Ermənistanda ordudan yayınmaya görə cərimə ödəyərək cinayət məsuliyyətindən azad olmaq mümkündür
Ermənistanın Milli Məclisi “Məcburi hərbi xidməti keçməyən vətəndaşlar haqda” qanuna dəyişikliklər qəbul edib. Bu dəyişikliklər Ermənistanda 27 yaşlı vətəndaşlara vətənə qayıdıb, ordudan yayınmaya görə cinayət məsuliyyəti daşımamağa imkan verən qanunun təsir müddətini artırır. Bunun üçün onlar cərimə ödəməli olacaqlar.
• Ermənistan ordunun inkişafına 2,5 milyard dollar yatırmaq istəyir
Niyə belə qərar qəbul edilib?
Artıq birinci il deyil ki, ölkə parlamenti fərariləri cəzalandırmamağa imkan verən qanun layihəsinə dəyişikliklər qəbul edir. Bu, Ermənistan vətəndaşlarına cinayət məsuliyyətinə cəlb edilmədən vətənə qayıtmağa şərait yaradır. Hər dəfə parlamentdə bunun üçün ödənməli olan cərimənin məbləği də müəyyən edilir. Bu dəfə məbləğ 1,8 milyon dram (təxminən 3600 dollar) təşkil edir. Düzəlişlər isə 2018-ci ildə və 2019-cu il martın 1-ə qədər 27 yaşı tamam olmuş şəxslərə aid ediləcək. Bu isə təxminən 2000 nəfər deməkdir.
Parlamentin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının rəhbəri Andranik Koçaryanın səsləndirdiyi rəsmi rəqəmlərə əsasən, hərbi xidmətdən yayındığı üçün 27-35 yaş arası 3225 nəfər haqqında axtarış elan edilib.
2003-cü ildə cərimə ödəyib, cinayət məsuliyyətindən azad olmaq imkanından yararlananların sayı 9985 nəfər olub. Nəticədə dövlət büdcəsinə 11,8 milyard dram (24,5 milyon dollar) daxil olub.
Paşinyanın qayıtmaqla bağlı çağırışları
2018-ci ilin yazında hakimiyyətə gələndən sonra Ermənistanın baş naziri Nikol Paşinyan vaxtilə hərbi xidmət keçmədən Ermənistanı tərk edən cavanlara vətənə qayıtmaları ilə bağlı müraciət edib:
“Mən bunu vətəndaş, müharibə başlayarsa (Tanrı qorusun), ali baş komandan vəzifəsini yerinə yetirməli olan baş nazir kimi deyirəm. Mən həmvətənlərimizə, qardaşlarıma, onların valideynlərinə – qardaşlarıma və bacılarıma müraciət etməyi vacib bilirəm. Qoy onların övladları qərar qəbul etsin və mümkün qədər tez Ermənistana qayıdıb, mənim oğlumla birlikdə orduya getsinlər”.
Paşinyanın oğlu Aşot Tartus Universitetinin tələbəsidir. 2018-ci ilin martında onun 18 yaşı tamam olub və gənc oğlan Ermənistana qayıdaraq hərbi xidmətə yollanıb. O, həmçinin Qarabağda xidmət etmək istədiyi haqda ərizə də yazıb və 2018-ci ilin yay çağırışında cəbhə bölgəsinə göndərilib.
Baş nazir vətənə qayıdıb, hərbi xidmətə yollanan vətəndaşların cəzalanmayacağına da söz verib:
“Hamını gözləyirik! Bu yeni Ermənistandır, burada orduda xidmətdən yayınmırlar, buradan emiqrasiyaya getmirlər, buraya yalnız geri qayıdırlar. Ermənistanın gələcəyi naminə üzərinə düşən vəzifə və borc payını yerinə yetirmək üçün”.