Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara görə Azərbaycanın və Ermənistanın yığma komandaları ev oyunlarını vətəndən uzaqda keçirməli olacaqlar. Hər iki münaqişə tərəfinin qonşusu olan Gürcüstan yığması da kənarda qalmayıb.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Millətlər Liqasının Azərbaycan və Ermənistan yığmalarının iştirakı ilə olan oyunları sentyabrın 27-dən başlayan silahlı münaqişə zonasının hüdudlarından kənara çıxarmaq qərarına gəlib. Hər iki ölkədə hərbi vəziyyət elan olunub.
Beləliklə, Ermənistan və Gürcüstan yığmalarının oktyabrın 11-də Yerevanda baş tutmalı olan oyunu Polşada keçiriləcək. Qonşu ölkələrin futbolçuları Polşanın Tıxı şəhərində meydançaya çıxacaqlar.
Azərbaycan yığması oktyabrın 13-də Bakıda Kipr millisini qəbul etməli idi. Amma oyun Albaniyaya keçirilib. İndi azərbaycanlılar və kiprlilər Albaniyanın Elbasan şəhərində güc yarışdıracaqlar.
Hər iki oyun tamaşaçısız keçiriləcək. Amma bu dəfə məsələ Ermənistan və Azərbaycandakı siyasi vəziyyətlə bağlı deyil. UEFA təşkilatçılığı ilə baş tutan bütün oyunlar koronavirus pandemiyasına görə boş tribunalarla keçirilir.
Dağlıq Qarabağda gərginliyin eskalasiyasından ziyan çəkən ilk komanda isə Ermənistanın “Ararat-Armeniya” klubu olub. Oktyabrın 1-də UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yerevan komandası Serbiyanın “Tsrvenı-Zvezdı” komandası ilə Kiprdə oynamalı olub. Həmin oyun 2:1 Serbiya klubunun xeyrinə bitib.