namizədlər irəli sürüblər.