Ermənistanda yeni və köhnə hakimiyyət arasında qalmaqal
Ermənistanda keçmiş və yeni hakimiyyət nümayəndələri arasında yaranan qalmaqal qızışmaqdadır. Söhbət Ermənistanın Vatikandakı keçmiş səfiri, eyni zamanda Ermənistanın eks-prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan və hazırkı baş nazir Nikol Paşinyanın qaynı, deputat Qraçya Hakopyandan gedir.
Qalmaqal Mikael Minasyanın Paşinyanın həyat yoldaşı Anna Hakopyanı və onun qardaşını siqaret qaçaqmalçılığında əlbir olmaqda günahlandırması ilə başlayıb. Minasyanın sözlərinə görə, aprelin sonunda 40 ton ağırlıqda Ermənistan istehalı olan siqaret aparan FHN təyyarəsi Yerevandan yola düşüb. Təyyarə Rusiyanın Krasnodar şəhərində saxlanılıb.
Əvvəlcə bu ittihama cavab olaraq bacı və qardaş Minasyandan məhkəməyə şikayət veriblər.
İndi isə Qraçya Hakopyan Facebook səhifəsində yazıb ki, Minasyanın cinayət işi çərçivəsində həyata keçirilən axtarışlardan birində onun köhnə kompüteri tapılıb, ermənistanlı proqramçılar kompüterdə onun “qara işlərinə” aid olan minlərlə faylı bərpa edə biliblər.
Tərəflərin irəli sürdüyü ittihamların və təkziblərin bütün təfərrüatları.
- Mikael Minasyan nədə günahlandırılır?
- Serj Sarqsyan tezliklə müttəhimlər kürsüsündə əyləşə bilər – işin təfərrüatları
Siqaret qaçaqmalçılığı hadisəsi
Aprelin sonunda Krasnodar və Düşənbədə dayanmaqla Yerevandan Əfqanıstana 40 ton siqaret daşıyan FHN-ə aid təyyarənin Krasnodarda saxlanıldığı haqda məlumat yayılıb.
Təyyarədə Ermənistan aksizli müxtəlif brendlərə aid 2700 qutu siqaret tapılıb. Sənədlərdən saxta faktura və deklarasiya müsadirə olunduğu deyilir.
Mövzü Ermənistan mediasında o dərəcədə müzakirə olunub ki, Dövlət Gəlirləri Komitəsi izahatla çıxış etməli olub. Bildirilib ki, siqaret partiyası qanuni olaraq daşınıb.
“Elektron deklarasiyanın doldurulması o deməkdir ki, onu saxtalaşdırmaq mümkün deyil, orada göstərilən məlumatlar isə AAİİ ölkələrinin əməkdaşlığı çərçivəsində, o cümlədən də Rusiya gömrüyünə məlumdur”, – Dövlət Gəlirləri Komitəsinin açıqlamasında deyilir.
Bundan sonra sosial şəbəkələrdə siqaret partiyasının baş nazirin qaynı Qraçya Hakopyana aid olduğu haqda məlumat yayılıb.
Bu bəyanın müəllifi Ermənistanın eks-prezidentinin hazırda axtarışda olan kürəkəni Mikael Minasyandır.
O, Facebook səhifəsində son zamanlar “Yalanın sonu” adı altında çarxlar silsiləsi yaymağa başlayıb. Bu videoların birində o, bəyan edib ki, Qraçya Hakopyan və Anna Hakopyan siqaret qaçaqmalçılığı ilə məşğul olur.
Buna cavab olaraq bacı və qardaş Minasyandan məhkəməyə şikayət veriblər. Orada deyilir ki, Anna və Qraçya Hakopyanlar tələb edirlər ki, Mikael Minasyan ictimai şəkildə onlardan üzr istəsin, böhtan kimi dəyərləndirdikləri bəyanlarını təkzib etsin. Onlar həmçinin tələb edirlər ki, şərəf və ləyaqətlərinə, həmçinin nüfuzlarına dəymiş zərər kompensasiya edilsin.
Minasyana qarşı kompromat
Qraçya Hakopyan sosial şəbəkədəki səhifəsində yazıb ki, proqramçılar Minasyanın köhnə kompüterində 9 minə yaxın faylı bərpa edə biliblər.
Deputatın sözlərinə görə, bu fayllarda “Minasyanın kimə nə qədər pul verdiyi, kimdən nə qədər pul aldığı, seçki nəticələrini necə, kimin vasitəsilə, hansı fəndlərlə saxtalaşdırdığı, kimi və necə satın aldığı” haqda məlumatlar var.
Bununla belə, baş nazirin qaynı istintaqçıların köhnə kompüterdəki məlumatları bərpa edə bildikləri haqda məlumatın onda haradan olduğunu dəqiqləşdirməyib:
“Bu necə məlum olub? İcazə verin, bu haqda danışmayım”.
Mikael Minasyan haqqında axtarış elan olunub. Ermənistanda çoxları düşünür ki, o, İtaliyadadır.
Amma Qraçya Hakopyan başqa versiya səsləndirib:
“Onun harada olması ilə bağlı mənim öz məlumatım var. Mənim məlumatıma görə, Soçidədir, bu haqda hüquq-mühafizə orqanlarının da məlumatlı olduğunu istisna etmirəm”.
Hakopyanın sözlərinə görə, Minasyan Ermənistana qaytarılmalıdır, çünki bu, artıq “ictimai tələbdir”.