Ermənistan prezidenti baş nazirin istefasının və növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğu fikrindədir
Armen Sarqsyanın Ermənistan, Qarabağ sakinlərinə və erməni diasporasına müraciəti noyabrın 16-da gecə Ermənistan prezidentinin Facebook-da rəsmi səhifəsində yayılıb.
Prezidentin əsas mesajı – Ermənistanda yaranmış vəziyyəti “baş nazirin istefası və ya konstitusiyaya əsasən, səlahiyyətlərinin dayandırılması və növbədənkənar parlament seçkiləri” həll edə bilər.
Bu, Armen Sarqsyanın Qarabağda atəşin dayandırılması haqda üztərəfli sənəd imzalanandan dərhal sonra başlatdığı siyasi məsləhətləşmələrin yekun nəticəsidir.
Sənəd Ermənistanda qəzəb doğurub. Minlərlə insan və müxalifət hesab edir ki, baş nazir Paşinyan yolverilməz sövdələşməyə gedib və Dağlıq Qarabağın könüllü şəkildə Azərbaycana təhviil verilməsi haqda sənəd imzalayıb. Müxalifət hər gün baş nazirin istefası tələbi ilə etiraz aksiyası keçirir.
Armen Sarqsyanın təklif etdiyi daxili siyasi böhranın qarşısının alınması yolu sırf məsləhət xarakteri daşıyır. Ermənistan parlament ölkəsidir və prezidentin böyük səlahiyyətləri yoxdur. Buna görə də öz müraciətində prezident vurğulayıb ki, parlamentə daxil olan və olmayan qüvvələrin, diaspora, ictimai təşkilat nümayəndələrinin və tanınmış şəxslərin fikrini ifadə edir.
“Biz bizə sırınan müharibəni uduzduq, həm döyüş meydanında, həm də diplomatik və beynəlxalq arenada. Döyüşü uduzmaq olar, amma xalq kimi uduzmaq yolverilməzdir”, – prezidentin müraciətində deyilir.
Ermənistanın böhrandan çıxması üçün Sarqsyan xalqı birləşməyə, siyasətçiləri isə təmkinə və məsuliyyətə çağırıb:
“Aydındır ki, müharibənin dayanmasına baxmayaraq, Artsax Respublikası, Ermənistan Respublikası və bütün ermənistan xalqı yeni sınaqlar mərhələsinə qədəm qoyur və hər bir səhv faciəvi nəticələr verə bilər”.