Ermənistanda istifadəçilərin 86 faizi lisenziyasız proqramlardan faydalanır
Ermənistanda lisenziyasız kompüter proqramlarından istifadə səviyyəsi xeyli yüksəkdir.
BSA təşkilatının ötən ilki göstəricilərinə görə, Ermənistan lisenziyasız təminat proqramlarının istifadə səviyyəsinə görə Venesuela və Zimbabvedən sonra üçüncü yeri tutur. Bu haqda “Amerikanın Səsi”nə Microsoft-un Ermənistan ofisinin rəhbəri Liana Korkotyan deyib.
Onun sözlərinə görə, Ermənistanın fərdi kompüter istifadəçilərinin 86 faizi lisenziyalı proqramlar əvəzinə onların pirat surətlərindən faydalanırlar, bu da bir sıra mənfi nəticələrə gətirib çıxarır.
“Piratlıq ölkənin reytinqinə çox ciddi təsir edir, məsələn, xarici sərmayəçilər kontekstində, çünki həmişə müəllif hüquqlarının qorunmasına və piratlıq səviyyəsinə diqqət yetirilir”, – Liana Korkotyan bildirib.
O vurğulayıb ki, insanların məlumatlılığıçı artırmaq lazımdır və lisenziyasız proqramlardan istifadənin nəyə görə təhlükəli olduğunu onlara izah etmək lazımdır.
Regionda və postsovet ölkələri arasında Ermənistan lisenziyasız təminat proqramlarından istifadə səviyyəsinə görə liderdir. Regionun bir sıra ölkəsi, o cümlədən də Gürcüstan və Rusiya bu sahədə öz göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar və Microsoft-un Ermənistan ofisinin rəhbəri istifadəçiləri lisenziyalı proqramlara keçməyə çağırıb ki, bu gün aktual olan kiber-təhlükəsizliyi təmin etmək və piratlıq səviyyəsini azaltmaq mümkün olsun.