Batumi: xilasetmə işləri başa çatıb. 9 nəfər həlak olub. Matəm günü elan edilib
Batumidə oktyabrın 8-də yaşayış binasının uçması nəticəsində doqquz nəfər həlak olub. Bir sutka fasiləsiz davam edən xilasetmə işləri nəticəsində fəlakət anında mənzillərdə olan hər kəs tapılıb, axtarışlar dayandırılıb – daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə bildirib.
Ümumilikdə dağıntıların altından ikisi canlı olmaqla 10 nəfər çıxarılıb. Amma 36 yaşlı qadın dağıntılar altından çıxarılandan bir neçə saat sonra aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Yeganə sağ qalan şəxs xəstəxanada ağır vəziyyətdədir, süni nəfəs aparatına qoşulub.
Həlak olanlardan üçü uşaqdır.
Oktyabrın 11-də, bazar ertəsi Batumidə həlak olanların xatirəsinə Gürcüstanda matəm günü elan olunub.
Təmir zamanı təhlükəsizlik qaydalarının pozulması binanın uçmasına səbəb olub
Binanın uçması ilə əlaqədar üç nəfər hənbs edilib – birinci mərtəbədəki mənzilin sahibi və iki fəhlə. DİN-in məlumatına əsasən mənzildə tikinti və təmir işləri təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə aparılıb. Böyük ehtimalla məhz bu, 15 mənzilin yerləşdiyi altımərtəbəli binanın bir blokunun uçmasına səbəb olub.
Acara regionunun hökumət nümayəndəsi Tornike Rijvadze uçmuş binanın ətrafında insanların evakuasiyasının vacibliyi haqda bildirib. Sakinlər öz mənzillərinə inşaatçılar və geoloqlar binaların təhlükəsizliyini təsdiqləyəndən sonra qayıda biləcəklər.