BMT Təhlükəsizlik Şurası Rusiyanın vetosundan yan keçə bilər
The Guardian qəzetinə məlum olub ki, Qərb ölkələri – BMT Təhlükəsizlik Şurasının üzvləri Rusiyanın Kimyəvi Silahların Qadağası Təşkilatına (KSQT) Suriyada kimyəvi hücumun həyata keçirilməsində günahkar olan tərəfi ortaya çıxarmağa imkan verməyən qadağasını yan ötməyin mümkünlüyünü müzakirə edirlər.
Rusiyanın vetosuna görə KSQT və Təhlükəsizlik Şurası Suriyanın Duma şəhərində aprelin 7-də həyata keçirildiyi ehtimal olunan kimyəvi hücumun araşdırılmasının nəticələrini açıqlaya bilmir. ABŞ və müttəfiqləri artıq kimyəvi silah tətbiqində Suriya prezidenti Bəşər Əsədin qoşunlarını ittiham edib və Suriyanın bir neçə hədəfinə raket zərbəsi endiriblər.
BMT-nin Təhlükəsizlik Şurasının Rusiya vetosunu yan ötə biləcəyi prinsip məsələnin baxılması üçün BMT Assambleyasına ötürülməsini nəzərdə tutur. Əgər Təhlükəsizlik Şurasının 15 üzvündən 9-u bu addıma razı olsa, bu məsələ ilə bağlı səsvermə Baş Assambleyada həyata keçiriləcək, orada isə ölkələrdən heç birinin veto hüququ yoxdur.
Təhlükəsizlik Şurasında baxılmalı olan məsələnin Baş Assambleyanın ixtiyarına verilməsi 1950-ci ildə qəbul olunmuş “Sülh naminə birlik” qətnaməsinə əsasən mümkündür. Daha əvvəl Rusiya hakimiyyəti bəyan etmişdi ki, rusiyalı ekspertlər Suriyanın Duma şəhərində kimyəvi hücum izləri aşkarlamayıb. Rusiya yenə də ABŞ və müttəfiqlərinin kimyəvi hücumda günahlandırdığı Bəşər Əsədi dəstəkləyir.
Son zamanlar Təhlükəsizlik Şurası Suriya ilə bağlı qərar qəbul edərkən Rusiya 11 dəfə veto hüququndan istifadə edib.