Gürcüstan keyfiyyətsiz koronavirus testlərindən imtina edib
Gürcüstan Çinin “Shenzhen Bioeasy Biotechnology” şirkəti ilə koronavirus testlərinin alınması ilə bağlı müqaviləni ləğv edib. Müqavilə 1 182 500 dollar dəyərində 215 min sürətli testin alınmasını nəzərdə tuturdu. İndi Gürcüstan hökuməti digər şirkətlərlə danışıqlar aparır.
Məsələ orasındadır ki, İspaniyada aparılan tədqiqatlar nəticəsində “Shenzhen Bioeasy Biotechnology” şirkətinin istehsal etdiyi testlərin yalnız 30 faizinin bəyan olunmuş funksiyalara müvafiq olduğu ortaya çıxıb. Eyni zamanda məlum olub ki, bu şirkətin test satışı üçün lisenziyası yoxdur.
Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze vurğulayıb ki, Çin hökumətinin bağışladığı 1000 test başqa şirkətin məhsuludur və onların keyfiyyəti şübhə doğurmur. Nazir bildirib ki, istənilən halda sürətli testlərin nəticələri Luqara laboratoriyasında təkrar yoxlanılır və yanlış diaqnoz istisna edilir.
“Shenzhen Bioeasy Biotechnology” şirkətinə gəlincə isə, nazirin sözlərinə görə, şirkət rəhbərliyi özü nota ilə çıxış edib və keyfiyyətsiz məhsulunu geri çəkib. Gürcüstan hökuməti hətta müqavilədə qeyd olunmuş vəsaiti şirkətin hesabına köçürməyə belə macal tapmayıb.
27 mart səhər saatlarına olan məlumata əsasən, Gürcüstanda 81 nəfər koronavirusa yoluxub. Onlardan 13 nəfər sağalıb. 4505 nəfər karantin altındadır. 247 nəfər isə stasionarda müalicə olunur.
- Koronavirus epidemiyası dövründə boşalmış Tbilisi
- Marneuli və Bolnisidə sürətli testlərdən istifadə etməyə başlayıblar
Pandemiya səbəbilə Gürcüstanda martın 12-dən fövqəladə vəziyyət tətbiq edilib, daxili epidemiya üzündən isə martın 23-dən azərbaycanlıların kompakt yaşadığı Şida Kartli regionunun Bolnisi və Marneuli şəhərləri qapalı elan olunub.