Ermənistanın hakim partiyası baş nazir kürsüsünə hazırkı prezidentin namizədliyini irəli sürə bilər
2018-ci ildə Ermənistanın yeni baş nazirinin kim olacağı ölkədə qızğın müzakirə mövzusudur.
Gələn ilin aprelindən Ermənistanda parlament idarəçilik sistemi bərqərar olacaq və ölkəni prezident deyil, baş nazir idarə etməyə başlayacaq.
İndiyə qədər baş nazir postuna iki nəfərin namizədliyi müzakirə olunurdu. Hər ikisi də hakim Respublikaçılar Partiyasının nümayəndəsidir: hazırkı Ermənistan prezidenti Serj Sarqsyan və hazırkı baş nazir Karen Karapetyan.
İndiyə qədər onların namizədliyinin irəli sürülməsi ilə bağlı fikirlər səslənib. Amma iqtidar partiyasının sədr müavini Armen Aşotyan ilk dəfə ictimaiyyət qarşısında bildirib ki, şəxsən o, 2018-ci ildə baş nazir postuna Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanın namizədliyini irəli sürməyə hazırdır.
Hələlik Karen Karapetyanın və ya başqa birinin namizədliyinin irəli sürülməsi ilə bağlı heç bir bəyanat səslənməyib.
Armen Aşotyan qeyd edib ki, təhlükəsizlik, xarici siyasət və iqtisadiyyatla bağlı çağırışları nəzərə alaraq, başlanmış işləri məhz Serj Sarqsyanın rəhbərliyi altında davam etdirmək ən doğru qərar ola bilər.
Ekspert və siyasətçilər çevrəsində çoxları hesab edir ki, baş nazir məhz Serj Sarqsyan olacaq, çünki onun siyasətdən getmək niyyəti yoxdur. 2015-ci ildə konstitusiya dəyişiklikləri məhz onun hakimiyyət dövrünün uzadılması üçün həyata keçirilib. Serj Sarqsyan hər səfərində beş il olmaqla artıq iki dəfə prezident olub və üçüncü dəfə seçilə bilməyəcəkdi.
Müxalifət isə xatırladır ki, 2014-cü ildə Serj Sarqsyan şəxsən bildirmişdi ki, baş nazir postuna iddiası yoxdur.
“Əgər Serj Sarqsyan yenə hakim kürsünü tutsa, deməli, o, yumşaq desək, öz sözlərindən imtina etmiş olacaq”, – “Yelk” müxalif fraksiyanın üzvü Alen Simonyan bildirib.
Serj Sarqsyan isə bu günlərdə “Ermənistan” telekanalının efirində baş nazir kürsüsünü tutmaq niyyətinin olub-olmadığı və aprelin 9-dan sonra nə ilə məşğul olacağı haqda suala aydın cavab verməyib.
“Mən qısqanmıram, mürəkkəbləşdirmirəm və adiləşdirmirəm. Hamımız birlikdə necə qərar versək, elə də irəliləyəcəyik”.
Müxalif “Yelk” blokundan olan deputat Mane Tandilyan bununla bağlı bildirib:
“Əminəm ki, hər şey əvvəlcədən planlaşdırılıb və bunu göstərmək üçün çoxsaylı intriqalar qurulub: Serj Sarqsyan gedə bilər, amma dövlət maraqları onun qalmasını tələb edir. Serj Sarqsyanın öz sözlərindən imtina etməsi və daimi hakimiyyətə can atması Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin Lukaşenko, Nazarbayev və Putin kimi avtoritar liderlərinin simasında yaşadığı avtoritar məntiqə uyğundur”.