Ermənistan-Azərbaycan sərhədində atışma – ölənlər var
Yenilənib
14:35
Azərbaycan-Ermənistan sərhədində atışma baş verib, ölənlər və yaralananlar var.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Facebook səhifəsində yazıb:
“Azərbaycanın elan elədiyi “diversiya” sadəcə Azərbaycan cəmiyyəti üçün uydurulmuş yaxşı nağıldır. Bu, tamamən dezinformasiyadır. Ermənistan silahlı qüvvələri sadəcə Azərbaycanın təxribatlarına cavab verib, nəticəsini də özünüz görürsünüz. ”
Azərbaycan-Ermənistan sərhədində qoşunların təmas xəttində atışma baş verib, ölənlər və yaralananlar var. Hələlik dəqiq bəlli deyil ki, ilk olaraq kim atəş açıb və məhz nə qədər insan zərər çəkib – Ermənistandan və Azərbaycandan olan məlumatlar bir-birinə ziddir.
İnsident sərhədin Noyemberan və Qazax rayonları arasında baş verib.
1991-1994-cü illərdə Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsi – Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar uğrunda hərbi münaqişə yaşanıb. Hazırda münaqişə dondurulub, Dağlıq Qarabağ tanınmamış respublika statusundadır, silahlı qüvvələrin təmas xəttində isə vaxtaşırı olaraq atışmalar baş verir. Sonuncu ciddi gərginlik 2016-cı ildə – onlarla insanın həlak olduğu “aprel müharibəsi” və ya “dördgünlük müharibə” zamanı baş verib.
Bakıdan informasiya
Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, fevralın 24-də Ermənistan tərəfi qumbaraatan və digər iriçaplı silahlardan istifadə edərək diversiya həyata keçirməyə çalışıb. Azərbaycan ordusu cavab atəşi açıb.
Nəticədə bir Ermənistan hərbçisi öldürülüb, bir nəfər də ağır yaralanıb. Azərbaycanın sərhəd qoşunlarının əsgəri İbrahim Vəliyev də həlak olub – “Report” məlumat verib.
Yerevandan informasiya
Fevralın 23-də Azərbaycan silahlı qüvvələrinin Ermənistan ordusunun mövqelərini atəşə tutması haqda Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan Facebook səhifəsində yazıb.
“Nəticədə Ermənistan hərbçisi yüngül yaralanıb, onun həyati təhlükəsi yoxdur. Ermənistan tərəfinin cavab atəşindən sonra azərbaycanlılar atəşi dayandırıblar”, – Hovannisyan yazıb.