“Biz öz ərazimizdəyik” – Əliyev Ermənistanla sərhəd və Dağlıq Qarabağın statusu haqda
Azərbaycan prezidenti İlham Əliyev AzTV dövlət televiziyasına müsahibəsində bir sıra aktual regional problem haqda fikrini bildirib. Bu məsələlər arasında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi və Dağlıq Qarabağın statusu da var.
- Rusiya Azərbaycanla Ermənistanın qarşıdurmasında necə oynayır: Bakıdan şərh
- Kremldə görüş: Putin və Əliyev nə haqda danışıb?
- İlham Əliyev Qarabağda: “Biz daima bu torpaqda yaşayacağıq”
Minalı sahələrin xəritələri haqda
“Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib”, – Əliyev Azərbaycanın nəzarətinə keçən ərazilərdə aparılan işlər haqda danışıb.
“Müharibə qurtarıb, biz qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə barışıb, barışmalı olub, məcbur etdik. İndi mina xəritələrini verməməsi nə məqsəd güdür? Daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Bu, düşmənçilik deyil, nədir?” – o əlavə edib.
Ermənistanla dövlət sərhədi haqda
Azərbaycanl Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi məsələsə haqda danışdığı zaman prezident Əliyev Avropa Şurasının sədri Şarl Mişelin Ermənistana səfəri zamanı səsləndirdiyi sözlərini xatırlayıb:
“Şarl Mişel Yerevanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik.
Təbii ki, bu məsələ səfər zamanı müzakirə olundu və mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik”.
Dağlıq Qarabağ haqda
“…Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir.
Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur”, – jurnalistin Dağlıq qarabağın statusu haqda sualına cavab verərkən İlham Əliyev bildirib.
Dağlıq Qarabağın statusu haqda
Azərbaycan prezidenti Qarabağın Rusiya sülhməramlılarının yerləşdiyi hissəsində yaşayan sakinlər və bu ərazinin statusu məsələsi haqda da danışıb:
“Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir.
Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır – 25 min maksimum…
Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”
“Qoy lap beş Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm”
Dağlıq Qarabağın statusu haqda sözlərinə davam edərək İlham Əliyev deyib:
“Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü ildə – bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı.
Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur!
Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə. Bizim ərazimizə onlar 1828-ci ildən – 12-ci, 28-ci ildən sonra köçürülməyə başlamışlar. Onların orada yaşamaları üçün tarixi əsasları yoxdur. Biz indi, sadəcə olaraq, humanizm göstəririk, deyirik ki, etiraz eləmirik, deyirik ki, onlar bizim vətəndaşlarımızdır. Əgər o xunta başçıları o xalqa imkan versə, əminəm ki, onlar böyük məmnuniyyətlə Azərbaycan vətəndaşları kimi də yaşayacaqlar, çalışacaqlar, gələcəklər, gedəcəklər, o cümlədən iş dalınca gələcəklər, Ağdama da gələcəklər, Füzuliyə də, hələ bizdən xahiş edəcəklər. Ona görə status məsələsi, bax, bu qiymətə layiq olmalıdır.
Olmasa, başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox”.