Facebook Azərbaycan hakimiyyətinin “trol fabrikini” bloklayıb
Azərbaycan rəhbərliyinin siyasi məqsədlərinə xidmət edən və ölkədə insan haqlarının pozulmasını inkar edən 589 Facebook akkauntu, 7906 Instagram səhifəsi və 447 akkauntu bloklanıb. Bu trolar Facebook-da reklama 6600 ABŞ dollarına yaxın vəsait xərcləyiblər.
Facebook “Koordinasiyalı və həqiqətə uyğun olmayan davranış” adı altında hesabat dərc edib. Bu hesabatda sosial şəbəkə rəhbərliyi bildirir ki, bəzi ölkələrdə “trol fabriki” akkauntları bloklanıb. “Bu gün bizim bölüşdüyümüz şəbəkələrdən yarısından çoxu öz ölkələrinin daxili auditoriyasına hədəflənib və onların çoxu ABŞ, Myanma, Rusiya, Nigeriya, Filippin və Azərbaycandakı siyasi fəal tərəflərlə bağlı olan qruplarla və ayrı-ayrı şəxslərlə əlaqəlidir”, – hesabatda deyilir.
• Gürcüstanın Twitter-ə hücumu. Tədqiqatçılar hökumətyönlü “troları” aşkarlayıblar
“Biz koordinasiyalı həqiqətə uyğun olmayan davranış sərgiləyən Facebook-da 589 akkauntu, Instagram-da 7906 səhifəni və 447 akkauntu silmişik. Bu şəbəkə Azərbaycanda əmələ gəlib və ilk növbədə daxili auditoriyaya yönəlib”, – Facebook rəhbərliyi hesabatın Azərbaycanla bağlı hissəsində qeyd edib.
Vurğulanır ki, sözügedən şəbəkə əsasən Azərbaycan dilində, o cümlədən də rus və ingilis dillərində fəaliyyət göstərib: “Onların şərhləri çox vaxt yerli və regional xəbərlərlə və hadisələrlə, ümumi siyasətlə, hökumətin siyasəti ilə, Ermənistan və Azərbaycan arasındakı gərginliklə, Ermənistanın Dağlıq Qarabağdakı ötən eskalasiya zamanı davranışı ilə, prezident İlham Əliyev və Yeni Azərbaycan Partiyasının təriflənməsi ilə, müxalif partiyaların və liderlərin tənqidi ilə, onlara qarşı xəyanət ittihamları ilə və Azərbaycanda insan haqlarının pozulmasının inkarı ilə bağlı olub”.
Hesabatda deyilir ki, 33 minə yaxın akkaunt Facebook-da artıq bloklanmış bir və ya bir neçə səhifəyə, 242500 akkaunt isə Instagramda bir və ya bir neçə belə səhifəyə abunə olub. Bu akkauntlar reklama 6600 dollara yaxın vəsait xərcləyib, ödənişləri də əsasən ABŞ dolları ilə ediblər.
Hesabatda Azərbaycan hakimiyyətinin “trol fabrikinin” “imzasının” aşkar göründüyü bəzi statusların skrinləri də təqdim olunub.