Belarusda milisdə döyülərək öldürülən növbəti gəncə görə etiraz başlayıb
Dünən axşamdan Minskdə milis şöbəsində aldığı xəsarətlər nəticəsində həyatını itirən Roman Bondarenkonun ölümü ilə bağlı kor-təbii başlanan aksiya davam edir. Bu, iki aydan artıqdır ki, prezident Lukaşenkonun istefası tələbi ilə Belarusda davam edən mitinqlərdə beşinci ölüm hadisəsidir. Hakimiyyət etirazçılara qarşı repressiyaları sərtləşdirir.
31 yaşlı rəssam Roman Bondarenko Minskin təcili yardım xəstəxanasında reanimasiya şöbəsində keçinib.
Euroradio-nun məlumatına görə, Roman Bondarenko noyabrın 11-də axşam saxlanılıb. O həyətə çıxdığı zaman naməlum maskalı şəxslər ora gəlib və etiraz rəmzi olan ağ və qırmızı lentləri kəsməyə başlayıblar.
- Belarus prezidenti konstitusiyanı həbsxanada islahat edir
- Belarus: hakimiyyət repressiyaları gecləndirir və “islahat” təklif edir

Onlardan biri gəncə hücum edib və onu yerə yıxıb. Sonra onu mikroavtobusa atıb milis şöbəsinə aparıblar. Gecə döydükləri oğlanı koma halında oradan xəstəxanaya çatdıırıblar. Romana kəllə trepanasiyası ediblər, amma həyatını xilas etmək mümkün olmayıb.
Minsk milisindən daha sonra bildirilib Dəyişiklik Meydanındakı həyətə gələnlər “laqeyd olmayan vətəndaşlar” olub.
Roman Bondarenkonun xatirəsini anmaq üçün Dəyişiklik Meydanına minlərlə belorus gəlib.
Bu, Belarusda etirazlar müddətində ilk ölüm hadisəsi deyil – buna qədər ən azı dörd nəfər hakimiyyət tərəfindən zorakılıq nəticəsində həyatını itirib.
Belarusda etirazlar avqustun 19-dan, 26 ildir ölkəni idarə edən Aleksandr Lukaşenko növbəti seçkilərdə öz qələbəsini elan edəndən sonra başlayıb.