Erməni hərbçinin Azərbaycanda əsirliyi davam edir. İki tərəfdən ekspert rəyi
Bakı iki erməni hərbçi haqda İnterpol vasitəsilə axtarış elan edib, onların adlarını əsir götürülmüş erməni zabit verib. Əsir götürülməsi əməliyyatını videoya çəkən azərbaycanlı hərbçilər vəzifələrindən azad ediliblər.
• Avropa Məhkəməsi saxlanılan şəxsin ölümünə görə Azərbaycanı 37 min avro cərimələyib
• Azərbaycan, yoxsa Səfərov: erməni hərbçinin qətlinə görə kim cavab verməlidir?
• Ermənistanda fövqəladə vəziyyət karantinlə əvəzlənəcək. Fərqi nədir və müxalifət niyə etiraz edir?
Azərbaycan ölkə ərazisində diversiya hazırlamaq cəhdində günahlandırılan iki erməni hərbçi haqda axtarış elan olunması üçün İnterpola müraciət edib. İnterpolun reaksiyası hələlik məlum deyil.
Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, bu məluumatı 2020-ci il avqustun 23-də təmas xəttinin Azərbaycan tərəfində saxlanılan erməni zabit verib.
Bununla yanaşı onu əsir götürən azərbaycanlı hərbçilər hərbi qulluqdan azad edilib. Onları saxlama əməliyyatı zamanı telefonla qanunsuz çəkiliş aparmaqda və bu görüntüləri sosial şəbəkələrdə yaymaqda günahlandırıblar.
Yerevanda diversiya hazırlığı ilə bağlı məlumatı təkzib edirlər və erməni hərbi əsirin təzyiqə məruz qaldığını bildirirlər.
Əsir götürülən erməni zabit nə danışıb?
Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan avqustun 23-də Azərbaycanın Goranboy rayonu ərazisində əsir götürülüb. Baş prokurorluğun məlumatına əsasən, o, etiraf edib ki, ona Azərbaycan ərazisində təxribatlar təşkil etmək, o cümlədən də partlayışlar törətmək tapşırığı verilib.
Baş Prokurorluqdan bildirilib ki, Alaverdyan komandiri Vazgen Vartanyanın əmrini yerinə yetirib və ona erməni hərbçi Armen Camalyan yardım etməliymiş.
Məhkəmə bu iki hərbçinin də həbsi haqda hökm çıxarıb, onlara qarşı Cinayət Məcələsinin beş maddəsi ilə cinayət işi qaldırılıb. Daha sonra onların haqqında beynəlxalq axtarış elan olunması ilə bağlı İnterpolun mərkəzi bürosuna sorğu göndərilib – Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Döyüş mövqeyində smartfonlar
Baş Prokurorluq iki erməni hərbçi haqda beynəlxalq axtarış elan olunması ilə bağlı İnterpola sorğu göndərdiyi müddətdə Azərbaycanın Müdafiə Nazirliyi də erməni zabit Qurgen Alaverdyanın saxlanılmasında iştirak edən 14 azərbaycanlı hərbçini xidmətdən azad edib.
Bundan başqa tağım və rota komandirlərinin də rütbələri kiçildilib.
Bu haqda ilk məlumatlar sosial şəbəkələrdə yayılıb və yalnız bundan sonra Müdafiə Nazirliyi informasiyanı təsdiqləyib.
Səbəb hərbçilərin döyüş mövqelərində smartfonlardan istifadə etməsi olub – Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib:
“Həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar”.
Bakıdan şərh
Hərbi şərhçi Asəf Quliyev JAMnews-a müsahibəsində:
“Artıq bir neçə ildir ki, Azərbaycan Dağlıq Qarabağda əsirlikdə olan iki vətəndaşını – Dilqəm Əsgərov və Şahbaz Quliyevi oradan qurtarmağa çalışır. Adi insanları diversant elan edib, uzun müddətə azadlıqdan məhrum ediblər.
Bu fonda erməni hərbçilərə qarşı cinayət işinin açılması və onların beynəlxalq axtarışa verilməsi Azərbaycana hüquqi presedent kimi lazımdır, baxmayaraq ki, böyük ehtimalla onların həbsi ilə nəticələnməyəcək.
Amma Qurgen Alaverdyanı əsir götürən hərbçilərin cəzalanması o qədər də doğru addım deyil. Bəli, onlar nizamnaməni pozublar və cəzalanmalı idilər. Amma nazirlik bu haqda jurnalistlərdən və blogerlərdən daha əvvəl məlumat verməli idi. Bununla cəmiyyətdə geniş müzakirənin və mənfi münasibətin qarşısını almaq olardı”.
Yerevandan şərh
Hərbi ekspert Karen Ohanesyan JAMnews-a müsahibəsində:
“Bütün bunlar Türkiyə modelinə oxşayır. Türkiyə əvvəlcə kürdləri diversiya cəhdində günahlandırır, sonra isə “cavab olaraq hərbi əməliyyatlara” başlayır.
Ermənistanda ən başından bildirildi ki, hərbçi yolunu azıb. Heç bir diversiya və ya hücum olmayıb.
İstisna deyil ki, beynəlxalq İnterpol ümumiyyətlə Azərbaycanın sorğusunu diqqətə almasın, çünki Ermənistan tərəfi hərbçilərin diversiya qrupunun üzvləri olmadığı haqda kifayət qədər əsas təqdim edib”.