Ermənistan hökumətinin bu gün qəbul etdiyi qanuna əsasən çağırışçının hərbi xidmətini yaşadığı yerdən azı 150 km məsafədə yerləşən hərbi hissələrdə çəkməsi ilə bağlı tələb ləğv olunacaq.
“Hərbi qulluqçu statusunda hərbi xidmət haqda” Qanun layihəsi hökumətə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən təqdim olunub.
Müdafiə naziri Vigen Sarqsyan izah edib ki, yaşadığı ərazidən azı 150 km aralıda hərbi xidmət çəkməklə bağlı tələb əvvəllər bir sıra səbəblərlə bağlı tətbiq olunmuşdu, əsasən də intizamın təmin edilməsi üçün. Görünür ki, bu yolla çağırışçıları evə qaçmaq meylindən çəkindirmək istəyiblər.
İndi çağırışçının hərbi xidmətini harada çəkəcəyi püşkatma ilə müəyyən olunur. Nazirin sözlərinə görə, silahlı qüvvələr artıq yetərincə təkmilləşib və “göstərilmiş problemlər həll edilə bilər, vətəndaşların püşkatmanın nəticələrinə əsasən evlərinə yaxın olan hərbi hissələrdə xidmət çəkməsi üçün heç bir səbəb yoxdur”.
Ailəvi və digər vəziyyətlərlə əlaqəli olaraq xüsusi kateqoriyaya daxil edilən çağırışçıların evinə yaxın hərbi xidmət çəkməyinə icazə verilməsi şərti də aradan qaldırılır.
Sarqsyanın sözlərinə görə, imtiyaz real olaraq heç nəyi dəyişmirdi. Onun məqsədi xidmətdə olan şəxsin ailəsi ilə ünsiyyətini asanlaşdırmaq idi, amma hərbi xidmətçiknin belə bir imkanı onsuz da olmur. Son zamanlar valideynlərə də vaxtaşırı oğullarını ziyarət etmək icazəsi verilir. Yerevan meriyası və vilayət administrasiyaları ilə müştərək həyata keçirilən proqram çərçivəsində valideynləri övladlarının xidmət çəkdiyi hərbi hissələrə aparıb-gətirirlər.
Vigen Sarqsyanın sözlərinə görə, xüsusi kateqoriyalı çağırışçılar evlərinə yaxın xidmət çəkmək haqqının yerinə başqa imtiyazlar əldə edəcəklər, məsələn, döyüş mövqelərində növbətçilikdən azad olunacaqlar [söhbət sərhədyanı postlarda növbətçilikdən gedir] – yalnız özləri növbətçilik çəkmək istədiklərini bildirdikləri halda istisna kimi qəbul ediləcək.