Ermənistanda aztəminatlı ailələr üçün kommunal xərclər azaldılır
Ayda 600 kubmetrdən az qaz istifadə edən Ermənistan sakinləri hər kubmetrə görə əvvəlki kimi 100 yox, 80 dram (4 sentdən daha az) ödəyəcəklər. Bu haqda bu gün respublika ərazisində qaz təchizatı ilə məşğul olan “Qazprom-Ermənistan” şirkəti məlumat verib.
Struktur bu qərarın nə ilə şərtləndiyni izah etməyib. Amma görünür ki, bu qərar yeni hökumətin siyasətinə uyğundur. Nazirlər Kabineti daha əvvəl aztəminatlı ailələr üçün elektrik enerjisi tarifini dörddə bir qədər ucuzlaşdırmışdı. Qərar iyulun 1-dən qüvvəyə minəcək.
Az gəlirli ailələr suya görə də daha az pul ödəyəcək. Ermənistanın enerji infrastrukturu və təbii sərvətlər naziri Artur Qriqoryan bildirib ki, içməli su tarifinin ucuzlaşdırılması üçün danışıqlar aparılır.
Bu minvalla təxminən 120 min ailə qaz, su və elektrik enerjisinə görə daha az pul ödəyəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan tariflərin daha çox ucuzlaşdırılmasının mümkün olub-olmadığını aydınlaşdırmağa çağırıb:
“Bu yaxşıdır [elektrik enerjisi tarifnin ucuzlaşdırılması – JAMnews], amma əlavə müzakirələr gərəkdir. Məsələn, “Elektrik şəbəkələrində” və “Qazprom-Ermənistan” şirkətində korrupsiya riskinin olub-olmamasını anlamaq lazımdır”.
Daha əvvəl Paşinyan qaz tarifinin ucuzlaşdırılması məsələsinə toxunub. O, bildirib ki, Rusiya Ermənistana qazı yetərincə ucuz qiymətə satır, amma sadə istehlakçılar bunu hiss etmir. Paşinyan bunu “Ermənistanın daxili məsələsi” adlandırıb və bununla məşğul olmaq niyyətindədir:
“Ermənistan sərhəddə Rusiyadan ucuz qaz alır, amma sərhəddən istehlakçıların evinə çatana qədər qiymət iki dəfə bahalaşır. Bu problemi biz Ermənistan daxilində müzakirə etməli və anlamalıyıq. Bunun bizim Rusiya ilə münasibətlərimizə dəxli yoxdur… Məsələ səmərəsiz menecment və ya hətta korrupsiya ilə bağlı ola bilər”.
Bununla belə, Paşinyanın sözlərinə görə, Ermənistan Rusiyadan qaz qiymətinə daha əhəmiyyətli dərəcədə endirim almaq istəyir.
“Əlbəttə, biz daha ucuz qaz almağa ümid edirik. Biz başa düşürük ki, bu, Ermənistan üçün eksklüziv olan qiymətdir. Amma biz daha eksklüziv qiymət istəyərdik. Bu məsələləri müzakirə edəcəyik və uğur qazancağımıza ümid edirik”, – baş nazir bildirib.