Cənubi Osetiyada DİN rəhbərinə atəş açılıb, nazir zərər çəkməyib
Avqustun 17-də axşam naməlum şəxslər Cənubi Osetiya DİN rəhbəri İqor Naniyevin maşınını atəşə tutub. Sükan arxasında olan nazir zərər çəkməyib.
Baş Prokurorluğun məlumatına əsasən, hücum Sxinxalın şimal hissəsində, Moskva mikrorayonu yaxınlığında təxminən saat 21:30-da baş verib. DİN rəhbərinin xidməti “Niva” markalı avtomobili köhnə binanın xarabalıqlarında gizlənən naməlum şəxslər tərəfindən odlu silahdan atəşə tutulub. Güllələr avtomobilə dəyib, amma sükan arxasında olan nazir yaralanmayıb.
• Cənubi Osetiya və Şərqi Ukraynada Stalin hələ də yaşayır
• Abxaziya, Cənubi Osetiya, Pridnestrovye, Donbas Rusiya ilhaqına hazırlanır?
Hücum faktı ilə bağlı dövlət xadiminin həyatına sui-qəsd və qanunsuz silah daşıma maddələri ilə cinayət işi qaldırılıb.
Hələlik atəş açanların kimliyi məlum deyil. İstintaqçılar müəyyən ediblər ki, Makarov tapançasından atəş açılıb. İstintaqın hələlik səsləndirdiyi yeganə versiya sui-qəsdin Naniyevin peşə fəaliyyəti ilə bağlı olması yöndədir.

Hadisə Sxinvalda fəal şəkildə müzakirə olunur. Respublikada ümumi kriminogen vəziyyət kifayət qədər sakit olduğu üçün nazirə qarşı sui-qəsd həddən artıq diqqət çəkib.
Naniyevin adı ötən ilin oktyabrında Sxinval həbsxanasında məhbusların qiyamının sərt şəkildə yatırılması ilə bağlı anılır. Bundan sonra müxalifət onun istefasını tələb etmişdi.
Sosial şəbəkələrdəki bəzi osetin qruplarında sui-qəsd “səhnələşdirmə” və “tamaşa” adlandırılır. Amma buna çoxları inanmır – hər halda Naniyev özü sükan arxasında olub və çətin ki, özünü belə riskə atardı.
Bəziləri bildirirlər ki, hansısa naməlum səbəblərdən nazirə “xəbərdarlıq etmək” və “gözünü qorxutmaq” istəyiblər.
Yaşanan hadisədən sonra Naniyev respublika prezidenti Anatoli Bibilovla görüşüb. Onların arasında baş tutan söhbətin təfərrüatları haqda məlumat verilmir.