Ermənistanda seçkilər – böhrandan mümkün çıxış yolu
Gözlənilən parlament seçkiləri hakimiyyətin bütün problemlərini çözəcəkmi, Ermənistanda siyasi böhran bitəcəkmi, seçkilərdən sonra vəziyyət necə inkişaf edəcək, Ermənistanda partiya sistemi nə dərəcədə bərqərar olub?
JAMnews-un suallarını politoloqlar cavablayıb:
• Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan;
• Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Ruben Mehrabyan.
Qısaca desək, hər ikisi Ermənistanda siyasi sistemin hələ bərqərar olmadığı fikrində uzlaşır, amma ölkədə mövcud hakimiyyəti və siyasi böhranın çözüm perspektivini müxtəlif cür dəyərləndirirlər. Əvvəlcə ümumilikdə yaranmış vəziyyəti qısa şəkildə təqdim edirik.
Ermənistanda siyasi böhran
Ermənistanda dekabrın əvvəlində növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, Ermənistan parlament idarə üsuluna keçəndən sonra Milli Məclisə keçirilən ilk seçki olacaq.
Seçkinin mümkün qədər tez keçirilməsinə ötən yazdan bəri Ermənistan hökumətinə rəhbərlik edən “məxməri inqilab” lideri Nikol Paşinyan israr edib. Bu yaxınlarda isə açıq bəyan edib ki, hazırkı parlament inqilab hökumətinin qurulduğu ilk günlərdən onun qərar və təşəbbüslərini “sabotaj edib”.
Keçmiş iqtidar partiyasından olan deputatlar və tərəfdarları Milli Məclisdə çoxluğu təşkil edirdilər. Və Nikol Paşinyanın inqilaba qədər rəhbərlik etdiyi “Yelk” blokunun azsaylı deputatlarının onlara müqavimət göstərməsi o qədər də effektiv deyildi. Bununla əlaqədar olaraq o, Milli Məclisdə təmsil olunan partiyaların ciddi müqavimətinə rəğmən parlamentin buraxılmasına nail oldu.
• Ermənistan parlamentinin buraxılması proseduru və gözlənilən seçkilərdə mümkün iştirakçılar haqda
• Ermənistanda inqilabdan sonra ilk rüşvətxorluq halı qeydə alınıb
Üstəlik təxminən bir ay əvvəl Yerevanda Ağsaqqallar Şurasına, yəni paytaxt parlamentinə seçki keçirilib. Bu seçkidə hökumət başçısının dəstəklədiyi “Mənim addımım” bloku böyük qələbə qazanıb. Blok 80 faizdən çox səs toplayıb. Bu da yeni hakimiyyətin reytinqinin çox yüksək olduğu və parlament seçkilərində Paşinyanın partiyasının qələbəsinin praktiki olaraq təmin edildiyi anlamına gəlir. Sadəcə bu seçkiləri yaxın zamanda keçirmək qalır.
Paşinyan seçkilərin təcili keçirilməsi ehtiyacını siyasi vəziyyətin qeyri-müəyyənliyinin ölkəyə investisiya axını və iqtisadi inkişafa mane olması ilə də izah edib.
Yeni parlamentdə Paşinyanın partiyası çoxluğa nail olmağa iddialıdır. O buna nail ola biləcəkmi, bu gün ölkədə siyasi qüvvələrin güc nisbəti nəyi göstərir və seçkilərdən sonra nə gözələmək mümkündür? – bu suallara politoloqlar cavab verir.
Aleksandr İskandaryan
hesab edir ki, Ermənistanın partiya sistemi kollapsdadır:
“Bunu Yerevan Ağsaqqallar Şurasına keçirilən seçkilər göstərdi. İnkişaf etmiş demokratiyalarda belə səsvermə olmur. 80 faizdən çox səsi yalnız protodemokratiyalarda, seçici emosiyalarla (sevgi və nifrət) davrananda qazanmaq mümkündür. Nifrət etiraz səsverməsidir, sevgi ilə isə dəyişikliklərdən sonra yaranan eyforiya nəticəsində səs verirlər. Hazırda Ermənistanda eyforiya davam edir.
