Bakıda səs-küylü həbslər: koronavirus xəstəxanasına yerləşdirilmək neçəyədir?
Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatlara görə, Bakıda koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş iki əsas ixtisaslaşdırılmış xəstəxananın rəhbər şəxsləri həbs edilib. Həmin xəstəxanalara xəstələrin yerləşdirilməsi üçün rüşvət tələb olunduğu bildirilir. Xəstələrin və yaxınlarının sözlərinə görə, bu, çoxdan bəri hamıya məlum olan həqiqətdir.
- Bakıda sorğu: Açıq havada maska taxılmalıdır? – VİDEO
- Ermənistanda Covid-19-a qarşı vaksinasiya başlayır, preparatlar klinikalar üzrə paylaşdırılır
- Azərbaycanda iki vaksinin kombinasiyasının sinaqlarına başlanılır
Nə baş verib?
Baş Prokurorluqdan verilən məlumatlara əsasən, “Yeni klinika” tibb müəssisəsinin direktoru və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi korrupsiyada ittiham olunaraq həbs ediliblər.
“Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub”, – məlumatda deyilir.
Digər məlumatda qeyd olunur: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilib”.
Hər iki rəhbər şəxs və onların əlaltıları Cinayət Məcəlləsinin korrupsiyaya aid maddələri ilə ittiham olunaraq, barələrində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.
“Yeni klinika” və “Zığ mobul xəstəxanası”
Bakıda yerləşən “Yeni klinika” 2020-ci il mart ayının 28-də prezident İlham Əliyevin iştirakı ilə açılıb.
Tibb ocağı 575 çarpayılıqdır. Burada cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərir. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışır.
İyulun 6-da isə yenə də dövlət başçısının iştirakı ilə Bakının Zığ qəsəbəsində FHN-in modul tipli hospitalı açılıb. Bu tibb müəssisəsi 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var.
Xəstənin koronavirus xəstəxanasına yerləşdirilməsi neçəyədir?
JAMnews Bakıda adı çəkilən bu xəstəxanalara xəstələrin yerləşdirilməsinin qiymətini aydınlaşdırmağa çalışıb.
İdris adlı yerli sakinin sözlərinə görə, dekabrda 300 manata anasını Zığdakı modul tipli xəstəxanaya yerləşdirib.
“O vaxt koronavirusun ikinci dalğası yaşanırdı, xeyli xəstə var idi. Eşitmişdim ki, Zığdakı modul xəstəxanasına xəstə yerləşdirmək üçün haradasa 1200 manat rüşvət tələb olunur.
Tanış tapdım, məsələni 300 manata həll etdik. Amma xəstə yerinin boşalması üçün üç gün gözləməli oldum”, – o müxbirimizə bildirib.
Adının açıqlanmasını istəməyən tibb bacısı isə “Yeni klinika”dakı qiymətlər barədə danışıb:
“Sözün açığı, xəbərdə qeyd olunan 3000-3500 manat mənə çox aşağı qiymət kimi göründü. Çünki “Yeni klinika”ya xəstə yerləşdirilməsi daha baha qiymətə idi, göstəriləndən təxminən 3-4 dəfə çox. Çox yaxın tanışlıqla bəlkə də 3000 manata bu işi həll etmək olardı”.
Şərhlər
Sosial şəbəkələrdə koronavirus xəstəxanalarının rəhbərlərinin həbsi geniş müzakirə olunur. Xarakterik şərhlərdən bəzilərini diqqətinizə çatdırırıq:
“Xəstəxanaların 90% -i belə işləyir, guya ku, yuxarıdakıların bundan xəbəri yoxdur? Baş həkim keçmək üçün azı 100 000 rüşvət verirlər, ona görə də, belə işləyib, verdiklərini çıxarırlar”.
“Olan kasıblara olur. Pul verməyənə baxmırlar, tələf olub gedir”.
“Hərdən fikirləşirsən ki, gənc kadırlar yaşlılarla müqayisədə rüşvət almazlar, çünki gələcəkdə karyerasını qoruyub saxlamaq və başqa mətləblər var. Amma rüşvətxorluq bir bəla, bir virusdur – qocasına-gəncinə baxmır. İndiki pandemiya dövründə heç olmasa o xəstələrə yazığınız gəlsin”.