Ermənistanda koronavirusdan doqquzuncu ölüm və 28 yeni yoluxma halı
Aprelin 8-i səhər saatlarında Ermənistanda koronavirusdan doqquzuncu ölüm halı qeydə alınıb. Ölən 93 yaşlı pasiyentin onkoloji xəstəliyi olub – baş nazir Nikol Paşinyan bu haqda Facebook səhifəsində məlumat verib. Hökumət başçısının sözlərinə görə, daha 8 nəfərin vəziyyəti kəskin ağır olaraq qalır.
8 aprel səhər saatlarına olan məlumata əsasən Ermənistanda 28 yeni yoluxma halı da qeydə alınıb, yoluxanların ümumi sayı 881 nəfərə çatıb. Sağalanlar 114 nəfər, stasionarda saxlanılanlar 758 nəfərdir. 4571 nəfərin testi mənfi nəticə verib.
Baş nazir Facebook səhifəsində yazıb:
“Əgər bu statistika qalarsa, deməli, biz koronavirus pikini martın 31-də keçmişik”.
Ermənistanda koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün martın 16-dan aprelin 14-ə qədər fövqəladə vəziyyət elan olunub. Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə ciddi məhdudiyyət tətbiq olunub. Evdən yalnız xüsusi ehtiyac olduğu zaman çıxmaq mümkündür – pasportla və doldurulmuş “hərəkət anketi ilə”. Orada hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədi və ehtimal olunan qayıtma saatı qeyd olunmalıdır. Pozuntulara polis nəzarət edir. bütün ictimai nəqliyyat, o cümlədən də metronun hərəkəti dayandırılıb.