Böyük Britaniya parlamenti şəxsi məlumatlar və dezinformasiyanın yayılmasının qarşısının alınması sahəsində sosial şəbəkələrin siyasətini öyrənən hesabat təqdim edib. Facebook haqda çıxarılan nəticələr heç də təsəlliverici deyil, – İngiltərənin The Guardian nəşri məlumat verir.
Təqsiri təsdiqlənib
Hesabat müəllifləri bildirirlər ki, Facebook istifadəçilərin şəxsi məlumatlarını bilərək yayıb, rəqabət haqda qanunu pozub, feyk və ya yalan informasiya daşıyan akkauntları silməkdən imtina edib.
Facebook-un Böyük Britaniyadakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri bəyan edib: “Biz hesabat müəlliflərinin yalan informasiyanın yayılması və seçkilərə qarışılması ilə bağlı məsələlərdə narahatlıqlarını anlayırıq”.
Şəxsi məlumatların yayılması
Facebook mütəmadi olaraq istifadəçilərin şəxsi məlumatlarını digər şirkətlərlə bölüşməkda ittiham olunur. Kirayə ev axtarışı üzrə Airbnd xidməti, nəhəng seriallar istehsalçısı olan Netflix və Tinder tanışlıq xidmətləri də bu şirkətlər sırasındadır.
Seçkilərə müdaxilə və demokratiyanın nüfuzdan salınması
Hesabatda seçkilərə müdaxiləyə nümunə olaraq ABŞ-da Rusiya vətəndaşının 2016-cı il prezident seçkilərinə müdaxilə ittihamı ilə azadlıqdan məhrum edilməsi göstərilib.
Həmçinin qeyd olunub ki, Brexit lehinə Böyük Britaniyada aparılan kampaniya naməlum mənbədən (ehtimala görə Rusiyadan) maliyyələşdirilib.
Hər iki halda doğru olmayan və demokratik institutlara qarşı təxribatçı informasiyalar üçün sosial şəbəkədən istifadə edilib.
Xüsusi qanunvericilik və rəqamsal savad
Hesabat müəllifləri bildiriblər ki, təcili şəkildə sosial şəbəkələrin fəaliyyətini tənzimləyəcək xüsusi qanunlar qəbul edilməlidir. Bu qanunlarda etik kod mütləq olmalıdır. Onlar həmçinin ziyanlı kontentin yayılmasına görə də məsuliyyət daşımalıdır.
Bunlardan başqa hesabatda belə bir tövsiyə də yer alıb: “Rəqəmsal savad oxumaq, yazmaq və saymaqla yanaşı təhsilin əsas məqsədlərindən biri olmalıdır”.