Şərh: Yoluxanların sayının kəskin artması səbəbilə Ermənistanı bir həftə sonra fəlakət gözləyir
Bir həftə ərzində Ermənistanda səhiyyə sistemi yüklənmə səviyyəsinin son həddinə çatacaq və bundan sonra çökməyə başlayacaq, həkimlər artan axına xidmət göstərmək iqtidarında olmayacaq, səhiyyə mərkəzləri isə pasiyentləri prioritetlərə ayıracaqlar.
Bu haqda “Cənubi Qafqazın siyasi coğrafiyası” bloqunun müəllifi «Кавказский узел» onlayn-nəşrinin saytında yazıb.
Onun koronavirusa yoluxanlarla bağlı göstəricilərin analizinə əsaslanan proqnozuna görə, artan yüklənmə səbəbilə Ermənistanın bütün xəstəxana yatağı fondu koronavirus xəstələrinin reanimasiyası üçün ayrılmalıdır. Bu isə artıq xəstəxanaların daxilində xəstəliyin partlayışına və ölənlərin sayının artmasına gətirib çıxaracaq.
- Ermənistanın baş naziri: “Biz koronavirusun yayılması tempini dəyişməsək, iyunun 12-də artıq 20 min nəfər yoluxmuş olacaq”
- Ermənistanda yüngül koronavirus xəstələri sadəcə evlərində təcrid olunacaqlar
- Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artır, eyni zamanda ictimai nəqliyyat və uşaq bağçaları işləməyə başlayıb
Mayın 25-də Ermənistanda koronavirusla bağlı rekord statistika qeydə alınıb – sutka ərzində altı nəfər ölüb, 452 yeni yoluxma halı təsdiqlənib. Epidemiya başlayandan 87 nəfər ölüb, 7113 nəfər yoluxub, 3145 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Müəllif Ermənistandakı vəziyyəti mayın 22-i günün sonuna olan məlumatlara əsasən təhlil edib. Onun dəyərləndirməsinə görə, ölkədə 18.2 min yoluxmuş xəstə var (bu, rəsmi qeyd olunan rəqəmdən xeyli çoxdur), mayın 25-i günün sonuna qədər isə onların sayı 25,3 min nəfərə yüksələcək və bu rəqəm sutkada təxminən 12.5 faiz artacaq (koronavirusun təbii yayılma sürətinə yaxın).
“Bu o deməkdir ki, fəlakət artıq baş verib, cəmiyyət isə bu haqda hələ bilmir”, – müəllif yazır.
“Alınmayan… karantin yoluxma saylarının eksponensial yüksəlişinə gətirib çıxarıb, iqtisadi yüksəlişi saxlamağa kömək etməyib, amma səhiyyə üçün faciəvi nəticələrə gətirib çıxarıb, hansılar ki, bir həftə sonra gözümüzə görünəcək.
Yuxarıda təsvir olunanların qarşısını heç cür almaq mümkün deyil; amma nəticələrin böyüməsinin və getdikcə daha çox real görünən və iyunun sonunda tam real olacaq İtaliya ssenarisinə keçidin qarşısını almaq üçün təcili sərt karantin rejimi tətbiq etmək lazımdır”, – bloq müəllifi qeyd edib.
Eyni zamanda Ermənistan hakimiyyəti koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, martın 16-dan tətbiq edilən fövqəladə vəziyyət məhdudiyyətləri artıq aradan qaldırıb. Mayın 18-dən ölkədə ictimai nəqliyyat, mayın 20-dən isə uşaq bağçaları işləməyə başlayıb.
Daha əvvəl hərəkət məhdudiyyəti aradan qaldırılmış, demək olar ki bütün bizneslər: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər açılmışdı.