Bakıda pravoslav xristianlar Pasxa bayramını qeyd ediblər
Bakıda Pasxa
Bu gün çoxmillətli Bakıda pravoslav xristianların Pasxa Bayramı keçirilib.
Müqəddəs Pasxa günü – İsa Məsihin dirilməsi bu il pravoslav təqvimi ilə mayın 4-dən 5-ə keçən gecəyə təsadüf edib.
Azərbaycandakı xristianlar adətən bayramdan öncəki cümə günü kuliç bişirir, yumurta boyayırlar, şənbə günü onları kilsəyə aparır, şənbədən bazar gününə keçən gecə kilsədə dualar edir, Tanrı övladının zühurunu gözləyirlər.
Ötən gecə Bakıdakı Məryəm Ana – Müqəddəs Mövlud Pravoslav kilsəsində Pasxa ayinləri yerinə yetirilib.
Səhər saatlarından kilsəyə axın edən dindarlar dualar oxuyur, müqəddəslərin ikonları qarşısında şam yandırır, güllər düzür, onları şükranlıqla yad edirlər.
Bayram üçün hazırlanan təamlar kilsənin həyətindəki süfrəyə düzülür. Keşiş müqəddəs suyu insanların və süfrədəki nemətlərin üzərinə çiləyir, hər kəsin bayramını təbrik edir. Bu Pasxanın ən bilinən adətlərindən biridir.
“Bu suya keşiş Bibliyadan müxtəlif dualar oxuyur, Tanrıdan insanlar üçün xeyir-bərəkət və bağışlanma diləyir. İnanca görə, keşiş bu suyu üzərimizə çiləməklə bizim ruhumuzu təmizləyir. Bu gün bizim həm də orucumuzun son günüdür. Bu gün içki içmək, söyüş söymək günah hesab edilir”, – bayram ayininə qatılanlardan biri deyir.
Dini ayinlər bitdikdən sonra ziyarətçilər gətirdikləri şirniyyat, bayram payından ehtiyacı olanlara paylayır və ya sadəcə süfrədə qoyub gedirlər.
Kilsəyə gələnlərin ard-arası kəsilmir. İnanclılar hələ bu gün gecəyədək Pasxanı qeyd etməyə davam edəcəklər.