Donald Tramp: "Mən stabil dahiyəm"
Yanvarın 5-də “Alov və qəzəb: Trampın Ağ evinin dəhlizlərində” kitabı satışa çıxarılıb. Bu kitabda jurnalist Maykl Vulf Trampın yaxın ətrafının onun haqqında nə düşündüyü və Ağ evin daxili həyatına dair daha əvvəl məlum olmayan təfərrüatlar haqda yazıb. Müəllif bildirir ki, kitab yüksək vəzifəli məmurlarla, ABŞ prezidentinin yaxın ətrafına daxil olan insanlarla və Trampın özü ilə 200-dən çox müsahibəyə əsaslanır.
Bütün başqa şeylərlə yanaşı kitabda Donald Trampın 2016-cı ildə ABŞ prezidenti seçkilərində qazandığı qələbə qarşısında çaşqınlığa düşdüyü haqda bəhs edilir. Vulfun sözlərinə görə, səsvermənin nəticələri elan olunduğu ilk bir saat ərzində Trampın qərargahında çaşqınlıq hökm sürüb, yeni seçilmiş prezidentin arvadı Melaniya isə məyusluqdan ağlayıb.
Kitabda Trampın yaxın ətrafının onu uşaq hesab etdiyi də bildirilir, çünki o, daima təsdiq və təşviqə ehtiyac duyur.
ABŞ prezidentinin keçmiş baş müşaviri Stiv Bennon Vulfa danışıb ki, prezidentin oğlunun – kiçik Donald Trampın rusiyalı hüquqşünas Nataliya Veselnitskaya ilə görüşünü xəyanət hesab edir. Bennon oğul Donald Trampa ictimaiyyət tərəfindən ciddi təzyiqə məruz qalacağı ilə bağlı xəbərdarlıq edib.
Amerika KİV-i həqiqətən də bu görüşdən xəbər tutdu və indi hesab edirlər ki, bu görüşün məqsədi o zaman seçkiqabağı kampaniya müddətində Trampın əsas rəqibi olan Hillari Klintona qarşı kompromat ötürmək olub. Hazırda xüsusi komissiya bu görüşlə bağlı araşdırma aparır, amma heç kimə qarşı rəsmi ittiham irəli sürülməyib. Donald Tramp artıq bildirib ki, “Alov və qəzəb” “yalan, saxta faktlar və yarım həqiqətlərlə doludur”. Onun hüquqşünasları kitabın satışının qarşısınnı almağa cəhd ediblər.