Ermənistandan 12 il müddətinə azadlıqdan məhrum edilən məmur azadlığa çıxıb
Ermənistanın Dövlət Sosial Təminat Xidmətinin ölkə büdcəsindən 300 milyon dram (630 min dollar) mənimsədiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilən keçmiş rəisi Vazgen Xaçikyan azadlığa buraxılıb.
Vəzifəsindən sui-istifadədə, dələduzluqda və büdcə vəsaitlərini mənimsəməkdə təqsirli bilinən məmur prezident Serj Sarqsyanın fərmanı ilə əfv olunub.
İttiham aktına əsasən Vazgen Xaçikyan və onunla əlbir olan şəxslər 2006-2010-cu illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dayandırılmış pensiyaların bərpa olunması haqda saxta ərizələr hazırlayıblar – ölmüş və ölkədən köçmüş insanların imzalarını saxtalaşdıraraq onların adına pensiya yazaraq külli miqdarda vəsaiti mənimsəyiblər.
Xaçikyan 2012-ci ildə həbs olunub, 2014-cü ildə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Amma keçmiş məmuru nəzərdə tutulan müddətdən xeyli əvvəl azad ediblər. Cəzaçəkmə müəssisəsinin mətbuat xidmətindən bildiriblər ki, o, “cəzasını tam çəkmiş” şəkildə azadlığa buraxılıb, amma 12 ilin belə tez necə başa çatdığını izah etməyiblər.
Prezidentin mətbuat katibi də Serj Sarqsyanın məhkum olunmuş məmuru niyə əfv etmək qərarına gəldyi ilə bağlı şərh verməkdən imtina edib və bildirib ki, fərmanın məzmunu gizli informasiyadır. Ədliyyə naziri David Harutunyan isə qeyd edib ki, əfv prosesi Konstitusiya ilə nizamlanır, əfv olunmaq üçün müraciət etmək isə hər bir vətəndaşın haqqıdır. Harutunyanın sözlərinə görə, azad etmək haqda qərar qəbul ediləndə çox sayda hal və amillər nəzrə alınır.
Hüquq müdafiəçilərinin fikrincə, Vazgen Xaçikyan korrupsiyaya bulaşmış, dələduzluqda təqsirli bilinmiş bir məmurdur, onun cinayətlərini cəmiyyətdən gizlətmək mümkün deyildi. Buna görə də o, həbs cəzasına məhkum edilmişdi.
Hüquq müdafiəçisi Janna Aleksabyan bildirir ki, bu əfv fərmanını imzalamaqla “Serj Sarqsyan Vazgen Xaçikyanın onun komandasının üzvü olduğunu və ona hər şey şeyin bağışlandığını, yəni ayrıseçkilik sisteminin mövcud olduğunu nümayiş etdirdi: hakimiyyətə yaxın çevrəyə daxil olan şəxslər həbsxanada ancaq üç il keçirə bilərlər, digər məhkumlara isə nə amnistiya düşür, nə də vaxtından tez azadlıq”.