Gülsatanların günü
Əslində iki kateqoridan olan insanlar üçün dərs ili artıq dünəndən, sentyabrın 14-dən başlayıb: məktəbli anaları və gül satanlar üçün.
Güllər
Dünən axşam Elmlər Akademiyasından “Favorit supermarketinə qədər gəzişsəydiz, yolda əlində qızıl gül dəstəsi olan ən azı on qadına rast gələrdiz. “Ağ çiçəyim mağazası qarşısında uzun növbədə gül dəstəsi almaq üçün gözləyən, üzündən qəzəb yağan bu qadınlar qarşınıza çıxacaqdı.
Mağazanın içində də dəhşətli mənzərə vardı. “Kulis arxasından növbəti gül dəstəsi ilə çıxan floristlər yeni müştərilərdən yaxalarını qurtarmağa çalışırdılar. “Mağaza nə vaxt açılır? – sualına cavab olaraq, satıcı “sutka boyu işləyirik! – deyərək, əllərini havada yelləyirdi.
Növbəti gün səhər saat yeddinin yarısı mağaza elə bil qarət olunmuşdu. Bütün işçi heyəti ayaq üstə idi və məktəbli valideynlərinin daha bir yürüşünə hazır vəziyyətdə dayanmışdılar. Bu gecə onların heç biri yatmamışdı. Axı sentyabrın 15-i gül mağazalarının “adi rejimdə iki həftəyə qazandıqları gəliri bir gündə əldə etdiyi vədədir.
Nəqliyyat
İndi bütün məktəblərdə dərslər eyni vaxtda başlamır, buna görə də səhər-səhər şəhərin mərkəzinə bir təhər gəlib çıxmaq olur. Amma yenə də sentyabrın 15-də Bakı nəqliyyatı ilə mübarizəyə təhlükəli düşmən çıxır – bu gün məktəbə hamı gedir. Bu gün dərs ilinin ilk günüdür, buna görə də heç kim xəstələnməyib, heç kim yuxudan gec oyanmayıb və heç kim dərsdən yayınmayıb.
77 saylı avtobus məktəbə bir məhəllə qalmış yolda ilişib qalır. Avtobus sən deyən dolu olmasa da, analar balaları ilə birlikdə dərindən ah çəkərək, qapının ağzında yığışmaq üçün yerlərindən qalxırlar. Avtobus mənzil başına çatana qədər buradaca beş dəqiqə gözləməli olurlar.
Qadınlardan biri ucadan deyir: “Altı nömrəyə minmək lazımıydı.
Əslində isə altı nömrə əsəbi adamların yeri deyil, çünki yeni Baku Bus avtobusları harada gəldi deyil, ancaq dayanacaqda dayanır. 77-nin sürücüsü isə artıq səbri çatmayan sərnişinləri avtobusu saxlamadan, dayanacağa təqribən 20 metr qalmış düşürməyə başlayır.
Rəqəmlər
15 sentyabr Azərbaycanda rəsmi olaraq Bilik günü elan edilib. 2016-cı ildən başlayaraq, yay tətilləri əvvəlki kimi mayın 29-da deyil, iyunun 15-də başlayır.
Azərbaycanda bu il birinci sinfə 157 minə yaxın uşaq gedib.
Bakıda 350-dən çox orta məktəb var, bura kollec və liseylər də daxildir (onlar da dövlət məktəbləri sayılır, amma rayon şöbələrinə deyil, bilavasitə Təhsil Nazirliyinə tabedirlər).
Dərc olunub 15.09.2016