Cənubi Osetiyada vətəndaş cəmiyyəti fəalı Tamara Mearakişvili saxlanılıb
Avqustun 16-də Cənubi Osetiyada vətəndaş cəmiyyəti fəalı Tamara Mearakişvili saxlanılıb, onun Axalqori (Cənubi Osetiya məkanında Leniqor) şəhərindəki evində axtarış aparılır, “Exo Kavkaza” xəbər verir.
Mearakişvilinin qohumları telefonda “Exo Kavkaza”nın müxbirinə bildiriblər ki, istintaqçılar ekstremist ədəbiyyatı axtarırlar. Daha sonra əlaqə kəsilib, son mesaj “Cavab verə bilmirəm” olub.
Avqustun 16-də günün ikinci yarısında saxlanması haqda Tamara Mearakişvili özü xəbər verməyə imkan tapıb – saxlanma anında o, “Exo Kavkaza” internet media-portalına zəng vura bilib.
Mearakişvili bildirib ki, onu prokurorluğun müstəntiqi Alan Byazrov saxlayıb, heç bir sənəd təqdim etməyib və saxlanma səbəbini izah etməyib. Byazrov bildirib ki, saxlanma ilə bağlı order və əsaslandırma rayon prokurorluğuna gətirildiyi zaman ona təqdim olunacaq.
Tamaranın qızı “Netgazeti”yə danışıb:
“Anam Tbilisidən qayıdandan sonra evdə onu artıq maşın gözləyirdi. Onu mülki geyimli adamlar qarşıladılar, dedilər ki, o, saxlanılır və Axalqori milis şöbəsinə aparılacaq”.
Tamara özü ilə Tbilisidən bəzi ayın-oyun alıb gətiribmiş və onları evə qoymaq istəyib, amma ona icazə verməyiblər və hər şeyi, o cümlədən də yeni aldığı qazanları özü ilə götürməsini bildiriblər.
“Vəkilim yoxdur. Başıma gələnlərlə bağlı heç bir izahatım yoxdur və istəyirəm ki, bütün bunları elə indicə yayasınız”, – Tamara Mearakişvili telefonda “Exo Kavkaza”nın müxbirinə bildirib. Müxbir Tamara ilə danışığının bir hissəsini diktofona yaza bilib. Səs yazısını buradan dinləmək olar.
Tamara Mearakişvili daha əvvəl də dəfələrlə Cənubi Osetiya prokurorluğu tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Sonuncu dəfə onu avqustun əvvəlində “Exo Kavkaza”ya verdiyi şərhə görə dindiriblər.
İyunun 8-də şahidlərin bildirdiyinə görə, Mearakişvili Axalqori qəsəbəsindən oğurlanıb. Cənubi Osetiya DTK-nın əməkdaşları onu tutub avtomobilə basıb Sxinvaliyə aparıblar. Tamara bir sutkadan sonra azad edilmişdi.
İki həftə əvvəl Tamaranı yenə də prokurorluğa ifadə verməyə çağırıblar. Tamaranın danışdığına görə, onun vətəndaş mövqeyi və “Exo Kavkaza”ya müsahibə verməsi müstəntiqlərin xoşuna gəlmir.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır