Ermənistanda koronavirus peyvəndi vurdurmaq istəmirlər. Nazirlər nümunə göstərəcək
Ermənistanda artıq iki aydan çoxdur ki, vətəndaşların koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Amma məlum olub ki, vaksinasiya tempi çox ləngdir, hələlik cəmi 2690 nəfər peyvənd vurdururb. Baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan bildirib ki, bu, “biabırçı aşağı göstəricidir” və Nazirlər Kabineti üzvlərinə bir həftə ərzində koronavirusa qarşı peyvənd vurdurmağı tapşırıb.
Vaksinasiya tempini sürətləndirmək üçün ötən gün baş nazir müavini səlahiyyətlərini yerinə yetirən Tiqran Avinyan və səhiyyə naziri səlahiyyətlərini yerinə yetirən Anahit Havanesyan AstraZeneca peyvəndi vurdurublar.
Daha əvvəl Səhiyyə Nazirliyinin 700 min nəfəri vaksinasiyadan keçirmək planı haqda bildirilmişdi.
Bu gün Ermənistanda İngiltərə-İsveç istehsalı AstraZeneca və Rusiya istehsalı Sputnik-V peyvəndlərindən istifadə olunur, Çin istehsalı peyvəndin gətirilməsi planları haqda da məlumat verilib.
Ermənistanda ilk koronavirusa yoluxma halı 2020-ci il martın 1-də qeyd olunub. 2020-ci il martın 16-dan sentyabrın 11-ə qədər fövqəladə vəziyyət hökm sürüb. Daha sonra ölkədə 2021-ci il iyulun 11-ə qədər davam edən karantin rejimi elan olunub. Son sutka ərzində 656 yeni yoluxma halı qeydə alınıb. Ölkədə ümumilikdə 215 528 nəfər yoluxub, 197 171 nəfər sağalıb, 4 087 nəfər vəfat edib.
- Ermənistanda Covid-19-a qarşı vaksinasiya başlayır, preparatlar klinikalar üzrə paylaşdırılır
- Koronavirus: epidemiya haqda miflər özündən daha tez yayılır
Vaksinasiyadan keçənlər ölkədən testsiz çıxa biləcəklər
“Gələn həftə karantin qaydalarına dəyişikliklər ediləcək. Vaksinasiyadan keçənlər ölkədən çıxanda və ya ölkəyə gələndə artıq PCR test vermək lazım olmayacaq. Bu, məhdudiyyətlərin aradan qalxması və normal həyata qayıtmaq üçün mühüm addımdır”, – aprelin 29-da Anahit Havanesyan brifinqdə deyib.
Səhiyyə naziri səlahiyyətlərini yerinə yetirən Havanesyanın sözlərinə görə, indi 18 yaşdan yuxarı vətəndaşlar AstraZeneca preparatı ilə vaksinasiyadan keçə bilər. Həm bu peyvəndin, həm də Sputnik-V preparatının yeni partiyalarının gətirilməsi gözlənilir.
Həkimlərin müşahidələrinə görə, ölkə sakinləri Rusiyanın Sputnik-V peyvəndinə böyük maraq göstərir. Amma bu preparat hələlik ancaq risk qrupuna daxil olan vətəndaşlar üçün istifadə olunur.
“Bütün peyvəndlər xəstəliyin ağır və kəskin ağır formasından 100% müdafiə edir. Bu vacibdir, çünki 4 min ölüm artıq dəhşətlidir. Əgər bbununla mübarizə aparmaq mümkündürsə, addımlar atmaq lazımdır, manipulyasiyaya uymaq lazım deyil”, – Anahit Havanesyan deyib.
“Gəlin bizdən başlayaq” – baş nazir səlahiyyətlərinin icraçısı
Ermənistanın hökumət üzvləri və dövlət strukturlarının əməkdaşları məcburi şəkildə vaksinasiyadan keçməlidir. Bu haqda Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib:
“Gəlin bizdən başlayaq. Biz hamımız vaksinasiyadan keçməliyik. Hazırda Ermənistanda cəmi 2690 nəfər peyvənd vurdurub. Bu, biabırçı aşağı göstəricidir, hazırda dünyada vaksinasiyadan keçmiş vətəndaşların sayı ölkənin bütün aspektlərdə – iqtisadi, siyasi – keyfiyyət göstəricidir”.
Onun sözlərinə görə, əgər hakimiyyət 18 yaşdan yuxarı vətəndaşların vaksinasiyadan keçə biləcəyini deyirsə, özündən başlamalı, daha sonra isə dövlət strukturlarının bütün əməkdaşlarını vaksinasiyadan keçirməlidir:
“Biz dövlət orqanlarında liderlik etmıliyik ki, hamı bizim vaksinasiyadan keçdiyimizi və hələ də yaşadığımızı görsün”.
Paşinyan xatırladıb ki, vaksinasiya vacibdir – həm Ermənistan vətəndaşlarının ölkədən maneəsiz çıxışı, həm də ölkəyə gəlmək istəyən turistlərin sayının artması üçün:
“Əgər burada heç kim peyvənd vurdurmasa, ölkə riskli hesab olunacaq və heç kim bura gəlməyəcək”.
Nazirlər arasında artıq vaksinasiyadan keçənlər var
Səhiyyə nazirinin səlahiyyətlərini yerinə yetirən Anahit Havanesyan və baş nazir müavini səlahiyyətlərini yerinə yetirən Tiqran Avinyan koronavirusa qarşı Britaniya-İsveç istehsalı AstraZeneca peyvəndi vurdurublar.
Tiqran Avinyan bildirib ki, AstraZeneca preparatını seçməsi təsadüfi deyil – məhz bu peyvənd haqda insanlarda təşviş doğuran şayiələr yayılır:
“Rəsmi məlumata əsasən, AstraZeneca peyvəndi vurulan 200 milyon insandan yalnız on-iyirmi nəfərdə fəsadlar olub. İndi bu preparat haqda fəsl şəkildə şayiələr yayılır və biz öz nümunəmizlə bunun keyfiyyətli vaksin olduğunu göstərmək qərarına gəldik”.
Səhiyyə Nazirliyinin rəhbəri də bu mövzuya toxunub:
“Bizim vətəndaşlarımız Sputnik-V peyvəndinə etibar edirlər, AstraZeneca ilə bağlı isə sualları var. Düzünə qalsa, əvvəlcə biz hətta hansı preparatı seçdiyimizi açıqlamaq istəmirdik, çünki onların hamısı keyfiyyətli və effektlidir”.
O, həmçinin hökumət üzvlərini öz nümunəsində vaksinasiyanın mühüm addım olduğunu göstərməyə, ölkə vətəndaşlarını isə onun nümunəsini təkrarlamağa çağırıb.
“Ermənistanda olan bütün vaksinlərin hamısı xəstəliyin ağır və kəskin ağır formasından 100% qoruyur. Əgər koronavirusa yoluxma və bunun orqanizmə vurduğu ağır ziyana və ya ölüm halları ilə müqayisə etsək, vaksinin ən kiçik fəsadının olması riski belə praktiki olaraq sıfıra bərabərdir”.