“Dorian” qasırğası ABŞ-ı təhdid edir
Amerikanın Florida Ştatı sahilinə “Dorian” qasırğası yaxınlaşır – CNN xəbər verir. Bu qasırğanın gücü beş ballıq təhlükəlilik şkalası üzrə dörd bal kimi təyin edilib.
Metereoloqların dəyərləndirməsinə görə, “Dorian” 90-cı illərin əvvəllərindən bəri ABŞ-da görülən ən dağıdıcı qasırğa ola bilər. Onu indidən 1992-ci ildə baş vermiş, vurduğu ziyan 30 milyard dollara yaxın olmuş “Endryu” qasırğası ilə müqayisə edirlər.
Floridada yanacaqdoldurma məntəqələri və ticarət mərkəzləri təcili şəkildə bağlanır. Ərzaq mağazalarının piştaxtaları boşalıb – əhali təbii fəlakətin uzun müddətli fəsadlarına hazırlaşır.
“Dorianın” gəlişi ilə əlaqədar olaraq ABŞ prezidenti İkinci Dünya Müharibəsinin başlanmasının 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etməli olduğu Polşa səfərindən iştina edib.