Ağsaqqallar Şurasına seçkilər özü özlüyündə bir seçki deyildi. Bu etibar votumu idi.
İcra hakimiyyəti geniş legitimliyə sahibdir və bu votum səsvermə ilə təsdiqləndi.
Növbəti – növbədənkənar parlament seçkilərinin nəticələrində belə yüksək legitimliyin əldə olunacağına şübhə etməyə belə dəyməz.
Amma bunda ciddi təhlükə var. Qısa müddətdə siyasi sistem formalaşdırmaq mümkün deyil. Siyasi partiyalar heçdən yaranmır. Bu, institutlaşdırma, mexanizmlərin və siyasi alətlərin yaradılması, partiyaların seçkilərdə iştirak mədəniyyətinin formalaşdırılması kimi uzun prosesdir.
Amma Ermənistanda partiya sistemi dağıdılıb, aprel inqilabına qədər də zəif idi, elə bu da hakimiyyət tranzitinə səbəb oldu.
Hakimiyyət dəyişikliyinin uğuru hər hansı təşkilatlanmış siyasi qüvvəyə aiddir. Etirazların liderləri – “Yelk” blokunun parlament fraksiyasının üzvləri bir il əvvəl cəmi yeddi faiz səs toplayıb və bu, həmin reallıqda onların əldə edə biləcəyi maksimal nəticə idi.
Etirazların uğuru bir qrup insana – partiya təşkilatına yox, etiraz menecerlərinə məxsusdur”.
Aleksandr İskandaryanın bu vəziyyətdə gördüyü risk və təhlükələr:
“Partiyaları inkişaf etməmiş parlament sistemli ölkələrdə çox risklidir. Amma bu problemin öhdəsindən gəlmək üçün əvvəlcə onu dərk etmək lazımdır ki, daha sonra partiya sistemini qura, müxalif qüvvələri formalaşdıra biləsən.
Ermənistanda hakimiyyət 1992-ci ildən başlayaraq 2018-ci ilin aprelinə qədər aşağı legitimlik şərtlərində yaşayıb və buna uyğunlaşıb, apatiya menecmentini yönəldə bilmək üçün alətlər, mexanizmlər tapılıb. Onlar üçün rahat deyildi, amma onlar mövcud ola bilirdilər, onların səhvi isə onda idi ki, daima belə davam edə biləcəyini düşünürdülər. İndi isə əks vəziyyətdir. Yeni hakimiyyət hədsiz yüksək legitimlik şəraitində yaşayır və mütəmadi olaraq bunu təsdiqləməyə çalışır.
Siyasətçilər üçün yüksək legitimlik çox yaxşı şeydir. Ondan, məsələn, populyar olmayan islahatların qəbul olunması, cəmiyyətdə narazılığa səbəb olan ciddi proqramların tətbiqi üçün istifadə etmək olar.
Amma yüksək legitimlikdən yüksək legitimliyin təsdiqi üçün istifadə etmək riskdir. Çünki bu legitimlik mütləq azalacaq, başqa cür mümkün deyil. O zaman yüksək legitimliyə alışanlar aşağı legitimliklə bacarmayacaqlar. Bax buna hazır olmaq lazımdır.
Müxalifət isə mövcud deyil. Onun formalaşması irəlidədir.
Parlament seçkilərinə qədər müxalifətin formalaşması real deyil, buna görə də parlamentdə biz Yerevan Ağsaqqallar Şurasında yaranan mənzərənin eynisini əldə edəcəyik.
İcra hakimiyyətinə növbədənkənar seçkilər sərf edir, həm də nə qədər tez olsa, bir o qədər yaxşı. 2022-ci ilə qədər hazırkı parlamentlə işləmək çətin olardı, koabitasiya mürəkkəb məsələdir. [Koabitasiya “birgə mövcudluq” deməkdir. Bu, respublika prezidentinin bir siyasi partiyaya, parlament çoxluğunun isə digər siyasi partiyaya aid olduğu bir vəziyyətdir – JAMnews].
Xalqın hakimiyyətə etimadı yüksək olduğu müddətcə isə parlamentə təzyiq göstərərək onun buraxılmasına nail olmaq mümkün idi.
