Ermənistan, Yunanıstan və Kipr BMT Baş Assambleyasının sədrliyinə türkiyəli diplomatın namizədliyinin əleyhinədir
Ermənistan BMT Baş Assambleyasının sentyabrda işə başlamalı olan 75-ci sessiyasının sədrliyinə namizədin seçilməsi üzrə səsvermə keçirilməsini tələb edir. Eyni tələblə Yunanıstan və Kipr da çıxış edir.
Səbəb sədr kürsüsünə ancaq bir namizədin – türkiyəli siyasətçi və diplomat Volkan Bozkırın namizədliyinin irəli sürülməsindən ibarətdir.
Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyanın sözlərinə görə, bu, BMT tarixində “yeganə namizədin seçimi məsələsinin səsverməyə çıxarıldığı” ilk hadisə olacaq.
- Erməni soyqırımı: qurbanların nəvə-nəticələri 105 il sonra nəyi unuda bilmir və Türkiyədən nə tələb edirlər?
- Ermənistan Türkiyənin Qarabağ münaqişəsinin nizamlanmasında iştirakını yolverilməz sayır
Ermənistan XİN-in şərhi
Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məsələni şərh edib.
Onun sözlərinə görə, BMT-də mövcud olan coğrafi rotasiya prinsipinə əsasən, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Qərbi Avropa ölkələrindən seçilməlidir. Qrupda razılaşdırılan və irəli sürülən namizəd Türkiyə təmsilçisi Volkan Bozkırdır.
Təşkilat üzvü olan 193 ölkə arasından ancaq 3-ü səsvermə keçirilməsini tələb edib.
“Ermənistan, Yunanıstan və Kipr sükut prosedurunu pozaraq BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri Ticani Muhammed-Bandeyə məktubla müraciət ediblər və səsvermə keçirilməsini tələb ediblər. Vurğulamaq istəyirəm ki, hətta bir ölkənin tələbi ilə də səsvermə keçirilməlidir…
Ermənistan və Kipr müştərək məktub təqdim ediblər. Məktubda göstərilib ki, “Türkiyə regionda dominantlığa nail olmaq üçün vaxtaşırı olaraq BMT nizamnaməsini və beynəlxalq hüququ, o cümlədən də BMT sanksiyaları rejimini pozur və bütün regionda sülhü və təhlkəsizliyi təhdid edir”.”, – Anna Naqdalyan bildirib.
Ermənistan tərəfi məktubda Türkiyənin Ermənistana qarşı artıq 30 ildir ki, həyata keçirdiyi blokada, o cümlədən də “erməni soyqırımının təkzibi və hətta buna haqq qazandırılması siyasətini davam etdirdiyi” haqda da xatırladıb.
“Müştərək məktubda Ermənistan və Kipr vurğulayıblar ki, BMT Baş Assambleyasının sədri vəzifəsini əməlləri və yürütdüyü siyasət BMT normaları ilə və təşkilatın bəyan etdiyi dəyərlərlə səsləşən ölkənin nümayəndəsi tutmalıdır. Aydındır ki, Türkiyə bu meyarlara uyğun gələn ən yaxşı ölkə deyil”, – Ermənistan XİN mətbuat katibi bəyan edib.
BMT sədri necə seçilir?
Yeni sədr Baş Assambleyanın növbəti sessiyası başlayandan üç ay öncə seçilir.
Namizədlik regional qruplardan rotasiya prinsipi üzrə müəyyən edilir: Afrika, Asiya, Qərbi Avropa, Şərqi Avropa, Latın Amerikası, Karib hövzəsi və digərləri.
Seçki gizli səsvermə və səs çoxluğu ilə keçirilir. BMT Baş Assambleyasının 74-cü sessiyası 2019-cu il sentyabrın 17-də Ticani Muhammed-Bandenin (Nigeriya) sədrliyi ilə açılıb.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. Məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını JAMnews özündə saxlayır.