Ermənistanda analizə sidik əvəzinə çay verilsə də, laboratoriya sidik analizinin nəticələrini təqdim edib
Ermənistanın şəhər xəstəxanalarından birində laboratoriya əməkdaşları sidik əvəzinə çayı analiz edib və nəticə təqdim ediblər. Eksperimenti həmin tibb mərkəzinin yeni direktoru aparıb. Nune Avanesyan 8 aydır ki, tibb müəssisəsinə rəhbərlik edir.
O bildirib ki, keçirilən analizlərin keyfiyyəti ilə bağlı çoxlu şikayət daxil olduğu üçün öz əməkdaşlarının peşəkarlığını və vicdanını şəxsən sınağa çəkmək qərarına gəlib.
Tibb mərkəzinin direktoru görünüşünə və rənginə görə sidiyə oxşayan yaşıl çayı qaba doldurub, laboratoriyaya verib və “real” nəticə alanda çox təəccüblənib.
“Mən sidik üçün hazırlanan cavabı aldım, orada bütün komponentlər vardı – leykositlət, eritrositlər, epitellər. Bütün bunlar çayın tərkibində qətiyyən ola bilməz. Analizin nəticələri pielonefrit xəstəliyini göstərirdi” – Nune Avanesyan bildirib.
Laboratoriya əməkdaşları qeyd edirlər ki, “bu, hər kəsin başına gələ bilər”. Üstəlik onlar direktorun analizə yalnız çay vermədiyindən şübhələnirlər.
“Biz nə bilək, bəlkə də orda sidik də olub. Biz sınaq dovşanı deyilik. Bu nə deməkdir? Mən də mütəxəssisəm, müxtəlif laboratoriyalarda çoxlu çirkab tapa bilərəm” – laborantlardan biri qeyzlənib.
Xəstəxana direktoru xatırladır ki, bu mütəxəssislər insan sağlamlığı ilə işləyirlər. Direktor müavini isə etiraf edir ki, belə analiz nəticələri əsasında bir çox xəstələrə yanlış müalicə yazmış ola biləcəklərinin şokunu yaşayır.
Tibb müəssisəsinin direktoru Nune Avanesyan analiz cavablarını alandan sonra iclas çağırıb. 15 əməkdaşdan 8-i işdən getmək haqda ərizə yazıb.
Yeri gəlmişkən, tibb mərkəzinin direktoru bildirib ki, əməkdaşları yoxlamaq üçün qan analizi də verib. O, şəxsən üç müxtəlif adlar altında analiz verib və üç müxtəlif cavab alıb. Onun sözlərinə görə, üç nəticə bir-birindən o qədər fərqli olub ki, sanki həqiqətən də üç müxtəlif adam analiz verib. Artıq Səhiyyə Nazirliyi də insidentlə bağlı rəyini bildirib.
“Xəstəxana direktoru tibb mərkəzinin keyfiyyətini nəzarətdə saxlamaq üçün lazımdır. Bu eyni zamanda kreativ yanaşmadır”, – nazir Levon Altunyan bildirib.
Jurnalistlərin “laboratoriyalarda qeyri-peşəkarların işləməsi sizi narahat etmirmi?” sualına Levon Altunyan belə cavab verib: “Hər şey ola bilər”.