Ermənistanın eks-prezidentinin oğlu çirkli pulların yuyulmasında ittiham olunur
Milli Təhlükəsizlik Xidməti Ermənistanın ikinci prezidenti Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryana qarşı ittiham irəli sürüb. O, xüsusilə böyük həcmdə vergidən yayınmada və cinayətkar yolla əldə edilən gəlirlərin leqallaşdırılmasında günahlandırılır.
Qətimkan tədbiri olaraq ondan ölkəni tərk etməmək haqda iltizam alınıb. İstintaq davam edir.
Sedrak Koçaryan konkret nədə günahlandırılır?
Milli Təhlükəsizlik Xidməti bəyan edir ki, istintaq zamanı Sedrak Koçaryanın təqsirli olmasına dair sübutlar əldə edilib. O, cinayətkar fəaliyyətin təşəbbüskarı və rəhbəri olmaqda günahlandırılır. Söhbət ona məxsus olan müəssisəllərdən birinin fəaliyyəti zamanı iri həcmdə vergidən yayınmasından gedir.
Məlumatda deyilir ki, daha sonra bir sıra bank əməliyyatları və maxinasiyaları vasitəsilə Koçaryan öz gəlirlərini qanuniləşdirmək və onların yaranma mənbəyini gizlətmək istəyib.
Məsələn, öz müəssisələrinin birinə üçüncü şəxs tərəfindən bəxşiş verilən 5.300.000 dolları Sedrak Koçaryan borcun ödənilməsi kimi qeydə alıb. İki ödəniş vasitəsilə o, bu pulları borc öhdəliyinin qapadılması adı ilə öz hesablarına köçürüb.
Balansa saxta məlumatlar daxil edərək gənc biznesmen 916.706.560 dram (1,9 milyon dollar) həcmində vergidən yayınmağa müvəffəq olub.
Sedrak Koçaryan ailədaxili şirkətlər təşkil etmək yolu ilə iri gəlirləri qanuniləşdirməkdə ittiham edilir. Bu vəsaitin bir qismini o, “Best Western Congress” otelinin alınması üçün sərf edib.
Ata və oğul Koçaryanlar baş verənləri intiqam hesab edir
Sedrak Koçaryan 2rd.am saytının suallarına cavab verərkən bütün ittihamları saxta adlandırıb. Biznesmen baş verənləri hakimiyyət, əsasən də baş nazir Paşinyan tərəfindən onun ailəsinə qarşı əsassız hücum kimi dəyərləndirir.
“Nikol Paşinyan çoxdan, hələ jurnalistika fəaliyyəti dövründən diqqətini bizim ailəmiz üzərində cəmləmişdi… Deputat olduğu zaman da o, fürsəti əldən vermirdi və ardıcıl olaraq bizi şərləməyə, ailəmizin təmiz adını, ləyaqətini ləkələməyə çalışırdı, hətta atam artıq uzun zamandan bəri heç bir dövlət vəzifəsi tutmadığı vaxtlarda belə… Ailəmiz haqda Nikol və onun yoldaşlarının saxta və yalan şaiyələrin yayılması üçün yararlandıqları əsas texnologiya həddən artıq primitivdir”.
Eks-prezident Robert Koçaryanın özü də həbsini siyasi sifariş hesab edir. 2018-ci ilin dekabrından Koçaryan “1 mart” işi ilə bağlı həbsdə saxlanılır. Söhbət 2008-ci il hadisələrindən gedir. O zaman prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının etiraz aksiyaları davam edirdi. Onlar liderlərinin qələbəsində əmin idilər və seçki nəticələrinə yenidən baxılmasını tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermə nəticələrinə görə, Serj Sarqsyanı qalib elan etmişdi.
Nümayişin dağıdılması zamanı silah tətbiq edilmiş və nəticədə 10 nəfər həlak olmuşdu. Həmin vaxt ölkənin prezidenti hələ Robert Koçaryan idi. Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə görə, prezident seçilən Serj Sarqsyan isə hələ vəzifəsinin başına keçməmişdi. Buna görə də indi nümayişin amansızlıqla dağıdılmasında və ölkənin konstitusiya quruluşunun devrilməsində Koçaryan günahlandırılır.
“1 mart” işi üzrə istintaq Ermənistanda baş verən “məxməri” inqilaba qədər ölü nöqtədən tərpənməyib. İnqilab lideri Nikol Paşinyanın rəhbərliyi altında yeni hökumət dərhal istintaqı yenidən başlayıb.
Nəticədə 2018-ci ilin iyulunda Robert Koçaryana qarşı 1 mart 2008-ci il hadisələri üzrə konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan 2008-ci il prezident seçkilərində o zaman prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarının təmsilçisi idi. O, seçki nəticələri elan ediləndən sonra başlanan etiraz aksiyalarında fəal iştirak edirdi. 1 mart hadisələrindən, nümayiş dağıdılan zaman 10 nəfər həlak olandan sonra müxalifətçi iğtişaşların təşkilində ittiham olunduğu üçün bir il və dörd ay gizlənməli oldu.
2010-cu il iyulun 1-də Paşinyan könüllü şəkildə prokurorluğa gəldi və yeddi il müddətinə azadlıqdan məhrum edildi. Bir il on bir aydan sonra Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə elan olunan amnistiyaya düşdü. Hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olmuşdu.
Bu ilin fevralında Ermənistanın Xüsusi İstintaq Qrupu ikinci prezident Robert Koçaryana qarşı növbəti ittihamı irəli sürüb. İndi o, həm də böyük məbləğdə rüşvət almaqda günahlandırılır.
Robert Koçaryan bu ittihamların heç birini qəbul etmir.