Dövlət Gəlirləri Komitəsinin üç əməkdaşı həbs olunub" />

Ermənistanda inqilabdan sonra ilk rüşvət halı qeydə alınıb

Dövlət Gəlirləri Komitəsinin üç əməkdaşı həbs olunub

Ermənistanda Dövlət Gəlirləri Komitəsinin üç əməkdaşı həbs olunub. Onların üçü də rüşvətxorluqda ittiham edilir.

Kim və nə qədər alıb?

Ermənistanın Xüsusi İstintaq Xidmətində ehtimal edirlər ki, Kiçik Vergi Ödəyicilərinin Müfəttişliyi İdarəsinin 10-cu yoxlama şöbəsinin rəisi S.E., şöbə rəisinin müavini S.A. və Dövlət Gəlirləri Komitəsinin həmin şöbəsinin əməkdaşı V.L. 1 milyon dram (2 min dollara yaxın) həcmində rüşvət alıblar.

İstintaq məlumatına əsasən, Komitənin üç əməkdaşı əlbir olaraq Ermənistanın iş adamlarından birini əsassız şəkildə qanunu pozmaqda günahlandıraraq ondan 1 milyon dram həcmində rüşvət tələb ediblər.

Pul ötürülən zaman Dövlət Gəlirləri Komitəsinin əməkdaşları polis tərəfindən saxlanılıb.

Komitə sədri David Ananyan artıq hadisəni şərh edib. O, bildirib ki, rəhbərlik etdiyi strukturda sistemli rüşvətxorluq halı hökm sürmür. O həmçinin vurğulayıb ki, bu əməkdaşlar o komitə rəhbəri olmamışdan əvvəl də bu strukturda çalışıblar.

“Mən Dövlət Gəlirləri Komitəsinin rəhbəri olduğumdan bəri rotasiyalı yerdəyişmələr edilib. Yəni bu vəzifəli şəxslər yeni təyin olunmayıblar. Onlar sadəcə rotasiya yolu ilə yenidən təyin olunublar. Hələ də elə insanlar var ki, yeni reallığın nə olduğunu anlaya bilmir. Amma yeni reallığı qəbul edənlər də var və mənə elə gəlir ki, onlar çoxluqdur. Amma gözümüzdən yayınan vəziyyətlər də olur”.

Ermənistanda inqilabdan sonra korrupsiya ilə mübarizə

“Məxməri inqilabdan” dərhal sonra Nikol Paşinyan hökuməti və onun təyin etdiyi güc strukturlarının rəhbərləri korrupsiyaya qarşı sərt mübarizəyə başladılar. Bir-birinin ardınca korrupsiya ifşaları sıralandı, bunun  da nəticəsində Ermənistan Milli Məclisinin deputatı  Manvel Qriqoryan həbs edildi.

Yerevanın o zamankı meri Taron Marqaryan da korrupsiya qalmaqalının ortasında qaldı.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, keçmiş hakimiyyət nümayəndələri sırasında mövcud korrupsiyanın miqyasından heyrətə gəlib.

“Bu, sadəcə ağıla, təsəvvürə sığmır. Və mənim korrupsiya haqda hətta ən kəskin çıxışım belə Ermənistanda mövcud olan korrupsiya və soyğunçuluğun real miqyası ilə müqayisədə sadəcə gülünc qalır”.

Paşinyan dəfələrlə “50 faiz” məsələsinə də toxunub. Ermənistanda uzun illər gəzən şayiələrə  görə, keçmiş prezident Serj Sarqsyanın qardaşı iri bizneslərlə şərik olub, ümumi gəlirin 50 faizini alırmış. 

“Heç kim aradan sivişməyəcək. Hüquq-mühafizə orqanlarının nümayəndələri son iki ayda sadəcə tükənmək həddinə çatıblar və hətta elə hallar olur, onlar deyirlər ki, olmazmı heç olmasa bazar günləri, günün ikinci yarısında biz koorrupsiya ilə mübarizə aparmayaq?”.

Ermənistanda artıq korrupsiya yoxdur

Korrupsiya ilə mübarizənin müəyyən mərhələsində baş nazir Paşinyan bəyan etdi ki, Ermənistanda artıq korrupsiya yoxdur.

“Amma bu o demək deyil ki, Ermənistanda rüşvət alan bircə məmur da qalmayıb. Bu sadəcə o deməkdir ki, Ermənistan hökumətinin yüksək vəzifəli məmurları arasında korrupsiyaya bulaşmış şəxslər yoxdur və olmayacaq. Bunun zəmanətini sizə şəxsən verirəm”.

Dövlət Gəlirləri Komitəsinin üç əməkdaşının həbsi inqilabdan sonra dövlət strukturunda ilk rüşvət halıdır.

 

Facebook Comments

More on JAMnews