BBC Gürcüstanın "reyv-inqilabı" haqda film nümayiş etdirib
BBC teleşirkəti 2018-ci il may hadisələri haqda “Gürcüstan reyv-inqilabı” adlı film çəkib. Hadisələr zamanı xüsusi təyinatlılar Tbilisinin gecə klublarına reyd keçirmiş, ardınca da minlərlə gənc etiraz aksiyalarına çıxmışdı.
Filmdə liberal gənclərlə millətçilərin mühafizəkar qrupları arasında getdikcə daha da gərginləşən münaqişə əks olunub.
BBC-nin jurnalisti qeyd edir ki, Gürcüstandakı yeni klublar LGBT nümayəndələri üçün ən təhlükəsiz yerlərdir və çoxlu gənclər də orada rahatlanmaq üçün toplaşır. Liberal əhval-ruhiyyəli gənclər filmdə Gürcüstanda narko-siyasətin həddən artıq sərt olması, xüsusi təyinatlıların gecə klublarına basqını və gənclərin etirazlarının səbəbləri haqda danışırlar.
Filmdə millətçi qrupların mövqeyi də əks olunub. Onlar bildirirlər ki, “gürcü milli dəyərləri” uğrunda mübarizə aparırlar. “Gürcü marşının” lideri Sandro Breqadze bəyan edib ki, onun təşkilatının ideologiyası “Donald Trampın ideologiyasına” bənzəyir və gürcü sağ-mühafizəkar qüvvələrinin ideologiyası “xristian mədəniyyəti və ənənəvi dəyərlərə” əsaslanır.
Filmdə Gürcüstan Pravoslav Kilsəsinin proseslərdəki rolundan, o cümlədən də xarici qüvvənin – Rusiyanın təsirindən də danışılır. Transparency International Georgia qeyri-hökumət təşkilatının rəhbəri Eka Qiqauri jurnalistə bəzi millətçi təşkilatların Rusiya ilə əlaqələri, hətta onların Rusiyadan maliyyələşməsinin sənədli sübutları haqda danışır. Amma Sandro Breqadze müsahibəsində öz təşkilatının Rusiya ilə əlaqəsini qəti şəkildə rədd edir.