Gürcüstanda koronavirus, fövqəladə vəziyyət və fermerlərin etirazı
Gürcüstanda kəndlilərin etirazları güclənir. Fermerlər fövqəladə vəziyyət rejiminin sərt məhdudiyyətləri üzündən məhsullarını sata bilmirlər.
Paytaxt Tbilisi və Gürcüstanın daha üç iri şəhəri – Kutaisi, Batumi və Rustavi karantin altına alınıb. Bunlar isə kənd təsərrüfatı məhsullarının əsas satış bazarıdır.
Bundan başqa, ictimai nəqliyyatın hərəkəti dayandırılıb, fərdi maşınlarda isə yalnız xüsusi icazə ilə hərəkət etmək mümkündür.
Bütün bu tədbirlər koronavirus pandemiyasının daha çox yayılmasının qarşısını almaq üçün həyata keçirilir. Elə yenicə fövqəladə vəziyyət rejimi daha bir ay, mayın 25-ə qədər uzadılıb.
Bu o deməkdir ki, ilk xiyar və kartof məhsulu, təzə süd, pendir, ət qalıb xarab olacaq, fermerlər isə müflis olacaqlar.
Kvemo Kartli regionunda etnik azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun fermerləri xüsusilə pis vəziyyətə düşüblər.
Bu rayon qonşu Bolnisi rayonu ilə birlikdə martın 25-dən daxili epidemiya təhlükəsi səbəbilə ölkənin qalan hissəsindən tam təcrid şəraitində yaşayır.
Aprelin 22-də vəziyyət partlayış həddinə çatıb. Şulaveri və bir neçə ətraf kəndin yüzlərlə sakini öz tərəvəz məhsulunu gətirib düz yolun ortasında dağ kimi qalaqlayıb.
İnsanlar yolu bağlayıb və problemlərinin həll olunmasını, onların aclıq həddinə çatmalarına icazə verilməməsini tələb ediblər.
Etirazçıların sözlərinə görə, onların artıq yemək almağa, bank kreditlərini ödəməyə pulları yoxdur.
Bu etiraz aksiyasından sonra yerli hakimiyyət fermerlərə məhsullarının satışında kömək edəcəyini vəd edib.
JAMnews-a müsahibəsində Marneulidən olan vətəndaş cəmiyyəti fəalı və hüquq müdafiəçisi Samirə Bayramova rayonda nələr baş verdiyi haqda danışıb.
— Niyə insanlar Marneulidə fövqəladə vəziyyət zamanı toplaşmaq qadağasına və yoluxma təhlükəsinə baxmayaraq, etiraz aksiyasına çıxıblar?
— Region bağlanandan və “qırmızı zona” elan ediləndən sonra biz ümid edirdik ki, dövlət bu əraziyə daha çox diqqət yetirəcək. Burada əhalinin 95 faizi özü özünü işlə təmin edən insanlardır. Biz düşünürdük ki, dövlət bunu nəzərə alacaq.
- Gürcüstanda Marneuli şəhəri epidemiya astanasında. Karantinə bağlanan şəhərdə nə baş verir? (foto)
- Gürcüstanın Marneuli şəhərində niyə etiraz edirlər və Gürcüstan müsəlmanlarının rəhbərinin DTX-da dindirilməsi bununla necə bağlıdır?
- Gürcüstanda koronavirus epidemiyası təhlükəsi səbəbilə iki şəhər – Marneuli və Bolnisi təcrid olunub
Əlbəttə, ilk növbədə sağlamlıq vacibdir və biz də son ana qədər çalışırdıq ki, özümüzün və digərlərinin təhlükəsizliyi üçün evdə oturaq.
Amma insanlar gördülər ki, dövlət onlara kifayət qədər diqqət yetirmir.
İnsanlar evlərindən çıxıb nə baş verdiyini soruşmağa başladılar.
Niyə onların yanına həkimlər, özünüidarə əməkdaşları gəlmir? Niyə xüsusi yardımı yubadırlar?
Niyə Gürcüstanda koronavirus epidemiyası ilə bağlı nələr baş verdiyi haqda onların dilində heç bir informasiya verilmir?
Bu regionda yaşayan əhalinin böyük hissəsi gürcü dilini bilmir, bununla bağlı çox problem vardı.
