Gəncə şəhərində mütləq görməli olduğunuz 5 yer
Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədir. Şəhərin mərkəzi kiçik olsa da, ərazisi böyükdür. Mərkəz hissəsinin çox səliqəli, qədimi və yamyaşıl aurası var. Gəncənin mərkəzində olduqda, özünü şəhərdə yox, hansısa balaca bir qəsəbədə, yaxud kənddə hiss edirsən. Tarix boyu dəfələrlə işğal olunsa da, hətta adı bior neçə dəfə dəyişdirilsə də, bu günümüzə qədər gəlib çatan Gəncənin ən məşhur turistik yerlərini sizə təqdim edəcəyəm.
Heydər Əliyev parkı
Heydər Əliyev Park-Kompleksi dünyanın ən böyük beş parkından biridir. Ümumi sahəsi 450 hektar olan park-kompleksin əhatə etdiyi ərazidə İncəsənət Muzeyi, Amfiteatr, süni göl yaradılıb. Parkın girişində Zəfər tağı yerləşir. Bu gün Gəncə sakinlərinin və Gəncəyə qonaq gələn insanların əsas istirahət məkanlarından olan parkda bunun üçün hər cür şərait var.
Xan bağı
Xan bağı Gəncənin ən qədim məkanlarından biridir. Şəhərin mərkəzində yerləşir. Əvvəl də qeyd etdiyim kimi, Gəncənin mərkəzi şəhər kimi deyil. Xan bağına daxil olduqda şəhərin bütün səs-küyündən uzaqlaşıb, quşların səsi ilə bəzənən yamyaşıl bağa daxil olursan. Bura Gəncənin elə bir hissəsidir ki, bütün yaş kateqoriyalarına aid insan görə bilərsiniz. Əgər Gəncəyə gəlsəniz, buranı da mütləq ziyarət edin.
Nizami Gəncəvi məqbərəsi
Nizami Gəncəvi məqbərəsi Gəncə şəhərində yerləşir. Hündürlüyü 20 metr olan bu tikili mərmərdən inşa edilib. Məqbərənin həyətində süni göl və heykəltəraşlıq nümunələri mövcuddur.
Aleksandr Nevski kilsəsi
1887-ci ildə tikilmiş bu kilsə hal-hazırda Azərbaycanda ən qədim ikinci xristian məbədidir. Gəncə şəhərinin Nizami rayonunun ərazisində yerləşir. Gəncəyə nə vaxtsa gəlsəniz, dini inancınızdan asılı olmayaraq, bu kilsəni mütləq ziyarət edin. Məbəd Azərbaycan Respublikası tarixi abidələrinin milli reyestrinə daxil edilib.
İmamzadə türbəsi
Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşıb.