Erməni və türk iş adamları sərhədlərin açılmasına çağırırlar. Bunu gözləməyə dəyərmi? Şərh
Yerevanda erməni-türk biznes-forumu
Yerevanda Ermənistan və Türkiyənin işgüzar dairələrinin iştirakı ilə keçirilən ikigünlük biznes forumu fonunda Ermənistan cəmiyyətində Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və iki ölkə arasındakı sərhədin açılması ilə bağlı müzakirələr fəallaşıb.
Forumun yekunlarına əsasən, Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı ilə Van Ticarət və Sənaye Palatası birgə bəyanatla çıxış edib. Bəyanatda iki ölkənin iş adamları sərhədlərin açılmasına, sərhəd-keçid məntəqələrinin fəaliyyətə başlamasına və sərhədi keçmə prosedurlarının qarşılıqlı şəkildə sadələşdirilməsinə çağırırlar.
“Sərhəd-keçid məntəqələrinin açılması təkcə ticarətin stimullaşdırılması demək olmayacaq, həm də münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım olacaq, iki ölkənin xalqları arasında əlaqələrin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığa və qarşılıqlı etimadın formalaşmasına xidmət edəcək. Sərhədlərin açılması ticarət, investisiyalar, turizm və mədəni əməkdaşlıq baxımından regionun iqtisadi potensialının üzə çıxarılması üçün böyük əhəmiyyət daşıyır”, – bəyanatda deyilir.
JAMnews-a müsahibəsində politoloq Robert Gevondyan vurğulayıb: “Normal şəraitdə iqtisadi və ticarət əlaqələrinin inkişafı sərhədlərin açılması prosesinə ciddi təsir göstərə bilərdi, amma bizdə vəziyyət normal deyil”. O, xüsusilə Azərbaycanın müxtəlif, o cümlədən iqtisadi rıçaqlar vasitəsilə Türkiyəyə böyük təsirini nəzərdə tutur.
“Bəli, belə təşəbbüslər ən azı psixoloji səviyyədə müsbət impuls yaradır. Amma ciddi dəyişikliklərin baş verməsi üçün əvvəlcə siyasi məsələlər həll olunmalıdır. İlk növbədə isə Azərbaycanla münasibətlərin nizamlanması istiqamətində səylər cəmləşdirilməlidir”, – Gevondyan bildirib.
İş adamlarının birgə bəyanatının təfərrüatları, politoloqun şərhi.
- Ermənistan xarici işlər nazirinin müavini Türkiyədə keçirilən forumda: “Ermənistan Avropaya körpüdür”
- “Narazılıq eyhamı”: Ermənistanın xarici işlər naziri Antalyadakı diplomatik forumda iştirak etmir
- Ermənistan Türkiyə münasibətlərinin Bakısız normallaşması mümkündürmü: qiyabi Yerevan-Ankara debatları
Ticarət həcminin artırılmasından sərhədlərin açılmasına qədər: iş adamlarının birgə bəyanatı
Yerevanda keçirilən biznes forumunda iştirak etmək üçün Van Ticarət və Sənaye Palatasının 80 nümayəndəsi Yerevana gəlib. Görüş zamanı qarşılıqlı ticarət və investisiya imkanları müzakirə olunub, həmçinin işgüzar dairələrin birgə fəaliyyət perspektivləri qiymətləndirilib.
Kommersiya strukturlarının nümayəndələri biznes forumunu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və iqtisadi əməkdaşlığın inkişafı üçün “əhəmiyyətli addım” adlandırıblar:
“İşgüzar dairələr sərhədlərdən və siyasi fikir ayrılıqlarından asılı olmayaraq, qarşılıqlı anlaşma, etimad və ortaq iqtisadi maraqlara əsaslanan münasibətlərin inkişafına mühüm töhfə verə bilər. Hesab edirik ki, Türkiyə ilə Ermənistan arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı təkcə iki ölkənin biznes icmalarının deyil, həm də sərhədyanı bölgələrin, eləcə də Van və Yerevanın iqtisadi və sosial inkişafına mühüm töhfə verəcək”.
Onların fikrincə, sərhədlərin açılması təkcə ticarətin stimullaşdırılması baxımından həlledici əhəmiyyət daşımayacaq, həm də münasibətlərin normallaşdırılması yolunda mühüm addım olacaq:
“Van Türkiyə ilə Qafqaz arasında təbii ticarət və logistika körpüsünə çevrilə bilər. Van ilə Yerevan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi isə regional ticarətin inkişafına və iki xalq arasında qarşılıqlı anlaşmanın güclənməsinə töhfə verə bilər”.
3-4 sentyabrda Yerevanda Ermənistan və Türkiyənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə ikigünlük biznes forumu keçirilib. Forum Aİ-nin “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dəstək: transsərhəd əlaqələrin gücləndirilməsi” proqramı çərçivəsində baş tutub. Forumun məqsədi yeni əməkdaşlıq formatlarının axtarışı və etimadın möhkəmləndirilməsi üçün iki ölkənin biznes və dövlət qurumlarının nümayəndələrini bir araya gətirmək olub.
Şərh
Politoloq Robert Gevondyan hesab edir ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, iki ölkə arasında ticarət əlaqələri çoxdan qurulub. Lakin bu əlaqələr dövlət səviyyəsində deyil, biznes icmaları səviyyəsində mövcuddur.
O vurğulayır ki, hazırda münasibətlərin normallaşdırılması istiqamətində fəal iş aparılır və bu da öz növbəsində iqtisadi əlaqələrin daha da inkişafına şərait yaradır:
“Sərhədin açılması bu istiqamətdə daha böyük irəliləyiş üçün ciddi stimul ola bilər. Ümid edək ki, sərhəd tezliklə açılacaq və biz bunun nəticəsini görəcəyik”.
