Balıqların kütləvi tələf olması haqda video Azərbaycanda sosial şəbəkələrdə qalmaqal yaradıb
Kür çayı üzərindəki Mingəçevir su anbarının sahilində (Qafqazın ən iri su anbarı) çəkilən videoda sahilboyu suyun üzündə çoxlu ölü balıq leşinin üzdüyü görünür.
Bu videonun altındakı şərhlərdə sosial şəbəkə istifadəçiləri Ekologiya Nazirliyi və yerli hakimiyyəti ekoloji vəziyyətə nəzarəti itirməkdə günahlandırıblar.
Ekologiya Nazirliyi reaksiya verərək araşdırma aparacağını vəd edib. Su anbarında suyun tərkibi analiz edilib.
Suda heç bir infeksiya tapılmayıb, balıqların tələf olmasını isə günlərin çox isti keçməsi və balıqların tələf olduğu gün suyun temperaturunun 21 dərəcə olması, qələvi balansının pozulması və oksigen səviyyəsinin normadan az olması ilə (norma 6 mq/l olduğu halda 4-5 mq/l olub) izah edib.
Analizi Balıqçılıq Təsərrüfatı üzrə Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri aparıb. Onlar izah ediblər ki, balıqlar suda baş verən bu cür dəyişikliklərə məhz indi, kürü qoyan zaman – martın sonundan maya qədər xüsusilə həssasdırlar və son 10 ildə Azərbaycanda balıqların kütləvi tələfatı nadir hadisə deyil.
Çox vaxt bu hallar anormal istiləşmə və su göstəricilərinin pisləşməsi ilə bağlı olur.
Su anbarında Azərbaycanın ən böyük Mingəçevir Su Elektrik Stansiyası işləyir. 2018-ci ilin fevralında SES-də təmir işləri aparılıb – turbinlər və generator dəyişdirilib. Bu, ötən ildən bəri su anbarında baş verən yeganə dəyişiklikdir.
Amma nə mediada, nə sosial şəbəkələrdə heç kim SES-dəki təmiri balıqların tələfatı ilə əlaqələndirməyib.
Sosial şəbəkələrin bəzi istifadəçiləri anormal istiləşmə isahatı ilə qane olmayıb:
“Bəs yayda nə olacaq, balıqlar bişəcək?”
“Bu, brakonyerlərin işidir. Kürünü çıxarıb, valıqları da tullayıblar”.