Formula-1 Bakıda: startdan dərhal sonra ikiqat qəza
Formula-1 Azərbaycan Qran-prisinin 4-cü mərhələsinin sərbəst yürüşləri insidentlə başlayıb: Britaniyanın “Williams” komandasının pilotu Corc Rasselin bolidi kanalizasiya lyukuna ilişərək qəzaya uğrayıb – Report agentliyi xəbər verir. Maşını aparmağa gələn evakuator kranı isə yerüstü piyada keçidinə ilişib. Kran sınıb və bolidin üzərinə yağ tökülüb.
Yarışlar zamanı kanalizasiya lyuklarını adətən qaynaqlayırlar, çünki şütüyən bolidlərin altındakı aşağı təzyiqə görə lyukların qapaqları yerindən oynayır. Amma Rasselin bolidinin ilişdiyi kanalizasiya lyukunun qapağı qaynaqlanmayıb. Yürüşlər dayandırılıb. Beynəlxalq Avtomobil Federasiyası Bakı trekinin bütün lyuklarını yoxmaq niyyətindədir.
• Formula-1 Azərbaycanın nəyinə lazımdır?
• “Qeyri-turistik” Bakıda foto-gəzinti
Məşhur avtomobil yarışlarının Bakı mərhələsi artıq dördüncü dəfədir ki, keçirilir. Rəsmi versiyaya görə, bu möhtəşəm hadisə ölkənin imici və turizmin inkişafı üçün çox önəmlidir. Şəhərlilər üçün isə bu, artıq alışdıqları narahatlıqlar toplusudur.
Bu il yarışların keçirilməsi üçün Azərbaycan əvvəlki illərlə müqayisədə daha az xərc çəkib. Əsasən reklam büdcəsinin azaldılması hesabına qənaət etmək mümkün olub. Bu haqda yarışların təşkilatçılığı ilə məşğul olan Baku City Circuit şirkətinin nümayəndəsi Nigar Arpadari bildirib.
Turizmin inkişafı
Formula-1 mərhələsinin Bakıda keçirilməsinin əsas üstünlüklərindən biri onun turizmin inkişafına yaxşı təsir göstərməsi hesab olunur. Yarış hesabına Bakı otellərinin demək olar ki, 95 faizi dolur – Azərbaycan Otelləri və Restoranları Assosiasiyasının sədri Samir Dübəndi bildirib.
“Bu tədbir sayəsində Azərbaycan dünyaya yeni turizm destinasiyası kimi açılır. Turistlər yarışmadan əvvəl gəlir və sonra da qalırlar, Azərbaycanın turizm imkanları ilə tanış olurlar. Bu, kübar idman növüdür və onun azarkeşləri də imkanlı insanlardır. Biz onlara yeni turizm məhsulları təqdim etməliyik: söhbət əsasən ölkə regionlarına turlardan gedir”, – Dübəndi deyib.
Çəpərə alınmış mərkəz
Bakıda keçirilən yarışların əsas özəlliyi şəhərin mərkəzi yollarında keçirilməsidir. Yarışlar başlamazdan xeyli əvvəl bir neçə mərkəzi küçə beton arakəsmələr və barmaqlıqlarla çəpərlənir. Bir neçə gün ərzində isə ümumiyyətlə dənizkənarı bulvara çıxış qadağan edilir.
Sosial şəbəkələrdən şərhlər:
“Yarışı niyə şəhərin mərkəzində keçirib, insanların həyatını zəhərə döndərirlər?! Axı kənarda heç kimə mane olmayacaq yerlər doludur”;
“Formula-1-in Bakıda keçirilməsinin yeganə müsbət cəhəti şəhərin mərkəzində maşınların olmaması və insanların piyada gəzməsidir”;
“Bu qəfəslərə görə mərkəz zooparka və ya gettoya oxşayır!”;
“Formula təşkilatçılarına böyük təşəkkür!”.
Baş tutmayan konsert
Yarış çərçivəsində Bakıda britaniyalı müğənni Sem Smitin konserti olmalı idi. Amma son anda məlum oldu ki, o gəlməyəcək. Təşkilatçılar bunu müğənninin səhhətində qəfil yaranan problemlə izah ediblər. Nəticədə Smiti müğənni Cessi Ceylə əvəzləyiblər.
Həmçinin digər bir neçə əcnəbi ifaçının da konserti baş tutacaq. Bütün yarış tətili üçün bilet almaqla yalnız ulduzları izləmək yox, həm də yarışları müşayiət edən bütün əyləncələrə qatılmaq mümkündür.
Bu il yarışın Azərbaycan mərhələsinin keçirilməsi ilə bağlı müqavilə daha üç il müddətinə uzadılıb.
Aprelin 28-ə qədər davam etməli olan yarışlarda hər birində iki pilot olmaqla 10 komanda iştirak etməlidir. Yarış yolunun uzunluğu altı kilometrdən bir qədər çoxdur.