Gevondyan xatırladır ki, Türkiyə artıq Ermənistana birbaşa ixraca qoyulan qadağanı aradan qaldırıb:
“Türkiyə şirkətləri artıq Ermənistana ixrac üçün birbaşa gömrük bəyannamələri rəsmiləşdirə və mal sata bilirlər. Bunun sayəsində Ermənistan və Türkiyənin biznes strukturlarının vasitəçilərə ehtiyacı qalmayıb”.
Eyni zamanda, Gevondyan qeyd edib ki, malların daşınması Gürcüstan ərazisindən həyata keçirilir. Buna görə də Ermənistan-Türkiyə sərhədi açılanadək tranzit daşımalarına çəkilən xərclər qalacaq.
Politoloqun sözlərinə görə, indi sərhədin açılması gözlənilir. Bu, iqtisadi əlaqələrin inkişafında real sıçrayışa səbəb ola bilər.
Robert Gevondyan sərhədin konkret nə vaxt açılacağını proqnozlaşdırmaqda çətinlik çəkir. Lakin bunun “mümkün qədər tez” baş verəcəyinə ümid edir. Bununla yanaşı, o vurğulayır ki, sərhədin açılması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə də bağlıdır:
“Azərbaycan hesab edir ki, Türkiyə ilə sərhədin bağlı qalması Ermənistana təzyiq göstərmək üçün bir vasitədir. Azərbaycan bu vasitəyə artıq ehtiyac olmadığını düşündüyü anda Türkiyə ilə sərhəd, çox güman ki, açılacaq”.
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının bu prosesə təsirinə gəlincə, Gevondyan bu amilin həlledici olduğuna əmin deyil:
“Sülh sazişi imzalansa belə, Azərbaycanın türkiyəli tərəfdaşlarından sərhədi açmamağı xahiş etməsi ehtimalı var. Belə olan halda sərhəd açılmayacaq.
Digər tərəfdən, sülh sazişi imzalanmaya da bilər, amma Azərbaycan türkiyəli tərəfdaşlarından sərhədi açmamağı artıq xahiş etməyə bilər. Bu halda isə sərhəd açılacaq”.
Azərbaycanın Türkiyəyə təsirindən danışan ekspert aşağıdakı amilləri sadalayıb:
- Bakının Türkiyəyə milyardlarla dollar həcmində investisiyaları,
- Əliyevlə Ərdoğan arasındakı şəxsi əlaqələr,
- Azərbaycan və Türkiyə cəmiyyətlərindəki yanaşmalar.
“Türkiyə Ermənistandan Suriyaya humanitar yüklərin çatdırılması üçün sərhədi 10 gün müddətinə açanda Azərbaycan cəmiyyətində narazılıq yarandı və bu, Türkiyədə qərar qəbul edən dairələrə təsir göstərdi”, – o bildirib.
Gevondyanın sözlərinə görə, Türkiyə Azərbaycanın ona çox böyük təsir göstərdiyini gizlətməyə belə çalışmır:
“Müxtəlif səviyyəli görüşlərdə türkiyəli tərəfdaşlar açıq şəkildə deyirlər: “Sərhədin açılması ilə bağlı bizim problemimiz yoxdur, amma azərbaycanlı tərəfdaşlarımız buna qarşı olmamalıdırlar””.
Kontekst
Türkiyə 1991-ci ildə Ermənistan Respublikasını rəsmən tanıyıb. Lakin ölkələr arasında diplomatik münasibətlər indiyədək qurulmayıb. 1993-cü ildə Türkiyə Ermənistanla hava və quru sərhədlərini birtərəfli qaydada bağlayıb. Ermənistan Xarici İşlər Nazirliyinin saytında qeyd olunduğu kimi, hava sərhədi 1995-ci ildə “beynəlxalq ictimaiyyətin təzyiqi ilə” açılıb.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə bağlı danışıqlar ikinci Qarabağ müharibəsindən sonra fəallaşıb. Normallaşma prosesi ikitərəfli formatda aparılsa da, Türkiyə danışıqların gündəliyini Azərbaycanla razılaşdırır.
2021-ci ilin dekabrında Yerevan və Ankara münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa hazır olduqlarını bəyan ediblər. Ölkələr danışıqlara başlamaq üçün xüsusi nümayəndələr təyin ediblər.
2026-cı ilin əvvəlində Ermənistan mediası fevralın 1-dən Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılacağını yazırdı. Ermənistan və Türkiyənin xüsusi nümayəndələri bununla bağlı hələ 2022-ci ilin iyulunda razılığa gəliblər. Lakin bu razılaşma indiyədək həyata keçirilməyib.
Ermənistan tərəfdəki “Marqara” sərhəd-keçid məntəqəsi 2023-cü ilin dekabrından istismara hazırdır. Buna baxmayaraq, əldə olunan razılaşmalara rəğmən sərhəd bağlı qalır.
Eyni zamanda, vaxtaşırı müəyyən irəliləyişlər barədə məlumat verilir. Xüsusilə, 2026-cı il yanvarın 1-dən Ermənistan və Türkiyənin diplomatik, xüsusi və ya xidməti pasport sahibləri üçün viza verilməsi proseduru sadələşdirilib. Qonşu ölkədə 21 gündən çox qalmadıqları halda onlar elektron vizanı (e-visa) ödənişsiz əldə edə bilərlər.
Yerevanda erməni-türk biznes-forumu