CNN telekanalı: Rusiyanın işıqlandırılmasının yeni qaydaları
John Greim / Getty Images
Amerikanın CNN telekanalı Rusiya haqqında istənilən materialların dərci üçün yeni qaydalar tətbiq edir. İndi onlar CNN-in efirinə və ya saytına ancaq şirkətin ali rəhbərliyinin sanksiyası ilə çıxarıla bilər, BuzzFeed onlayn nəşri xəbər verir.
Nəşrin məlumatına görə, bu qərara səbəb CNN saytında dörd gün əvvəl yerləşdirilən material olub. Burada söhbət ondan gedirdi ki, Trampın inauqurasiyasından dörd gün əvvəl onun seçki qərargahının əməkdaşlarından biri Rusiyanın Dövlət Birbaşa Sərmayələr Fondunun (kapital – 10 milyard dollar) rəhbəri Kirill Dmitriyevlə görüşüb.
Detallar hələ ki açıqlanmır, amma dərc bir sutka sonra CNN-in saytından silinib, şirkət isə məlumat verib ki, dərc peşəkar standartlara cavab vermirdi və Rusiya mövzusu ilə bağlı materialların yeni dərc qaydalarını tətbiq edib.
Xatırladaq ki, Tramp komandasının Rusiya ilə güman edilən əlaqələri hazırda Konqres və Ədliyyə Nazirliyi tərəfindən aparılan istintaq predmetidir. Üzə çıxarılan faktlar artıq prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinnin səs-küylü istefasına gətirib çıxarıb.