Cənubi Osetiya parlamentinin spikeri bildirib ki, eyni zamanda Soros Fondu və DTK ilə çalışıb
Cənubi Osetiya parlamentinin spikeri Pyotr Qassiyev Gürcüstan hakimiyyətinin ona Cənubi Osetiya gənclərini ələ keçirmək üçün nə qədər pul təklif etməsi və bu planların necə pozulması barədə danışıb
Pyotr Qassiyev özünün Soros Fondunda fəaliyyəti barədə danışaraq, vurğulayıb ki, onun buradakı bütün fəaliyyəti Cənubi Osetiya Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyi altında keçib. Qassiyev onu da qeyd edib ki, özünün bu işi barədə şəxsən o vaxtkı prezident Eduard Kokoytıya məruzə edib.
Bu bəyanat təxminən iki həftə əvvəl başlayan polemikanın davamıdır.
Martın axırlarında keçmiş prezident özünün şəbəkədə yayılan müsahibəsində birmənalı şəkildə bildirib ki, Tatunaşvilinin işi Cənubi Osetiya hakimiyyəti tərəfindən planlaşdırılmış, Rusiyaya qarşı təxribatdan başqa bir şey deyil. Onda bu ittihamlara reaksiya verən parlament spikeri qeyd edib ki, Kokoytının bəyanatı ancaq gürcü hakimiyyətinin xeyrinə işləyir.
Qassiyev Kokoytının başqa bir bəyanatını da şərh edib: keçmiş prezident indiki spikeri Gürcüstan yönlü oriyentasiyasında ittiham edərək, onun Soros Fondu ilə əməkdaşlığını xatırladıb.
“Alçaltmaq lazım deyil, mən Soros Fondunda işləməmişəm, onu sədri olmuşam. Fondun əməliyyatı əvvəldən axıra qədər Dövlət Təhlükəsizliyi Komitəsinin, o cümlədən onun birinci müavininin rəhbərliyi altında keçib. İndi artıq bu haqda danışmaq olar”, – deyə spiker danışıb.
O əlavə edib ki, Soros Fondu harada işləməsindən asılı olmayaraq, yeganə bir məqsəd güdür – “lazım olan vaxt küçələrə çıxıb, çevriliş etmək üçün öz vaxtını gözləyən beşinci kolonun yaradılması”.
“Hələ o vaxt bunun baş verməməsi üçün DTX-nın qarşısında konkret bir vəzifə qoyulmuşdu. Aşağıdakılar baş verdi. Məlum olduğu kimi, inqilabın qarşısını ala bilmirsənsə, ona başçılıq etməlisən. Bu halda da belə oldu. Beşinci kolonun yaradılması, müstəqil jurnalist qrupları, dairəvi masalar, gürcü gəncləri ilə görüşlər üçün ayrılan bütün vəsait uşaq bağçaları, xəstəxanalar və başqa sosial tədbirlərə xərcləndi. Soros Fondunun Cənubi Osetiyada əməliyyatı iflasa uğradı, buna görə də müvafiq orqanlar tərəfindən minnətdarlıq bildirildi, – Qassiyev danışıb. – Kokoytının özü isə öz fərmanı ilə məni nə az, nə çox Cənubi Osetiya prezidentinin qeyri-hökumət təşkilatları və xarici missiyalarla iş üzrə dövlət müşaviri vəzifəsinə təyin etdi”, – deyə spiker bildirib.
O həm də Gürcüstanın o vaxtkı ən nüfuzlu siyasi xadimlərindən biri olan İrakli Okruaşvili ilə Qassiyevin prezidentin dövlət müşaviri təyin edilməsindən sonra baş verən görüşündən danışdı.
“Okruaşvili mənə 980 min dollar təklif etdi, bunun müqabilində mən nüfuzu olan, Gürcüstanda dövlət departamentlərinə rəhbərlik edə biləcək doqquz gənc adam seçməliydim”, – deyə spiker danışıb.
Onun sözlərinə görə, onun özünə DİN departamenti başçısı müavini olmağı təklif edirdilər.
“Onlar hər yerə yerli cavanları qoymağa hazırıydılar, nəticədə də onların fikrincə, adi inteqrasiya baş tutmalıydı, biz də ağrısız Gürcüstanın bir hissəsinə çevriləcəkdik. Bu görüş haqqında da, orada baş verənlər haqqında da Eduard Kokoytıya şəxsən özüm məlumat vermişdim”, – Qassiyev bildirib.
O həm də bildirib ki, ilk dəfədir ki, bu informasiyanı açır, çünki bununla bağlı “müvafiq sanksiyalar alıb”.
“Heç kim üçün sirr deyil ki, Cənubi Osetiya DTX-nın rəhbəri və ya onun birinci müavini həmişə Rusiya FTX nümayəndəsi olur. Buna görə də daha bir sualım var – Soros Fondunun casusu parlament spikeri oldu və heç kim heç nə bilmədi? Bununla da bu mövzunu bağlamaq istəyirəm”, – spiker deyib.
“Exo Kavkaza” radio stansiyasının efirində Cənubi Osetiya politoloqu Timur Sxurbati spiker Qassiyevin bəyanatını bu cür şərh edib:
“Düşünürəm ki, DTX-nın rəhbərliyi altında işləməsi ilə bağlı yalan danışmır. Okruaşvilinin ona təkliflər etməsi ilə bağlı sözlərə də inanıram, çünki özüm də qeyri-hökumət təşkilatlarında işləmişəm, bu cür təkliflər mən də almışam, amma məbləğ xeyli daha aşağı olub. Düzdür, DTX-nın rəhbərliyi altında işləməmişəm. Şəxsən mənə bu müsahibədə daha bir məqam xoş deyil. Belə bir köhnə deyim var – keçmiş DTX agentləri olmur.
Onda belə çıxır ki, bizdə DTX agenti parlamentə rəhbərlik edir? Yəni o, Cənubi Osetiya xalqına deyil, Rusiya DTX-na (FTX) işləyir? Rusiya bizim əsas tərəfdaşımız və müttəfiqimizdir.
Bunu heç kim danmır. Amma bununla belə, Rusiyanın maraqları, FTX-nın maraqları Cənubi Osetiya Respublikası xalqının maraqları ilə üst-üstə düşməyə bilər. Bunu nəzərə almaq lazımdır”.