1-8 mayda Milli Məclis Paşinyanı baş nazir seçdiyində olduğu kimi. Oktyabrın 2-də inqilab hökuməti yenidın xalqın dəstəyindən yararlandığı kimi. Bu dəfə növbədənkənar seçkilərin keçirilməsinə mane olmaqdan ötrü birləşən parlament qüvvəsinə təzyiq göstərmək üçün.
Amma icra hakimiyyətinin legitimliyi azalanda parlamentə təzyiq götərmək imkanı da qalmayacaq.
Ədalətli seçki şəraitində yeni parlamentdə çoxluğu Nikol Paşinyanın tərəfdarları qazanacaq. 80 faiz olmasa da, 60 faiz şübhəsizdir, buna görə də, təcili seçkilər onlara sərf edir.
Qalanlarının elektoratlı müxalifət formalaşdırmağa vaxtı yetməyəcək. Hətta keçmiş iqtidar partiyası – Ermənistan Respublika Partiyası da çatdırmayacaq. İmicinin təmizlənməsi ilə bağlı rebrendinqə əl atsa, kimləsə, o cümlədən də ikinci prezident Robert Koçaryanla koalisiyaya girsə belə.
Bu minvalla biz siyasi partiyaların olmadığı bir şəraitdə parlament sistemli ölkəyə sahib olacağıq. Onların əvəzinə isə hər hansı qrup və ya hətta bir şəxs ola bilər.
Qərar xaotik qəbul ediləcək. Siyasi problemlərlə bağlı təsəvvürlər şablon olacaq. Bu isə iqtisadiyyatda, sosial sahədə və siyasətdə problemlərə gətirib çıxaracaq.
Bütün inqilablar zamanı belə olur. Köhnə hakimiyyət uzun müddət oturur, cəmiyyətlə əlaqəni itirir, buna görə də çox vaxt süqut edir. Yeni hakimiyyət isə geterogendir [müxtəlif cinsli — JAMnews] və o qədər də səriştəli deyil. Hakimiyyətə gələn insanlar apriori təcrübəsiz olur. Bu adətən həm ümid, həm də riskdir, çünki onlar idarə etməklə eyni zamanda öyrənməlidir.
Amma mürıkkəb geosiyasətə məxsus Ermənistan üçün risklər hədsiz baha başa gələ bilər.
Final state (“baş tutmamış dövlət”) olmaq təhlükəsi var. Postsovet məkanında belə ölkələrin sayı beşdir və onların hamısı bu yolu – parlament sisteminə keçidi inqilab, elitanın dəyişdirilməsi ilə keçib. Bunlar Gürcüstan, Ukrayna, Moldova, Qırğızıstan və indi də Ermənistandır. Onların heç birinə cənnət gəlməyib.
Bu gün Ermənistanda vətəndaş cəmiyyəti hökumətə çevilib. Media “lehinə” və “əleyhinə”dən ibarətdir. Birincilər xilaskar, ikincilər isə iblis obrazı yaradır.
Analitika ağır durumdadır. Bütün bu institutları yaratmaq lazımdır. Əgər bunun dərki mümkün olsa, böhranın öhdəsindən gəlib, irəliləmək də alınacaq. Cəmiyyət də bunda iştirak etməlidir.
Tənqid edilməyən hakimiyyət səhvlərini düzəltməyə meyilli olmur. Hələliksə, hakimiyyət geniş populyarlıq sahəsində yaşayır”.
Ruben Mehrabyan
əmindir ki, hakimiyyət partiyası etirazları dinləməyə qadirdir:
“Yeni parlamentdə Yerevan Ağsaqqallar Şurasındakından prinsipial olaraq fərqlənən situasiya olmayacaq, mümkündür ki, regionlarla bağlı bəzi dəyişiklik olsun, vəssalam.
Yerevan müxalif əhvalın mərkəzidir. Və əgər Yerevan Ağsaqqallar Şurasına seçkilərdə belə bir mənzərə yarandısa, regionlarda daha monolit olacaq və regionlarda da hakimiyyətin xeyrinə səs verəcəklər. Və bu, eyforiya ilə səsvermə deyil. İnsanların Yerevandakı seçkilərdə eyforiyada olduğunu görmədim.
Seçkilərin eyforiya şəraitində keçdiyi haqda fikirlər reallığı təsvir etmək üçün yox, müəyyən məqsədlər üçün istifadə olunan təbliğat klişesidir.
Üstəlik bu vəziyyət birpartiyalı sistemə gətirib çıxara bilməz, çünki hər şey siyasi praktikadan ibarətdir.
Əgər hakimiyyət partiyası 80 yox, 51 faiz səs toplasaydı, həm də qeyri-siyasi təzyiq vasitələrindən istifadə edərək, digər fikirləri dinləməsəydi, mənzərə tamam başqa olardı. Amma 80 faiz səs toplanılsa da, əgər hər bir etiraz səsi diqqətə alınarsa, o zaman hər hansı təhlükə haqda danışmağın da mənası qalmaz.
Yeni parlamentdə də təmsil olunacağı ehtimal edilən hazırkı çoxluq fərqli fikirləri dinləməyə qadirdir. Onlar ən başından yanlışlara yol verməməkdə və öz populyarlığını itirməməkdə, üstəlik birləşdirici funksiya yerinə yetirməkdə maraqlıdır.
Etiraz səsi müxalifətdən gələcək, parlamentdə isə sırf mexaniki nöqteyi-nəzərdən yerlərin 30 faizi istənilən halda müxalifətin olacaq. [Konstitusiyaya əsasən, parlamentdə çoxluğa nail olmuş partiya 2/3-dən artıq mandat sahibi ola bilməz, mandatların üçdə biri müxalifətin olmalıdır – JAMnews].
Hazırda mən müxalifət qismində parlamentə daxil olacaq iki qüvvə görürəm. Bu, “Yelk” fraksiyası üzrə Paşinyanın keçmiş müttəfiqləri olan “Luys” bloku və oliqarx Sarukyanın “Çiçəklənən Ermənistan” partiyasıdır.
Əlbəttə ki, parlamentdə istənilən məsələdə hakimiyyətə qarşı çıxan, “müxalifətçilik xətrinə” müxalifət olmayacaq. Belə müxalifət heç lazım da deyil. Amma əks nöqteyi-nəzər ifadə etmək üçün də heç bir maneə olmayacaq”.
Ruben Mehrabyan həmçinin hesab edir ki, Ermənistan siyasi sisteminin zəif həlqəsi siyasi partiyaların keyfiyyətidir:
“Ermənistanda sadəcə parlament üsul idarəsi bərqərar olmur, həm də parlamentin partiya sisteminin fomalaşması gedir. Ermənistanda siyasət yalnız partiyalı ola bilər.
Amma bizim siyasi partiyaların keyfiyyəti siyasi sistemin ən zəif həlqəsidir. Ermənistanda fərqli leqal ideologiyalara əsaslanan müxtəlif partiyaların partiya quruculuğu mərhələsi gələcəkdədir.
Ermənistanda hələlik oturuşmuş partiya ənənələri, institusional bərqərar olmuş qollanıb-budaqlanmış partiyalarımız yoxdur.
Müəyyən qədər yeni partiyalar var, köhnələr isə donmuş sektalar, qapalı sistemlərdir.
Buna görə də yeni demokratik sistemin bərqərar olması məsələsini partiyaların formalaşması məsələsi ilə birləşdirməyə cəhd göstərmək lazım olacaq.
Burada partiyaların formalaşmasına şərait yaradacaq zamana, konkret siyasətə, həmçinin qanunvericilik təşəbbüslərinə ehtiyac var. Hazırda mövcud olan “Partiyalar haqda” qanun bu partiyaların formalaşmasına yox, parçalanmasına xidmət edir, partiya liderini dəstəkləyir və onlar nəinki bir marşruta yerləşir, hətta oturacaqların çoxu boş qalır.
Bu, özündə müəyyən təhlükələri daşıyan böyük probel, böyük boşluqdur. Belə vəziyyət cəmiyyətin oriyentasiyasını itirməsi, siyasi demaqoqluğun yayılması üçün şərait yaradır.
Partiya institutları olmadığı üçün cəmiyyət müəyyən dərəcədə müdafiəsiz görünür”.