Çoxları bu aksiyadan sonra cərimə olunub. Amma bu, problemin həlli yolu deyil.
Hamı bilir ki, koronavirus nədir, tez-tez əlləri yumaq lazımdır. Amma belə bir sual:
Əlləri yumaq lazımdır – bəs əgər bizim suyumuz yoxdursa?
Marneuli rayonunun əksər kəndlərində su ilə bağlı böyük problemlər var.
Bundan başqa. Küçəyə çıxanda maska taxmaq lazımdır. Maska isə heç yanda satılmır! Bu halda biz neyləməliyik?
Apteklərdən dərman, dezinfeksiya üçün spirt almaq mümkün deyil.
— Bu problem bütün Gürcüstanda mövcuddur. Niyə etiraz məhz Marneulidə baş verdi? İnsanların küçəyə çıxması üçün hansı iqtisadi səbəblər vardı?
— Bu problem ilk gündən vardı – axı indi kənd təsərrüfatı işləri mövsümü başlayıb.
İnsanlar məhsullarını sata bilməyib, onlar meriyaya müraciət ediblər, yardım gözləyiblər. Pomidor, xiyar – axı bunları cəmi iki-üç gün saxlamaq mümkündür.
Bəs süd məhsulları? Fermerlər artıq südü ya yerli sakinlərə, ya da Marneulidəki müəssisələrə təhvil verə bilirlər. Orda isə çox aşağı qiymət təklif edirlər. İnsanlar da razılaşmağa məcburdur.
Yerli sakinlərin rayonu tərk etməyə ixtiyarı yoxdur. Məhsulları Tbilisidən olan distribütor şirkəti rayona girişində neytral zonadan götürməlidir.
Təəssüf ki, şəhər meri və qubernator məsələni elə təqdim eləməyə çalışıb ki, guya aksiya siyasi partiyaların iştirakı ilə təşkil olunub.
Amma onlar adi insanlar olub, yüzlərlə insan, onlar mitinqə öz maşınlarında öz məhsulları ilə gəliblər. Onlar məhz göstərmək istəyiblər ki, bu, siyasi mitinq deyil, orada hər hansı siyasi partiyanın iştirakı olmayıb.
Budur, mənim məhsulum, mən fermerəm. Mən sata bilmirəm və siz, hökumət mənə bununla bağlı kömək etmirsiz.
— Məhdudiyyətlər, o cümlədən də hərəkət və təsərrüfat fəaliyyəti ilə bağlı qadağalar daha bir ay uzadılıb. Marneuli sakinləri mənəvi və maddi cəhətdən daha bir ay bu rejimdə yaşamağa nə dərəcədə hazırdırlar?
— İnsanlar ümid edirdilər ki, aprelin 21-dən sonra yollar açılacaq. İndi problemlər daha da dərinləşdi.
Təəssüf ki, insanlar bu sayda küçələrə çıxanda karantin qaydaları pozulur. Amma onlar həqiqətən çox çətin vəziyyətdədirlər.
“Siz mənə evdə qal deyirsizsə – məgər mən evdə ölməliyəm? Mənim nə suyum var, nə yeməyim. Mən nə etməliyəm?” – insanlar sual edirlər.
Bizim problemimiz ondadır ki, yerli özünüidarə qurumu, dövlət xalqla məsləhətləşmir, soruşmur ki, onlara məhz necə kömək etmək olar.
İnsanlar televizorda görüblər ki, dövlət [Gürcüstan Provoslav] Kilsəsinin [camaatına] küçəyə çıxmağa icazə verib, onlar müxtəlif yerlərdə toplaşırlar. Əgər onların buna haqları varsa, kəndlilərin niyə yoxdur? Onda biz də çıxa bilərik.
Bu, dövlət tərəfindən yaradılan ikili standartlardır və bu, əhalini qanunu pozmağa təhrik edir.
— Marneulidə çox adam cərimə olunub?
– Bəli, xeyli adam. Ancaq mənim kəndimdə – Alqetidə 50 nəfərə yaxın adamın hər biri üç min lari [1000 dollara yaxın] cərimələnib. Amma onların əksəriyyəti hazırda cərimələri məhkəmədə mübahisələndirib, çünki bunu ədalətli hesab etmirlər.